mm

ÇATMIR

Nə maaş alırıq, nə də təqaüd,
Əlimiz dayazdan dərinə çatmır.
Arada-sırada pul olanda da,
Heç hansı dərdinə-sərinə çatmır.

Nisyə dəftərində adımız başda,
Düşmür başımıza havayı daş da,
İldə bircə dəfə dəmlənən aş da,
Birinə çatanda birinə çatmır.

Pul kimin yoluna işıqlar saçdı,
Kiminin də bağlı baxtını açdı,
Biz əl çirki dedik, bərəkət qaçdı,
Qazamc əlimizin kirinə çatmır.

Əllərimiz boşdur, üzümüz qara,
Aylarla həsrətik dükan-bazara,
Bu dərdi deməkdən gəlmişik zara,
Nə qədər yazırıq, yerinə çatmır.

Kasıblıq zay etdi illərimizi,
Soldurdu çox arzu güllərimizi.
Elə boşaldıblar əllərimizi,
Elin də xeyrinə-şərinə çatmır.

ƏN QÜDSAL İNCİDİR

Qorusan sənindir, ək, halal olsun.
Nə əksən torpağa yetirəcəkdir,
Ha çalış, ha vuruş faydası yoxdur,
Qoruya bilməsən itirəcəkdir.

Torpağının əsl sahibi olsan,
Kimsə tərpədəmməz yerindən səni.
Torpaq bir qaladır, qoruya bilsən,
Qoruyar düşmənin şərindən səni.

Bizə həm Vətəndir, həm ruzi verən,
Yoxdur bərabəri səxavətində.
Dünya qurulandan, torpaq insanın,
Ən qüdsal incidir əmanətində,

Bizi damla bilər ümman dünyamız,
Torpağa yağarıq, buxarlanarıq.
Yaşar içimizdə güman dünyamız,
Yenə qönçə-qönçə baharlanarıq.