m

İnsan ömür kitabına yazılan hər ili bir cür əzizləyir. Düzdür, bəzən kimsə, hardasa ömründən müəyyən zaman kəsiyini sinif otağındakı lövhəyə yazılmış səhv misal kimi silmək istəyir. Lakin, bu silinməyi arzulanan zamanlar heç vaxt bir il qədər möhtərəm ola bilməz. İllər haqqındakı fəlsəfəyə məni kökləyən dayandığım pillələrdi. Azərbaycan Dövlət Aqrar Universitetinin pillələri. Ömrümün neçə ilini bu pillələrdə addımlayaraq möhtərəmliyə çatdırmışam, onu hesablamaq istəyirəm. Tələbə kimi ürkəkcəsinə çıxdığım pillələri müəllim olaraq şəstlə addımlayacağam deyə düşünmüşdüm bu təhsil ocağına dərs deməyə gələndə. Lakin, olmadı… İllərin qoynunda oxşayaraq böyütdüyü həyəcanlar məni tərk eləmədi. Bu gün də sinif otağının qapısını çəkinə-çəkinə açıb içəri girirəm. Tələbələrin üzündəki mənə tanış ifadələr də illərin o üzündən bəri köhnə və dəfələrlə oxuduğum kitab kimi qarşıma çıxır. Onların hər dərs qabağı, hər imtahan öncəsi yaşadıqları dilsiz-ağızsız titrəyişlər bir müəllim kimi məni də doğma universitetin açıq pəncərələrinə doğru “qovur”. Burda, açıq pəncərədən görünən həyətdəki ağaclarla da doğmalaşmışıq artıq. Bura mənim dünyamdır…
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ötən il Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində “Azərbaycandan kənarda təhsil almış məzunlar” təşkilatının hazırladığı “Azərbaycanda ali məktəblərin reytinq cədvəli”nə əsasən Gəncə şəhərində yerləşən ali məktəblər arasında birinci və respublikada fəaliyyət göstərən universitetlər arasında yeddinci yerə layiq görüldü. Mənsə, düşüncəmdə və uğurlarımda başqa bir cədvəl yaratdım; həyatı tanımağımda, elmin uşaqkən mənə keçilməz görünən yollarında inamla addımlamağımda, bu gündən sabaha gedən cığırın başındakı naməlumluğu yenib aydın fikirlərlə müəllim ömrü yaşamağa başlamağımda, tələbələrimin hər birindən gördüyüm dostyana ərki, qarşısında gözlərimi dörd açıb bildiyindən bir damcı “oğurlamağa” cəhd etdiyim professor-müəllim kollektivinin bir üzvü olmağımda hansı zamana və məkana minnətdar olduğumun cədvəli. İçimdəki bu şükranlıq duyğusuyla baxışlarım yenə “Azərbaycan Dövlət Aqrar Universiteti” yazılmış lövhədə qərar tutdu. Mənim ömrümün bundan sonrakına ürəklə addımlamağımı qazandığım zamanım və sevimli məkanım elə buradır!
Hər il, müntəzəm olaraq keçirilən dövlət əhəmiyyətli tədbirlərdə, tarixi günlərin, milli bayramların qeyd edildiyi vaxtlarda da hələ tələbə vaxtından aktiv iştirakçı olmuşam. Bu, doğma universitetimin mənə üzüyuxarı addımladığım pillələrinin ərməğan etdiyi özgüvən duyğusudu. İllər sevimli məkana kürəyini söykəyib bu özgüvənimi də böyütməyi bacarıb. Ona görə də bu gün universitetimizdə keçirilən istər elmi konfranslarda, istər tarixi günlərə, istərsə də Azərbaycan tarixinə öz ömrüylə şan qatmış mütəfəkkirlərimizin, şairlərimizin, incəsənət xadimlərimizin yaradıcılığına həsr olunmuş tədbirlərdə tələbələrin aktivliyi məni sevindirir. Bu gün ADAU məcazi mənada “həyatın qoynuna atılmış” tələbənin özünü tapmasında, hərtərəfli inkişafında əsl imkandır. Universitet öz qapılarını taybatay açır, tələbəni qayğıyla qoynuna alır, ona doğru yolu göstərir, üstəlik, onun nəyi bacarıb-bacarmadığını, nəyi istəyib-istəmədiyini də dostcasına anlamağa çalışır. Tələbələrin fərdi bacarıq və istedadlarının üzə çıxarılması üçün təşkil olunan musiqi, şeir saatları, rəsm sərgiləri aqrar sahədə mütəxəssis olmağı hədəfləyən gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların mənəvi rahatlığını da təmin edir. Yeni tikilmiş yataqxanada olan trenajor zalı, tennis otağı tələbələrin dərsdənkənar maraqlarına uyğun olmaqla, onların fiziki sağlamlığına da xidmət edir. Şahmat isə ali tədris müəssisəsinin tələbə və müəllimlərinin əksəriyyəti tərəfindən sevilir, yüksək intellekti formalaşdırır. Hər il keçirilən məzun yarmarkası isə tələbələrin diplom alandan sonra işlə təmin olunmasına hesablanıb. Hətta, universitetdə, quşçuluq, balıqçılıq tədris mərkəzində tələbələrə təhsilini davam etdirə-etdirə işləmək imkanı da yaradılmışdır.
İl ərzində respublikamızın müxtəlif rayon və bölgələrində istehsalat təcrübəsi keçən tələbələrin təkcə nəzəri biliklərlə yox, praktiki işlərlə də tanışlığı onların gələcəkdə yaxşı mütəxəssis olmasının zəminidir. Universitetimizin Beynəlxalq əlaqələr şöbəsi isə tələbələrin xaricdə təhsil alması üçün böyük işlər görür. Eyni zamanda, xarici ölkələrin vətəndaşı olan tələbələrin təhsili üçün də şərait yaradır.
ADAU-ya, həmçinin, 2015-ci ildə “Azərbaycan universitetləri” facebook səhifəsi tərəfindən 2014-2015-ci tədris ili üçün keçirilən “ən yaxşı universitet” sorğusunun qalibi və “ən yaxşı rektor” diplomu təqdim olunub. Bəli, Ən Yaxşı Rektor! Professor İbrahim Cəfərovun tələbələr üçün etdikləri onun “ən yaxşı” statusuna layiq görülməsinin səbəbidir. İmtahan sessiyasından sonra əlaçı tələbələrin istirahətinin, gəzintilərinin təmin olunması da başqa tədris əhəmiyyətli məsələlər kimi birbaşa rektorun nəzarətindədir. “Şəffaf universitet” kimi də şöhrətlənmiş ADAU-da tələbələr imtahan bitən kimi nəticələrlə tanış olmaq imkanına malikdir. Altı korpusun hər birində tələbələr aqrar biliklərə həm nəzəri, həm də praktiki cəhətdən yiyələnməklə imtahanlara yüksək səviyyədə hazırlaşırlar.
Təbii ki, tələbələrin hər birinin tələsik addımlarla yüyürüb qapısını gözüyumulu açdığı bir məkan da kitabxanadır. 600 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxanada dərsliklərdən və elmi kitablardan əlavə tələbələrin asudə vaxtlarında sevərək vərəqləyə biləcəkləri milli və dünya ədəbiyyatı tarixinin inciləri də vardır. Kitabxana, eyni zamanda, birbaşa internetə çıxışı olan kompyuterlərlə də təchiz olunmuşdur. Tələbə, yaxud, müəllim istənilən an kompyuterin qarşısında əyləşərək elmi-texniki inqilablar və yeni kəşflər, nəşr olunan kitablarla gecikmədən tanış ola bilər. Əlbəttə ki, bir müəllim kimi kitabxana mənim üçün də maraqlı məkandır. Bir aqromühəndis kimi bu gün yaşadığım ömrün hər günü üçün ADAU-ya minnətdaram. Və bir müəllim kimi bildiklərimin hamısını tələbələrimə öyrətməyə can atdıqca ömrümə yeni bir anlam qatdığımın fərqindəyəm. Axı, rektorumuz demiş: “Hər birimizin əvəzedicisi olmalıdır”.

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi