aydanxanim

səhərin içində ölürəm elə…
ya da gecələrdə batıb qalıram…
sən orda ömrünü verirsən yelə…
mən burda kiminsə könlün alıram…

eh… qəfil “uzaqdan sevdiyin” gələ…
deyə daha getmirəm o uzaq yerə…
mən də alışmışam daha xəzələ…
sən də… alışmısan o sazaq yerə…

gözlərim qəhərdən çilənir aya…
uzağı tez tanımaq məni incidir…
o adam yaraşmır belə dünyaya…
bu qadın o adamı hələ də sevir…

ötmür gecələri… qalır gecədə…
ya da ki təkliyə ov olur ancaq…
küçəyə açılan sınıq pəncərə,
hələ o adamı çox axtaracaq…

indi o adam da uzağı qoyub,
danışır güzgüyə… dərd-sərini…
o da mənim kimi sevdaya uyub,
bilirəm… mənsizdi… dəli kimidi…

indi aynaları qıracaq ya da,
içdiyi qədəhə acıqlanacaq…
o da uduzacaq taleyə, bəxtə…
mənə məktub yazacaq… ya darıxacaq…

amma gəlməyəcək… uzaqdan əsla…
mən də getməyəcəm… heyif… çox heyif…
“1:0” önə keç… və… unut, yaşa…
“mən gedim… ölümüm məni gözləyir…,,