abdullamuellim

Qapımı açmışam dağlara sarı,
Dağlardan əsən meh üzümdən öpür.
Neçə kədərimə dağlar hasarım,
Gözüm zirvələrin gözündən öpür.

Qürubun gözündən qərib bir həsrət,
Günəşin üzündən qəm-qüssə yağır.
Bu günüm ömrümə yazılan qismət,
Sabahım RƏBBİMİN əlinə baxır.

Solur buludların qızıl yanağı,
Qaralır səmanın mavi bənizi.
Çəkdikçə ay üzdən bəyaz düvağı,
Əriyir göylərin zülmət dənizi.

Ulduzlar səmada yanan çıraqban,
Gecənin qoynunda Ay ocaq çatır.
Bu gecə sükuta qərq olur hər yan,
Bu gecə hər nə var ürəyə yatır.

An ana calanıb gecədən keçir,
Bir də ayılıram- gecə yarıdır.
Sən demə xəyalım gecədən keçib
Yuxumu qaçıran sözün yarıdır.

Bu gecə sıgınıb tənhalığıma,
Barışa bilmirəm dərdlə,qədərlə.
Bürünüb ümidin bəyazlığına,
Vaxtı öldürürəm xatirələrlə.

Gecəmi vaxt yeyir,özümü sözüm,
Söz-söz boşalıram varağın üstə.
Sözümün əlindən əlimi üzüb,
Yeriyə bilmərəm ayağım üstə.

Qapımı açmışam dağlara sarı,
Dağlardan əsən meh üzümdən öpür.
Neçə kədərimə dağlar hasarım,
Gözüm zirvələrin gözündən öpür.

Azərbaycan Quba
04.05.2001.