“Bu gün də özümü ya şagird, ya da tələbə hiss edirəm”

Dəyərli oxucular, hər zaman yaradıcı insanların, məhşurların həyatı, iş fəaliyyəti hər birimizin maraq obyekti olub. Belə məhşurlardan da gənclər üçün ən çox maraq doğuran nəğəmkar şair, respublikanın əməkdar incəsənət xadimi, söz memarı Baba Vəziroğludur. Müasir cəmiyyətin ədəbi zövqünün formalaşmasında Baba Vəziroğlunun əvəzsiz rolu, danılmaz xidmətləri vardır. Hər birimiz üçün olduqca maraqlı olan böyük şairimizlə müsahibə hazırlamağa qərar verdim. Söhbətimiz olduqca səmimi keçdi və xoş təsüratlarla yaddaşımıza həkk olundu. Bu arada baş tutan olduqca səmimi ünsiyyətə və göstərilən yüksək qonaqpərvərliyə görə böyük Baba müəllimə dərin minnətdarlığımı, sonsuz sayğılarımı ifadə edirəm.

Olduqca gözəl təbiətdə böyümüsünüz. Şair olmaq üçün təbiətin də rolu varmı? İnsan şair olmağı öyrənməlidir, yoxsa elə şair doğulmalıdır?

Təbiəti bir o qədər də qabartmaq lazım deyil məncə. Təbiət şair olmaq üçün lazım olan vavib amil deyil. Afrikada da məncə şair olmaq olar. Əsas insanın daxili aləmi zəngin olmalıdır. Sənətin mənbəyi, mənşəyi ilahidən gəlir. Şairlər, ümumiyyətcə yaradıcı insanlar Allah tərəfindən seçilmiş insanlardır. Sənəti sıradan olan insanlar yarada bilmir. Allah tərəfindən seçilmiş insanlar da gərək ki, onlara həvalə olunmuş bu olduqca çətin və məsuliyyətli missiyanı lazımınca yerinə yetirsinlər. Necə ki, müqəddəs kitablar vəhynən xüsusi insanlara, peyğəmbərlərə gəlirdi, eləcə də sənət ilahi tərəfindən seçilmiş insanlara gəlir. Müqəddəs kitabda da yazıldığı kimi şairlər seçilmiş insanlardır, peyğəmbərlərdən sonra allah ən yaxın insanlar hesab olunur. Sənət adamları həm xoşbəxtdirlər, həm də bədbəxtdirlər. Xoşbəxtdirlər ona görə ki, Dostayevski demişkən “insana xoşbəxtlik üçün nə qədər xoşbəxtlik lazımdırsa, bir o qədər də bədbəxtlik gərəkdir. Yəni xoşəxt olmaq üçün həm də bədbəxtdirlər. Bədbəxtdirlər ona görə ki, bu ağır və ağrılı missiyanı həyata keçirməyə məhkumdurlar. Yəni bütün ətrafda baş verənləri və baş verməyənləri belə içindən keçirib sənət əsərinə çevirməlidirlər. Onları kağıza köçürməli, rəngə çevirməli, yaxud da nota köçürməlidirlər. Bu mənada bədbəxtdirlər.

– Bildiyimiz kimi şairlərin əksəriyyəti duyğusal olurlar, maraqlıdır ki, Baba Vəziroğlu həyatda necə bir insandır?

Təkcə şairlər deyil, ümumiyyətcə insanların bir çoxu duyğusal ola bilər. Şairlərin bir özəlliyi var ki, həmin duyğuları sözə çevirə bilirlər. Hisslərini bədii formada çatdıra bilirlər. Amma elə insanlar var ki, həmin hissləri yaşadıqda gücləri yalnız göz yaşlarına çatır. Allah onlara elə bir şans verməyib ki, yaşadıqlarını şeirlə, sözlə ifadə edə bilsinlər. Bu baxımdan da şairlər xoşbəxtdirlər. Çünki öz hisslərini sözə çevirə bilirlər. Bəzi insanlar şairlərdən daha hissiyatlı və duyğusaldırlar. Amma onlar həmin hissləri insanlara çatdıra bilmirlər. Ürək xəstəliklərinin çoxu da elə ondan yaranır. Ürəkləri dərd içində əriyib gedir. Baxırsan ki, bizdən də qat-qat istedadlı insanlar var. Onların bir az da olsa şansı olmayıb ki, öz yerlərini tutsunlar. Yəni istedadlı olmaqla yanaşı insana həmidə bir bəxt gərəkdir. Əsas odur ki, lazımı vaxtda, lazım olan yerdə omağı bacarmalıyıq. Tanınmış insanlar heç də qazandığı nüfuza görə qürrələnməməlidir. Biz bilməliyik ki, bizim həm də bəxtimiz gətirib.

– Yəqin ki, ədəbi məclislərdə olursunuz. “Dağ Çiçəkləri”ədəbi məclisinin üzvü olmusunuz.

Ədəbi məclislər son zamanlar azalıb. O zamanlar ədəbi prosesin qızıl çağlarında çox olub. Məşhur və məlun keçid dövrü gəldi, bir çox dəyərlər itdi, kriteriyalar ləğv olundu. Son zamanlarda allaha şükür olsun ki, yenidən bir canlanma var, ənənələr icra edilir, kitab təqdimatları keçirilir. Bizim şair dostlarımızın, yazar dostlarımızın kitablarının təqdimatı keçirilir. Amma yenə də əvvəlki kimi çox deyil. İndi bütün o ünsiyyətləri mavi ekran (İndi onu da rəngarəng ekran əvəz edib) əvəz edir. Təqdimatlarımızı soyuğ ekranla bölüşürük. Nə yaxşı ki, mən son zamanlar respublikanın bütün ali məktəblərində, orta məktəblərdə, hərbi hissələrdə, zavod və fabriklərdə görüşlər keçirirəm. Görürəm ki, ekran canlı ünsiyyəti əvəz eləmir. Canlı ünsiyyətdə insanlar öz münasibətlərini birbaşa ifadə edirlər. Bu tamam başqa bir aləmdir. Müxtəlif simalar görürsən. Bəzən narazı sifətlər, simalar olur. İnsanlar öz adekvat münasibətlərini bildirirlər. Bu da yaxşıdır, bu da gözəldir. Mən son zamanlar televiziya görüşlərinə bir o qədər də vaxt ayırmıram. Daha çox canlı görüşlərdə oluram. Adətən cəbhə bölgəsində, hərbi hissələrdə, həbsxanalarda görüşlərdə oluram və hiss edirəm ki, şeirə, ədəbiyyata bu gün daha çox tələbat var. Sevinirəm ki, onların mənə tələbatı var. Xüsusi ilə də gənclər arsında. Mənim oxucularımın əksəriyəti gənclərdir. Gəncliyin bir qızıl təbəqəsi var ki, onlar elmə, ədəbiyyata, olduqca maraqlıdırlar. Respublikanın əksər orta məktəblərində görüşlərdə olmuşam. Vaxt azlığından bəzi görüşlərə gedə bilmirəm.
O zamanlarda həyata atılmaq, vətəndaş olmaq üçün mərhələlər vardı. İlk olaraq oktyabryat olurdun, sonra pioner, sonra komsomol olurdun. Bunlar cəmiyyətdə yer tutmaq üçün lazım olan mərhələləridir. Eləcə də ədəbi camidə, ədəbi aləmdə müəyyən mərhələləri keçməli idin ki, gəlib lazım olan mərhələyə çatasan. Müəyyən məktəbləri keçmək mütləq lazımdır. Birdən birə gəlib Əli Kərim, Rəsul Rza, Mirzə Ələkbər Sabir olmaq olmaz. Hamı bu dərnəklərdən başlayır. Bütün kitablarda bu ədəbi dərnəklər vardı. Mən kənddə yaşayırdım. Bizim üz tutucağımız məkan İsmayıllı rayonunun Zəhmətkeş Qəzetinin nəzdində fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisi vardı. İsmayıllı ədəbi, gəncliyi, ədəbi nəsli bu mənada obrazlı desək hamısı Musa Yaqubun şinelindən çıxıb. İstisnasız olraq. Təbii ki, ondan öncə də yazarlarımız vardı. Əbülhəsən kimi xalq yazıçısı. Amma onlar Paytaxtda olurdular. Musa müəllim isə uzun illər əyalətdə yaşadı. Rayonuna, kəndinə arxa çevirmədi. Neçə-neçə gənc nəsilləri müəllim kimi yetişdirib. Onalara həyata vəsiqə veribdir. Musa müəllim böyük maarif işçisi, məktəb direktoru olub. Eyni zamanda da ədəbi nəsil yetişdirib. Mən o zamanlar 30 km yolu günəşdə də, yağışda da, qarda da çox zaman piyada gəlirdim. bir təsadüf olmasa idi yenə də piyada qayıdırdım kəndimizə. İndi çox razıyam ki, mən o çətinliklərə, yağışa, qara dözüb, Musa müəllimin ədəbi məktəbini bitirdim. “Dağ çiçəkləri” ədəbi məclisini orta təhsillə müqayisə etsək ibtidai məktəbdir.
Sonra təbii ki, Ədəbiyyat aləmində öz yerini tutmaq üçün böyük məktəblər gəlir, Bakı məktəbi, Azərbaycan Yazıçılar Birliyinin mühiti gəlir. Mənim bir xoşbəxtliyim də odur ki, mən bir müddət Bakıda təhsil aldım. Azərbaycan dövlət Universtitetində Jurnalistika fakultəsində təhsil aldım. Sonra ən böyük qazancım Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almağım oldu. Mən onu ömrümün qızıl səhifələri sayıram. Moskva mühitinin mənim həyatımda, cəmiyyətdə və ədəbiyyatda mövqe qazanmağım üçün böyük rolu oldu. Azad demokratik Moskva mühiti, gözəl müəllimlər, geniş dünya görüşü… Moskva mühiti bütün sahələrdə özünü göstərib. İstər tibb sahəsində olsun, istər ədəbiyyat sahəsində bütün sahələrdə öz tövhəsini verib. Adlı-sanlı həkimlərimiz həmin mühitin yetirmələridir.
Rəhmətlik Rafiq Tağı özü Moskva mühitini keçmiş ziyalı idi. Mən onunla dostuq etmişəm. Rafiq Tağı mənim tərcümeyi-halımın böyük bir hissədsini əhatə edir. Cabir Novruz, Əli Kərim və digər bir çox ziyalılarımız Moskva mühitinin ədəbi yetirmələri olublar.
Sonra Bolqarıstanda ali təhsil kursları, Bolqar dili ədəbiyyatı və tərcüməsi ali kurslarını bitirdim. Bütün ömrüm boyu da oxuyuram. Bu gün də oxuyuram, rəsmi statuslu bir yerdə oxumasam da Baba Vəziroğlu institutunu oxuyuram. Həmin institut gündə neçə kitab tövsiyə edirsə o kitabları da oxuyuram. Bu gün də özümü ya şagird, ya da tələbə hiss edirəm. Maddi qidalar kimi hər gün o mənəvi qidanı mən almasam özümü ac hesab edirəm.

– Sizin daha çox sevgi mövzusunda yazdığınızı bilirik, maraqlıdır ki, belə şeirləriniz öz ünvanı varmı?

Bilirsiniz bəzən sevgi deyəndə çox dar, məhdud çərçivədə başa düşülür. İki əks qütblü insanın bir-birinə münasibəti kimi anlaşılır. Mən sevgi deyəndə dünyanı yaradan bir hissiyat başa düşürəm. Görürsünüz Allah-təala heç nəyi bir-birinə gözə görünən bağlarla bağlamayıb. Amma kainatı elə yaradıb ki, hər şey bir birinə bağlıdır.O, gözəgörünməz bağların adı sevgidir. Sevgi iki insanın bir-birinə münasibəti ola bilməz. Sevgi dostluğa, sədaqətə, insanlığa, sonsuz kainata, torpağa, doğulduğun ocağa münasibətdir. Bu mənada düz deyirlər: Baba Vəziroğlu sevgi şairidir. Böyük mənada düzdür ki, sevgisiz həyat ola bilməz, sevgisiz yaşamaq olmaz. Düşünsək ki, Azərbaycanda Vətənpərvərlik mövzusunda yazılan mahnıların,əsərlərin 70%-dən çoxunun müəllifi mənəm, o zaman deyərsiniz ki, elə siz Vətənpərvərlik şairisiniz. Heydər Əliyev haqqındakı kontatalar yazmışam, araporiyalar, aodalar yazmışam. Mübariz Tağıyevin oxuduğu Vətənpərvərlik mahnılarının 99%-ni mən yazmışam. Amma görünür sevgi mövzusu insanlara daha yaxın olduğu üçün, ona daha çox meyilllidir gəncliyimiz, oxucularımız. Mən nəğmələr, şeirlər sözünü çox işlədirəm. Yazdığım şeirlər hmısı nəğməyə çevrilib. Kitab çıxarmağa belə tənbəllik edirəm. Deyiləndə ki, kitab çıxart, deyirəm ki, bir kitabı neçə adam oxuyur. Minlərlə, on minlərlə adam oxusun. Amma bu gün yazırsan sabah nəğməyə çevrilir və milyonlarla insan onu dinləyir. Yəni ki, o ən populyar üsuldur, janrdır. Bu mənada böyük mənada sevgi şairiyəm amma məhdud çərçivədə başa düşülməməlidir.
Mənə elə gəlir ki, sənət insanı elə sevgi insanıdır. Sevgisiz heç nə etmək olmaz. Allah insanları bütün canlılardan fərqli yaradıb. Ona sevgi bəxş edib. Sevgi və qəm hissləri yalnız insana məxsus hisslərdir. Böyük əsərlərin çoxu qəmdən yaranır. Bəzən şairllərin gözlərinin qəmli olması insanlarda sual doğurur. Onun cavabı bundadır ki, görünür poeziyanın ən böyük çalarları qəmin arxasında gizlənib. Doğrudur xoşbəxtlik adlı mütləq bir məfhum yoxdur. Xoşbəxtlik nisbi olur, onun konkret bir resepti olmur. Yer kürəsində yaşayan 7 milyard insanın hərəsinin öz xoşbəxtlik resepti var. Mən belə düşünürəm ki, mütləq xoşbəxtlik insanlara lazım da deyil. Məşhur bir ifadədədə deyildiyi kimi; “Mənə bir ovuc içi qədər xoşbəxtlik yetər”.

– İsmayıllı ədəbi mühiti çağdaş dövr Azərbaycan ədəbiyyatı üçün böyük sənətkarlar yetişdirib. Musa Yaqub, Baba Vəziroğlu kimi söz memarları oxucunun tam zövqündə olan sənətkarlardı. Sizə paxıllıq edənlər çoxdurmu?

Qısqanclığı hiss edirik. Amma onlar açıq demirlər axı ki, biz nə üçün belə davranırıq, nə üçün qısqanırıq. Həm regional, həm populyarlıq baxımından olar. Amma Musa müəllimi qısqanmağa dəyər də… Hər kəs başını aşağı salıb işini görsün. Əgər o qısqanclıqlara, daldan atılan daşlara, paxıllıqlara məhəl qoysaq bütün vaxtımızı dəyərsiz,mənasız şeylərə sərf etmiş olarıq. Sən düz yolunu get, kənardan gələn səslər dəyərsiz və mənasızdır. Mənim məşhur bir frazam var; Pis adamlarla mübarizə aparmaq mümkün deyil. Pis adamlarla pis hava kimi barışmaq lazımdır. Pis adamlarla mübarizə aparmaq, qışın soyuğunda küçəni elektrik sobası ilə isitmək istəyinə bənzəyir. Pis adamlarla mübarizə aparmağa dəyməz, faydasızdır. Mən vaxtında bu həqiqətə gəlmişəm. Mənim kitablarımdan birinə “Dünya dəyməz göz yaşına” adını seçməyim də elə bu həqiqətdən irəli gəlir. Bu o, deməkdir ki, dünyadan umma. Sənin bir damla göz yaşın dünyadan daha dəyərlidir. Gecə-gündüz deyirik; vəfasız dünya, bivəfa dünya… Söyürük, danlayırıq, sonra da dünyadan küsürük. Uman yerdən küsərlər. Sən nəyə görə umursan ki, nə üçün də küsəsən. Bu mənada vaxtında bu həqiqətə gəlmişəm. Mən öz yolumla gedirəm və getdiyim karvana əminəm. Hərdən dar düşüncəli, dünya görüşü zəif olan insanlar özlərini çox bilmiş hesab edirlər. Hansı ki, daxili aləmi olduqca boş və dəyərsizdir. Beş günlük dünyadır. Bizim nə qədər vaxtımız var ki, cəmiyyətdən təcrid olaq? Gərək bu beş günlük dünyada sənin kiməsə pislik etməyə vaxtın olmasın. Hər kəsdən təcrid olunub yaşamaq olmaz. Axı həyat bizə ikinci dəfə yaşamaq şansı verməyəcək. Bəzi insanların özlərini təcrid etməsi, xüsusi təbəqənin nümayəndəsi hesab etməsi, Hindistanda buna kasta deyirlər, ən zəhləm gedən cəhətdir. Allah bizi bərabər yaradıbsa sən özünü necə fərqli təbəqələrə aid edə bilərsən? Bu ömürdür. Ömrünü gərək normal insan kimi yaşayasan.
Mən daxili dünyası boş olan insanlarla ünsiyyət qurduqda yoruluram və özümə gələ bilmirəm. Mənim əsasən ünsiyyət qurduğum insanlar yaradıcı insanlardır. Mənim dostlarım rəhmətlik Rafiq Tağı, Kamal müəllimdir. Kamal müəlimlə bir-birimizi yarım kəlmədən də başa düşürük. İki sənətkar dostluq edəndə, xüsusi ilə də bir şairlə bir bəstəkarın dostluğundan tamaşaçılar qazanır. Çünki gözəl mahnılar əmələ gəlir. Mənim mindən artıq şeirimə musiqi bəstələnib. Bunların da ən uğurluları Kamal müəllimlə iş birliyimizdən yaranıb. Çünki bizim zövqümüz, baxışlarımız uyğundur. Ona görə də ən xit mahnılarımız yaranıb. Musiqi də kino kimi çox qəliz sənətdir. Gərək ki, olduqca dəqiq və həssas olasan. Hər şey dəqiq olmalıdır. Sən bəstəkarın yazdığı musiqinin poeziyasını duymalısan, ya da ki, bəstəkar şairin yazdığı şeirlərin ritmini duymalıdır. Bir də ki, musiqinin uğurunda onu təqdim edəcəyin ifaçının da rolu önəmlidir. Bəzən çox mahnıların şansı da ona görə gətirmir ki, ifaçısı düzgün seçilməyib. Bu baxımdan Kamal müəllimlə biz ifaçını dəqiq seçirik. Bizim son zamanlar Alim Qasımov üçün yazdığımız “İlahi”, “Xatirədir”, Nəsibə xanımın ifasında “Səndən nigaranam” kimi mahnılar bütün dünyaya yayılıb. Bu da bizim dünyaya baxışlarımızın üst-üstə düşməsindən irəli gəlir. Fizikada buna tezliklər deyilir. Tezliklər bir-birinə uyğun gəlir.

– Günümüzün gənc yazarlarından əsasən kimləri oxuyursunuz?

Bəli gənc yazarları oxuyuram. Sosial şəbəkədə izlədiklərim də olur. Biz gənc yazarlarla tez-tez görüşürük. Çay süfrəsində söhbətlər edirik. Hamısının kitablarının təqdimatında iştirak edirəm. Gənclər mənim oxucularımdır, mən də onların oxucularıyam. Əvvəl hamısını oxuyuram, daha sonra imzasına bələd olduğum bir çox yazarlar olur ki, onları davamlı olaraq izləyirəm. Bəzi imzaları oxuyuram amma daha sonra bir kənara qoymalı oluram. Bəlkə də onlar da yaxşı yazardılar. Sadəcə mənim yazarım deyil. Belə hamıs mənim dostlarımdır. Salam Sarvandan tutmuş, Aqşin Yeniseyə qədər, Günay Yunusdan tutmuş, Sevinc Çılğına qədər. Qanturalı, Şəhriyar, Dilgorani və digərləri. Yadıma düşdükcə deyirəm. Mən daha çox oxucu olmağa çalışıram. Bir zamanlar ədəbiyyatımızda durğunluq dövrü idi. Mən həmin dönəmdə əvvəllər oxuduğum ədəbiyyatları, əsasən də Rus ədəbiyyaıtnı təkrarladım. Çexovu, Dostayevskini və digərlərini. Daha sonra ədəbiyyatımızda bir çiçəklənmə dövründə normal əsərlər yaranmağa başladı. Hal-hazırda da Rus dəbiyyatı ilə yanaşı gənc yazarlarımızı da oxuyuram. Maşallah hər dəfə təzə bir kitab oxuyuram. Bu da məni sevindirir.

Deyirlər Heydər Əliyev ən ağır anlarında belə “Xalq Heydər söyləyəcək” mahnısını arzulayıb.

Bəli, o mahnı çox işıqlı bir mahnıdır. Bəzi insanlar elə bilir ulu Öndərin ölümünə həsr olunub. Amma elə deyil. Mən sonralar izah etdim ki, ölümü haqqında elegiya deyil. 75 illik yubileyi ərəfəsində hədiyyə etdiyimiz əsər idi. Bu mahnı Ulu Öndərimizin əbədi yaşar olmasını göstərir. Əsərdə sabaha inam, gözəl ovqat, həyat eşqi var. Təvazökarlıqdan uzaq olsa da biz mahnını hədiyyyə edərkən görmüşdük ki, mahnı Heydər Əliyevin çox xoşuna gəlmişdi. Amma o özü biruzə vermədiyi üçün biz də biruzə verməmişdik. Amma nə yazıq ki, H. Əliyevin ömrünün son günlərində o mahnını çox sevdiyinin şahidi olduq. O mahnını dinləmək istəmişdi. Kamal müəllimlə biz o mahnını diskə köçürtdük və xəstəxanaya göndərdik. Nə yazıq ki, və nə xoş ki, biz artıq ömrünün son günlərində Heydər Əliyevin o mahnını çox sevdiyinin şahidi olduq. Üzülürdük ki, böyük insan son günlərini yaşayır. Eyni zamanda da bir müəllif kimi, qürur hissi keçirirdik ki, deməli bizim yazdığımız əsər o qədər ürəyincə olub ki, onu bir də dinləmək istəyib. İkili bir duyğu yaşamışdıq. Həm ağrılı, həm də qürur verici hisslər idi. Həyatımızın böyük parçası sanki əbədiyyətə qovuşurdu. Mən Heydər Əliyev Haqında başqa bir şeir də yazmışdım. Şeirimdə də qeyd etmişdim ki; “Biz sənin qədrini bilmirik hələ!” Mahnıda da qeyd olunduğu kimi; “Zirvələr uzaqdan uca görünür”. Biz H. Əliyevin nə cür xilaskar olduğunu bilmirdik hələ. Ölkəmizin taleyində bu şəxsiyyətin nə cür bir tale yüklü rol oynadığını bilmirdik. 2003-cü ilin məşum dekabr ayında bu böyük insanı itirəndən sonra hisss etdik ki, biz doğurdan da onun qədrini layiqincə qiymətləndirə, onu olduğu kimi dərk edə bilməmişik. Doğrudan da zirvəyə uzaqdan baxdıqca onun ucalığını daha dərindən dərk etməyə başladıq.

-“Məhəbbətlər çoxalır,
Ürək sözü azalır,
İlk məhəbbət məktubu
Bircə dəfə yazılır”.
İlk məhəbbət məktubunuzu xatırlayırsınızmı?

Doğrudan da belədir. İnsanlar daha çox insanları sevdikcə, daha çox öz sevgisini paylaşdıqca artıq ürəyin sözü bitir, tükənir. Və düşünür ki, duyğularının, sevgisinin hamısını ilk məktubda qoyub. Bu da hər şeyin insan həyatında bir dəfə baş verməsindən irəli gəlir. Məhşur frazada deyilir ki; “Axan çaya bir dəfə girmək olur.”Bəli ilk məhəbbət, ilk müəllim, ilk doğulduğun koma da yeganədir. Heç bir şey həyatda təkrarlanmır.

– Sevgiyə doğru yol gedirəm, hələ çatmamışam demişdiniz. Çata bildiniz?

Yox, əlbətdə ki, yox. Çatsaydım həyat bitərdi. O yol bitməz. Çatsaydım mən indi sizinlə söhbət edə bilməzdim.(Gülür) Mənim bir kitabımın adı da “Ömrümüzdən uzun yol”dur. İnsan ömrü boyu yol gedir, axtarışdadır. O yol bizim ömrümüzdən çox-çox uzundur. Hətta ömrümüz bitəcək, o yol davam edəcək. Bəlkə ruhumuz gedəcək, bəlkə xatirəmiz gedəcək, bəlkə adımız, əməllərimiz gedəcək. Əbədi yoldur o yol. Bayaq H. Əliyev yolundan danışdıq. O yol bitmədi ki, o yol davam edir. Bu gün o yolu onun ardıcılları, başda möhtərəm prezidentimiz İlham Əliyev olmaqla, layiqli davamçıları gedirlər. Azərbaycan xalqı şəxsiyyətlərdən, rəhbərlərdən asılı olmayaraq, həmin yolla gedəcək. Eyni zamanda mən belə düşünürəm ki, yol bitərsə insan da tükənər, yaradıcılıq da tükənər, yəni mütləq boşluq yaranar.

– Sizin üçün istirahət nədir?

Yaradıcı insanlar üçün istirahət şərti bir şeydir. Beyin 24 saat işləyirsə hansı istirahətdən danışmaq olar. Dəyərli şairimiz Ramiz Rövşən demişkən;
Gəl əl-ələ tutub gedək,
Dərdimiz olmayan yerə,
Bu Ramizi aparın siz,
Bu Ramiz olmayan yerə.
İstirahət üçün hara hetsən də qayğıların, düşüncələrin də səninlə gedəcək. Elə yer mövcud deyil ki, bütün dərdlərini, sevincini, dostlarını hər şeyi burada qoyub oraya istirahətə gedəsən. Mütləq istirahət olmur. sadəcə məkanı, iş rejimini dəyişmək olur, bu da bir çox hallarda istirahət təsirini bağışlayır. Başqa insanları bilmirəm, bəlkə də onlar tam təcrid oluna bilərlər. Amma yaradıcı insanlar, təcrid oluna bilmirlər. Çünki beyin 24 saat çalışır. Söhbət yazmaqdan getmir, beyinin çalışmağından, düşünməkdən gedir. İnsanların münasibətini, təbiətdə baş verən hər şeyi beyin emalından keçirir. Nə bilmək olar, bəlkə istirahət elə bu deməkdir. İnsan düşünərkən emal etdiklərini də kağıza köçürməklə boşalır və həmin zamanın özü bir mənəvi istirahətdir. Necə ki, səmada buludlar dolur, göy guruldayır və nəhayət buludlar bir-birinə dəyir, şimşək çaxır buludlar da boşalır. buludlar da özünü o zaman ifadə edir.
Amma mən istirahəti əsasən təbiətdə olmaqla, ağac dibi belləməklə edirəm. Təbiyiliyi, təbiətlə təmasda olmağı çox sevirəm. Saxta, süni heç nəyi sevmirəm. O cümlədən də insanlar arasında təbii olanlarını sevirəm. Şair də təbii olmalıdır. Misal olaraq Musa Yaqub. Musa müəllim ona görə mənim gözümün işığıdır. O. olduğu kimi görünən, göründüyü kimi olan sənətkardır. Bir sözündə, baxışında saxtalıq görməzsən. Nə var odu. Sənətin gücü onun təbiyiliyindədir. Səmimiyyət olmayan yerdə ürəyə girmək olmaz. “Ürəyin açarı səmimiyyətdir.” Kiminsə ürəyinə girmək istəyirsənsə ora yalnız səmimiyyətin açarı düşə bilər.

– Sözlərinə ən çox mahnı yazılan şairsiniz. Onlar sizi tapırlar, yoxsa siz onları tapırsınız?

Bu lap çoxdan olub. Yadımdan çıxıb kim-kimi tapıb. Yəqin ki, bir şans yaranıb, şairlərlə musiqi aləminin qovuşduğu bir məkan olub. Mən ilk mahnımı gənc yaşlarımda yazmışam. Universtitetin Jurnalistika fakultəsində, I kursda oxuyurdum. Həmin vaxtlarda bəstəkalarımızdan Firəngiz Babayeva, Oqtay Rəcəbov ilə tanış idim. İlk mahnımı ölməz sənətkarımız Şövkət Ələkbərova oxumuşdu. Bəlkə də mənim uğurlarım elə ordan başladı ki, mənim mahnılarımı böyük sənətkarlar ifa ediblər. Sonra bu davam etdi. Demək olar ki, dövrümdə yaşayan bütün bəstəkarlarla mahnı yazmışıq. Telman Hacıyev, Ramiz Mirişli, Elza İbrahimova, Oqtay Rəcəbov, Eldar Mansurov, Firəngiz Babayeva, Faiq Sücəddinov, İmruzə xanım, Mobil Babayev, Elçin İmanov … bütün hmısı ilə əməkdaşlıq etmişik. Son vaxtlar da Kamal müəllimlə. Bütün böyük sənətkarlarla işləmişəm. Şövkət Ələkbərova, Rübabə Muradova, Akif İslamzadə, Mirzə Babayev, Flora Kərimova, İlhamə Quliyeva, Alim Qasımov, Arif Babayev və digər bir çox böyük sənətkarlarımızla birgə çalışmışıq.

– Baba müəllim, müsahibələrinizin birində belə bir fikrinizə rast gəldim ki, mətbəxdə qab, paltar yuyan qadın sevgi obyektiniz ola bilməz… Həmin fikiriniz ikimənalı qarşılanıb.

Bu mənada demişəm ki, poeziyanın obyekti konkret bir məkan və ya konkret bir insan ola bilməz. Çünki konkret yazılar publisistikaya, sənədli filmllərə aiddir. Bu da jurnalistikanın sahəsidir. Amma poeziyada hər hansı bir obrazı necə təsvir edə bilərsən? Bir qadın, ilahi sevgi haqqında konkret obraz ola bilməz. Hardasa bir neçə əlamətlləri özündə birləşdirsə də poeziyada təsvir olunan obraz konkret bir qadın deyil. Məsələn anadan daha yüksək, anadan daha doğma bir varlıq yoxdur. Mənim də ana haqqında şeirlərim var. Hətta ana haqqında yazdığım şeirlər belə mənim mərhum anama aid deyil. Ümumilikdə analar üçün yazılıb. Yəni poeziyanın anası bir ana deyil, poeziyanın sevgisi bir qadın deyil. Bu mənada demişəm ki, şair həmişə öz sevgi obyektini göylərdə axtarır. Yəni ilahi varlıq kimi təsvir olunur. Sonra misal çəkmişəm ki, konkret qadın ola bilməz. Məsələn qab yuyan qadın, evdar qadın, kosmanvt qadın və s. sevgi obyekti həm bu qadınların hamısıdır, həm də heç biri deyil demişəm. Şairlər ilahi varlığı vəsf edir. Minlərlə, milyonlarla şair vəsf edir amma o bitib tükənmir. Konkret qadın obrazı olsaydı tükənərdi. Şair ömrü boyu sevgi axtarışında olur. Şairin bir xoşbəxtliyi də ondadır ki, o axtardığı o sevgini tapa bilmir. Səhrada miraj yəni ilğım axtaranlar kimi şair də ömrü boyu təşnə olub, maraqla öz sevgisini axtarır. Tapsa sona çatar.

– İndiki gənclərə məsləhətiniz nə olardı? Yaradıcı gənclər hansı yolla getsələr daha səmərəli olardı?

Yolların ən gözəli öz yolunla getməkdir. Hər insanın öz yolu var. Doğrudur gənclik çağlarında bu yol bir cığırdan başlayır. Amma həmin cığırla irəlilədikcə görürsən ki, bir yola aparıb çıxarır. Həmin cığır böyüyüb bir yol olur. Həmin yola gedib çatmaq üçün isə M.Ə. Sabir, S. Vurğun kimi sənətkarların yolunu, ümumiyyətcə öz yolunu tapana kimi ədəbiyyatımızda olan bütün yolları öyrənmək, daha səmərəli olardı.

Müsahibəyə razılıq verdiyiniz üçün sizə minnətdaram.

Siz sağ olun.

Elnarə GÜNƏŞ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı xüsusi müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
İsmayıllı rayonu