Polad SABİRLİ.Yeni şeirlər

Polad Sabirli

Polad

Sözdən çıxır sözüm daha,
Yanıb döndüm külə, Polad.
Yaş saxlamır gözüm daha,
Axır gilə-gilə, Polad.

Tazıya tut, qaç dovşana,
Deyən gördüm yana-yana.
Yığılıb çox canlar, cana,
Ağır gəlir şələ, Polad.

Nə qeyzim var, nə qərəzim,
Əyməyib heç vaxt tərəzim,
Şeir yazmaq həyat tərzim,
Ömrü sözə bələ, Polad.

Yalan güldü, utandı düz,
Bunu gördü qızardı üz.
Haqq dilənir gecə-gündüz,
Bu yaşında hələ Polad.

Öz yağımda qovrulmuşam,
Maya olub yoğrulmuşam,
Saman kimi sovrulmuşam,
Olmamışam kölə, Polad.

Nə dərd çək, nə fikir elə,
Dua oxu, zikr elə,
Allahına şükür elə,
Ay agsaqqal, lələ Polad.

Yoxdur

Yanırsan alovun, odun İçində,
Tüstün də görünmür, külün də yoxdur.
Amanın içində, dadın içində,
Dinib danışmağa, dilin də yoxdur.

İtirdin kələfin ucunu yaman,
Bürüyüb qəlbini çiskin, çən, duman,
Bu taledən aman, qismətdən aman,
Uzadıb pozmağa əlin də yoxdur.

Nə fayda sonrakı peşmanlığından,
Büküldü belin də cavanlığından,
Bu necə sevgidir, yamanlığından,
Xoş keçən ayın da, ilin də yoxdur.

Öz əlinlə vurdun qəlbinə yara,
İndi də düşmüsən çətinə, dara.
Sevgi bağçasından verməyə yara,
Çiçəyin də yoxdur, gülün də yoxdur.

Xoşbəxtlik dilədim sənə Allahdan,
Hifs etsin qorusun səhvdən, günahdan.
Qüssədən, kədərdən, amandan, ahdan,
Ağardı, bir qara telin də yoxdur.

Kim bilir kim tapan, kimdi itirən,
Allahdı qisməti bizə yetirən,
Sənə dəyər verən, şərəf gətirən,
Polad kimi sevən, dəlin də yoxdur

27.04.2013.