Nəriman HƏSƏNZADƏ.”Ürəyim ananı istəyir, qızım”

Ürəyim ananı istəyir, qızım,
sən yaşa dünyada qəmsiz, kədərsiz.
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm,
yaş ötdü məndən xəbərsiz.

Qaşlarım qaradı, saçlarım ağdı,
təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı
amma tək qocalmaq dərd verir hərdən.

“Dağlar” deyə-deyə mən dağ şamışam,
Hanı tale dostum,
ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
dünyayla düz gəlmir daha mən deyən.

Daddım acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım, qardaşınla sən olmasayadın,-
deyərdim, dünyada ana olmayıb.

Mən işdən çıxanda eybi yox,-dedim,-
dəyirman dünyadı, çarxa düşmüşəm.
Özümünkü bilib fəxr elədiyim,
arxadan vuranda arxa düşmüşm.

Mən qisas almadım yaşadı düşmən,
ilhamda, sənətdə axırdaydılar.
Qisası aldım mən yalnız özümdən,-
böyüklər də gördüm, çox xırdaydılar,
ilhamda, sənətdə axırdaydılar.

Daha yaş artdıqca, səbrim azalır,
yaş yaşdı…
neyləsən yaş əyir, qızım.
Qadınsız-ata da anasız qalır,
ürəyim ananı istəyir, qızım,