Eyruz Memmedov ve kitab

-Eyruz müəllim, sizin “Azəri” nəşriyyatı tərəfindən “Zöhra və Kənan” adlı romanınız çapdan çıxmışdır. Əsər İraqda gedən müharibədən bəhs edir. Bu mövzuya toxunmağınız nədən irəli gəlib?

-Mən bütün müharibələrin əlehinəyəm və onları lənətləyirəm. Atam ikinci dünya müharibəsinin iştirakçısı olub. Onun xatirələrindən, bədii, sənədli filmlərdən, kitablardan müharibənin bəşəriyyətə vurduğu ziyanın heç bir mənəvi və hüquqi çərçivəyə sığmadığını hamı kimi, mən də anlamışam, dərk etmişəm.
2004-cü ildə Amerika-ingilis qoşunları İraqa daxil oldular və dünyaya bəyan etdilər ki, bu ölkədə olan nüvə silahını ləğv etmək niyyətindədirlər. Əfsuslar olsun ki, bu, ağ yalan idi. Qərb dövlətlərini nüvə silahı yox, İraqın nefti maraqlandırırdı, buna da nail oldular. Əgər İraqda həqiqətən nüvə silahının olması Amerika administrasiyasını narahat edirdisə, onda Koreyada olan atom bombasının olması və hətta onu sınaqdan keçirməsi görəsən qərbi niyə narahat etmədi?

-Çünki Koreyada neft yoxdur.

-Doğru buyurursunuz. Amerikanın sabiq prezidenti Corc Buş öz yerini Barak Obamaya təhvil verəndən sonra mətbuat konfranslarının birində dedi ki, mənim prezidentlik dövrümdə səhvlərimdən biri İraqa qoşun yeritməyim olub. Onun etirafını qeyri-səmimi qəbul etdim.

-Əsərinizdə yəqin ki, Amerikanın İraqa qarşı yeritdiyi siyasət əks olunub, eləmi?

-Elədir. Məni bu mövzuya gətirən internet şəbəkəsində bir xronoloji kadr oldu. Amerika əsgərlərinin İraqda yerli əhaliyə qarşı amansız rəftarı. Adam bu səhnələri görəndə dəhşətə gəlir. İstər-istəməz yeni bir əsər yazmaq qərarına gəldim. Müharibənin dəhşətlərini, ağır və amansız döyüşlərini, dini və mədəni abidələrin qəddarcasına dağıdılmasını, ana və bacıların göz yaşlarına laqeyd münasibət bəsləmələrini, yerli əhalinin düşmənə qarşı necə şücaətlə müqavimət göstərməsini qələmə almağa çalışdım.

-Bunula belə, romanda məhəbbət motivləri güclüdür.

-Doğru buyurursunuz. Mənim ümumiyyətlə bütün poemalarım məhəbbət mövzusundadır. “Zöhra və Kənan” da istisna deyil. Burada iki gəncin saf və təmiz sevgisindən danışılır. Lakin qanlı müharibə buna mane olur. Romanda müharibənin fonunda insan taleyinin necə dəyişdiyini, dağıldığını, əziz insanlara qarşı xəyanətin, iki aşiqin faciəli həyatından geniş söhbət açılır.

-Müharibə şər qüvvədir, məhəbbət isə bəşəri mövzudur. Minilliklərdir ki, xeyirlə-şər arasında mübarizə gedir. Kim qalib gələcək?

-Bu sualın konkret cavabı yoxdur. Dünya durduqca müharibələr səngimiyəcək. İnsan şüurlu olsa da, onun beyin qatlarında elə impulsiv neytronlar var ki, insanın bütün həyatını, xarakterini, hərəkətlərini özünə tabe elətdirir. Onların həyat mənbəyi qandır, insan ölümüdür, göz yaşlarıdır. Var dövlət, hegemonluq hərisliyidir. Onlar bununla zövq alırlar. Afrikada Pol Pote rejimini yadınıza salın. Bu adam insanları diri-diri timsahlara yem verirdi və bundan həzz alırdı. Alman faşizmini xatırlayın. İnsanları “Osvensim”, “Buhenvald” düşərgələrində diri-diri sobalarda yandırırdılar. Bunu edənlər iblis donuna girmiş şər qüvvələri deyildimi? Çox vaxt insan zəkası aqressivliyə meyl edir. Müxtəlif bioloji, kimyəvi silahlar icad edir. Bu silahlar da insan tələfatına gətirib çıxarır.Məgər insan zəkası xərçəngin,şəkərin,qiçsin, hepatitin və sair xəstəliklərin qarşısını ala bilməz?

-Demək istəyirsiniz ki, insan zəkası ancaq aqressivliyə xidmət edir?

-Elə deməzdim. İnsan proqressivliyə can atır. Yeni texnologiyalar icad edir. İnternet buna sübutdur. Bununla belə, əgər biz deyiriksə xeyirlə-şər daima mübarizədədir, demək, aqressiv və proqressiv qüvvələr arasında da mübarizə gedir. Mən ikincilərin tərəfini müdafiə edirəm, birincilər insanları fəlakətə, müharibəyə sürükləyir. İraqda aparılan müharibə buna misal idi. Məgər iraqlılar dinc, əmin-amanlıq şəraitində yaşamaq istəmirdilər? Oğluna toy etmək istəyən atanın evinə tabud gəlir. Buna nə ad vermək olar? Aqressiv qüvvənin istəyi və qəddarlığı. Mən müharibəyə nifrət edirəm.

-Siz İraqda gedən müharibədən roman yazmısınız. Axı, Azərbaycan da müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizi düşmən tərəfindən işğal olunub. Qarabağla bağlı yeni əsər üzərində işləmək fikriniz varmı?

-Bu məsələ məni çox düşündürür. Mən 28 ildir ki, 1988-ci ilin fevral ayının 28-29-da Sumqayıtda baş verən hadisələrin tədqiqatçısıyam. 10-yaxın kitabım nəşr olunub. Üç sənədli filmin ssenari müəllifiyəm. Bu filmi çəkmək üçün 4 il Moskvada, Sank-Peterburqda, Smolenskdə, Xarkovda, Stavropolda, Budyonovskda olmuşam. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi bürosunun üzvlərindən təxminən 70 faizi ilə görüşlərim olub. Mən hələ tanınmış demokratları, politoloqlarI, jurnalistləri demirəm. Bilirsiniz biz Qarabağ müharibəsinin üst tərəflərini görürük. Alt qatlarda nələr baş verdiyindən bixəbərik. Məndə bəzi məlumatlar var ki, bu qatların açılmasına xidmət edə bilər. Lakin bununla kifayətlənmək istəmirəm. Araşdırmalarımı davam etdirirəm. Gələcəkdə yazacağım pomanımın həqiqiliyinə oxucular tərəfindən inanmasını istəyirəm.

-Qayıdaq “Zöhra və Kənan” romanına. Müharibə və məhəbbət. Romantik məhəbbət məcarasından da yaza bilərdiniz. Topsuz-tüfəngsiz. Qansız-qadasız.

-Mən qeyd elədim ki, müharibələri lənətləyirəm. Müharibə baş verirsə, bu o demək deyil ki, insanların ülvi hissləri ölür, daşlaşır, əksinə, sevgi öz gücünü, saflığını, əbədiliyini sübut edir. Hətta məhəbbətin sonluğu faciə ilə bitsə belə. Həyatda ümidsizliyə qapılmaq gərək deyil, əksinə, ümidli olub öz məhəbbətini axtarıb tapmalı, qorumalı, yaşatmalısan. Əfsuslar olsun ki, bu çox vaxt insanın özündən asılı olmur. İctimai mühit, dövlətlərarası intriqalar, müharibə insan taleyini çox dəyişir. Belə bir mühitdə məhəbbəti qorumaq olduqca çətindir.

-Zöhra obrazı haqqında danışsanız pis olmazdı.

-Məmnuniyyətlə. Bu cavan qız olduqca saf, istiqanlı və kövrək bir qızdır. Bununla belə, qəlbində illərlə yığılıb qalmış, ata-anasının ölümünə səbəb olmuş bir qrup insanlara qarşı bir nifrət, mən deyərdim, qisasşılıq alovu ilişib qalmışdı. Qarşısına Kənan çıxmasaydı, bu alov onun özünü məhv edəcəkdi. Zöhra nə qədər mülayim və mehriban olsa da, bir o qədər cürətli və qorxmazdır. Gözəl arzularla yaşayır. Şirin xəyallara qapılır. Lakin həyatın amansız qanunları da var. Hadisələr iki gəncin qarşılıqlı məhəbbəti ilə başlasa da, sonluqda gənc qızın faciəsi ilə bitir.

-Sizin əsərinizdə, əgər belə demək mümkündürsə, “qəhrəman”lardan biri də Əl-Fəlluca şəhəridir. Bu şəhər yazdığınız kimi yerlə-yeksan edilmişdir.

-Sizin sualınıza əsərin obrazlardan biri olan norveç jurnalistinin sözü ilə cavab vermək istəyirəm. “Bu şəhər mənə Stalinqradı xatırladır. Universitet illərində həmin döyüş səhnələrinin xronikasını görmüşdüm. Sonra internet vasitəsilə dəfələrlə baxdım. Əl-Fəlluca Stalinqrad olmasa da, hər halda həmin şəhəri xatırladır”. Amerika-ingilis qoşunları İraqa daxil olanda Əl-Fəlluca şəhərində böyük bir müqavimətə rast gələcəklərinə inanmırdılar. Şəhərə üç dəfə hücum təşkil edildi, hər üçündə də iraqlılar düşmənləri şəhərə girməyə qoymadılar. Bu, iraqlıların fədakarlığından, mübariz olduqları haqqında çox çey deyir.

-Mütalə edirsinizmi?

-Bəli. Bir neçə ay ərzində Sevindik Mehmanın “İşğal” epopeyasını, türk yazıçısı Əlif Şəfəqın “Eşq” romanını və “Van Qoqun qardaşı Teoya yazdığı məktublar”oxumuşam.

-Razı qaldınızmı?

-Bəli. Bilirsiniz hər bir kitab istər maraqlı, istərsə də zəif olsun, fərqi yoxdur, əgər həmin əsərdə xırda bir detal insanı düşündürə bilirsə, demək həmin kitabı qiymətləndirmək olar. Hamıya balta çalmaqla uğur qazanmaq mümkün deyil. Oxucunun zövqü və seçimi var. Onun daxili aləminə, hisslərinə və duyğularına hansı əsər cavab verirsə, bizdən soruşmadan kitab mağazasından istədiyi kitabı alacaq.

-Son vaxtlar bədii ədəbiyyatda vulqar sözlərə, hətta ədəbziz ifadələrə rast gəlirik. Sizin münasibətinizi bilmək istərdik.

-Yaralı yerimə toxundunuz. Dünya klassik ədəbiyyatını kifayət qədər oxumuşam, onlardan bəhrələnmişəm. Onların yaradıcılığında sözə qiymət, hörmət, etika görmüşəm. Nədir, məgər onların əsərlərində küçə söyüşlərinə və yaxud ifrat dərəcədə insanın hisslərinə toxunan və qıcıqlandıran söz və ifadələrə rast gələ bilərsiniz? Yox! Təəssüflər olsun ki, Avropa ölkələrinin müasir yazıçılarının bir çoxunda bu əxlaqsızlıq deyimlər çox işlənir. Həmin kitablar azərbaycan dilinə tərcümə olunur. Bu xoşagəlməz hal bizim ədəbiyyata da keçib. Bəzi yazıçılarımızın əsərlərində bunu görmək mümkündür. Ədəbiyyatımız əxlaqi keyfiyyətlərimizin qorunmasına xidmət etməlidir. Fikir verin, bir tərəfdən deyirik ki, Avropa standartlarına uyğun yaşamalıyıq, digər tərəfdən deyirik ki, Avropa standartları bizə lazım deyil, çünki əxlaqımızı pozur. Əgər bu belədirsə, niyə yaxşını qoyub pisi təbliğ edirik? Pasqalın gözəl bir kəlamı var: “Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır. Onunla tez-tez məsləhətləşmək lazımdır”. Mənə elə gəlir ki, ədəbiyyatımıza əxlaqsızlığı gətirənlər hərdən öz vicdanları ilə üz-üzə dayanıb ondan məsləhət almalıdırlar.

-Dediyiniz kimi ədəbiyyata əxlaqsızlıq gətirilisə, belə çıxır ki, sözün qiyməti aşağı düşür?

-Söz heç bir vaxt qiymətdən düşə bilməz. Onu hörmətdən salanlar var. Söz hikmətdir, kamillikdir, zirvədir. Qətran Təbrizinin gözəl bir kəlamı var: “Söz ruhun ölçüsü, ağıl sözün tərəzisidir”. Ədəbiyyatımıza “vulqarizm” cərəyanını gətirmək istəyənlər görünür mizan tərəzini itiriblər.

-Bir gün Leninə xəbər verirlər ki, Vatikanın kitabxanası yanır. Lenin belə cavab verir: “Əgər siz Viktor Hüqonun “Səfillər” romanını xilas etmiş olsanız, deməli, bütün kitabxananı xilas etmiş olursunuz. Siz hansı kitabı xilas edərdiniz?

-“Qurani Kərimi”.

-Gənclərimiz dinə çox meyl edirlər.Buna necə baxırsınız?

-Bunu alqışlamaq lazımdır. İslam dini elm və məktəb, tərbiyə və əxlaqdır. İnsan öz həyatını bu prinsiplər əsasında qurmalıdır. Təəssüflər olsun ki, bunu hamı dərk etmir. Bəzi adamlar bildilər, bilmədilər “Qurani Kərim”də olmayan sözləri və yaxud ufadələri bu müqəddəs kitabdan sitat gətirdiklərini söyləyirlər. Onların səmimiliyinə inanmıram. Belə yanaşma düzgün deyil. Bu, “Qurani Kərim”ə, İslam dininə hörmətsizlikdir.

-Bu gün İslam dövlətləri alov içindədir.

-Doğrudur. İslam dini dünyada inkişaf etməkdədir. Bu da bir çox qərb dövlətlərini narahat edir. Müəyyən qüvvələr var ki, ən yüksək dairələrdə İslamın dünyada nüfuzunu azaltmaq üçün təxribatlar yaradır, çirkin təbliğatla məşğul olurlar. Vaxt gələcək İslamı qəbul etməyənlər günah işlətdiklərini başa düşəcək və İslamı qəbul etməyə məcbur olacaqlar. Buna tam əminəm. Fikir verin: Fransada gənclərin əksəriyyəti kəbin kəsdirərkən müsəlmançılığı qəbul edirlər. Bu da Fransa hökumətini ciddi narahat edir.

-“Zöhra və Kənan” romanında da dinlərin qarşılaşması motivlərinə rast gəlmək olur.

-Elədir. Əsərdə xristian qızı Cenni azərbaycanlı Kənana rast gəlir və ona vurulur. Burada qəribə bir şey yoxdur. Bundan əlavə romanda dinlər qarşı-qarşıya qoyulmur, əksinə, hər bir dinə hörmətlə yanaşılır. Bunu əsərin qəhrəmanlarının dilindən də eşitmək olar. Hətta onlardan biri deyir ki, mənim dinim dostluqdur, qardaşlıqdır.

-Hal-hazırda nə üzərində işləyirsiniz?

-Romanımın birini nəşriyyata təhvil vermişəm. Yeni əsər üzərində işləyirəm, qurtarmaq üzrəyəm.

-Yəqin ana xəttini məhəbbət təşkil edir, eləmi?

-Düz tapmısınız.

-Oxucu məktubu alırsınızmı?

-Bəli.

-Nə yazırlar?

-Çoxlarını əsərlərin qəhrəmanlarının taleyi maraqlandırır. Türkiyədən Almaz Səmatürk məktubunda“R.S.” romanımın ikinci hissəsinin yazılmasını xahiş edir.

-Yerinə yetirəcəksiniz?

-Mən həmin xanıma cavab yazmışam. Romanlarda yaratdığım qəhrəmanların sonrakı taleyini çox vaxt oxucuların ixtiyarına buraxıram. Bununla mən oxucuları düşünməyə, qəhrəmanların həyatına düzgün yanaşmalarını istəyirəm. “Nə üçün? Necə? Niyə?” suallarına özlərinin cavab tapmasını istərdim.

-Yazanda köməyinizə nə gəlir?

-Hər bir yazarın müxtəlif yanaşmaları var. Gülməli olsa da, klassiklərdən birinin həyatından misal çəkmək istərdim. Məşhur fransız yazıçısı Dodo əsərlərinin çoxusunu həyat yoldaşı ilə mübahisə edəndən sonra yazırmış. Balzak isə Motsart və Betxovenin əsərlərinə qulaq asandan sonra ilhama gəlirmiş. Hemunquey ovdan qayıdandan sonra əlinə qələm alırmış. Bəzi yazıçılar təbiətlə təmasda olandan sonra masa arxasına keçir, bəziləri qəhvə və yaxud çay içir. Çoxlu misallar çəkmək olar.

-Spirtli içkiləri unutdunuz.

-Bəli, belələri az deyil.

-Bəs sizi ruhlandıran nədir?

-Sualınızı Hötenin bir fikri ilə cavablandırmaq istəyirəm. Dahi yazırdı: “Mən musiqiyə qulaq asdıqdan sonra daha yaxşı işləyə bilirəm”.

-Sirr deyilsə, daha çox hansı musiqiyə üstünlük verirsiniz?

-Burada elə bir sirr yoxdur. Azərbaycanın lirik musiqisi ruhumu təzələyir, beynimdə olan yad fikirləri uzaqlaşdırır, yorğunluğu canımdan çıxarır. Məhz bundan sonra cümlələr biri-birinə cilalanır.

-Bir məsələdə fikrinizi bilmək istərdik. Ədəbi mühiti izləyirsinizsə, yazarlar arasında ikitirəliyin yarandığını hiss edərsiniz. Qısqanclıq, paxıllıq baş alıb gedir. Bu haqda nə deyərdiniz?

-Mən bütün sahələrdə sağlam qısqanclığın tərəfdarıyam. Bilirsiniz xalqın gözü tərəzidir, yaxşını pisdən seçməyi bacarır. Çox vaxt yaxşılar abır-həya edib kənara çəkilirlər, hörmətdən düşmək istəmirlər. Əks tərəf isə ancaq özünü düşünür, yeri gələndə utanmadan, çəkinmədən başqalarını ədalətsiz şəkildə təhqir edir, alçatmağa çalıçır. Burada müdriklərimizin sözü vacibdir. Tarixdə belə bir hadisə olub. Turgenev Tolstoyu duelə çağıranda bunu Hekrasova xəbər verirlər. Bilirsiniz ki, Nekrasov “Sovremennik” jurnalının redaktori idi və ədəbi mühütin ağsaqqalı sayılırdı. O, bu xəbəri eşidən kimi ətrafında olan bir neçə yazıçını götürüb Turgenevlə Tolstoyu barışdırmağa gedirlər. Nekrasov orada belə bir söz işlədib: “Sizin hər biriniz Rusiyanın nəhəng yazıçılarısınız. Dueldə biriniz ölsəniz, Rusiya xalqı öz böyük yazıçılarından birini itirə bilər”. Bu sözdən sonra iki böyük yazıçı öz səhvlərini başa düşüb, barışırlar. Şükürlər olsun ki, bizdə duel yoxdur, amma paxıllıq, acı dil var. Mənə elə gəlir ki, hər bir kəs öş işinə cavabdeh olmalıdır. Başqasının işinə qarışmaq düzgün deyil. Şərəf və ləyaqəti alçaltmaq isə Allah qarşısında günahdır.

-Gənclərə nə oxumağı məsləhət görərdiniz?

-Dünya klassik ədəbiyyatını. Əgər hər hansı bir gənc intelektual sahibi olmaq istəyirsə, öz mənəvi dünyasını zənginləşdirmək fikrindədirsə mütləq çoxlu mütaliə etməlidir. M.Qorki deyib: “Həmişə öyrənməli, hər şeyi bilmək lazımdır. Nə qədər çox bilsən, bir o qədər güclü olarsan”.

-Həyatınızda hansı prinsipləri əsas tutursunuz?

-Yaxşıya yaxşı demək lazımdır, pisə pis. Bundan əlavə aşağıdakı şüar həyatımın əsas prinsipini təşkil edir. “Çox oxu, çox gəz, çox eşit, düzgün qərar qəbul et!”

-Sevdiyiniz yazıçı və şair kimdir?

-Dostayevski və Şəhriyar.

Müsahibəni apardı:

Arif Ərşad,
Azərbaycan Yazıçılar Birliyinin üzvü