Rahilə DÖVRAN.Yeni şeirlər

rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

SEVİMLİ DOSTLAR ! UŞAQLARI UNUTMAYAQ!

XORUZ İLİMİZ

Neçə vaxtdır yol gəlir,
Yürüyür, gah dinçəlir.
Dimdiyilə qar dəlir,
Yeni Xoruz ilimiz.

Dayanmışıq üz- üzə,
Arzu, dilək təp- təzə.
Səfa gətirsin bizə,
Yeni Xoruz ilimiz.

Silsin dumanın, çənin,
Açsın zəfər yelkənin.
Şanı olsun ölkənin,
Yeni Xoruz ilimiz.

Hərbin işin bitirsin,
Qan- qadanı itirsin.
Dövrana sülh gətirsin,
Yeni Xoruz ilimiz…

TƏRK ETDİN

“Sonetlərim” – silsiləsindən

Tərk etdin qəlb evim tamam boşaldı,
Bənzədi boş qalmış quş yuvasına.
İncə duyğularım yiyəsiz qaldı,
Köhləndi əhvalım qəm havasına.

İşgəncə,əzabdır yaşamaq sənsiz,
Gözümü qapatsam,səni görürəm.
Kabusum tənhalıq,ömür düzənsiz,
Sevgisiz,sevdasız,həyat sürürəm.

Həsrətin özündən vəfalı çıxıb,
Bütün xəyalları devirib,yıxıb.
Mənə həmdəm olub,sən gedən gündən.

Hisslərim yuxulu,hisslərim ürkək,
Hər addım səsinə çırpınır ürək.
Xilas olmaq üçün hicran yükündən.

DƏMİR YOLLARI

Naxçıvan- Bakı Azərbaycan dəmir yolları 28 ildir ki, bağlıdır. Naxçıvan- Təbriz- Tehran- Məşhəd qatarının yola salınması münasibəti ilə bağlı qapılarımızın açılması arzusu ilə…

Azğın qasırğalar kükrəyib, əsib,
Lənət çənbəritək yolunu kəsib.
Bağlanıb yurdumun dəmir yolları,
Namərdcə kəsilib polad qolları.

Susub qatarların ritmik nəğməsi,
Sükuta qərq olub nəşəsi, səsi.
Lal olub,kişnəmir dəmir kəhərlər,
Oxumur nəğməsin metal təkərlər.

Bu nəbzi kəsibdir daşnak qayçısı,
Qafqazın dığası, xain “hay”çısı.
Illərlə giribdir min dondan-dona,
Xalqımız yer verib qoynunda ona.

Qara niyyətlərin gizli saxlayıb,
Şirin xülyalara ümid bağlayıb.
Arxalı köpəktək qıcırıb dişin,
Saman altından o , görüb öz işin.

Qanlı çəpər olub bu ulu yurda,
Sanır ki, Naxçıvan qalacaq darda.
Eşitsin o, zalım, rəzil qəsbikar,
Bu yurdun, bu elin Ər yiyəsi var.

Olsa da qapalı dəmir yolları,
Namusdur, qeyrətdir sərvəti, varı.
Pak qəlbi sevgiylə,hünərlə dolu,
Kəhkəşan yoludur bu xalqın yolu.

YENİ İLİNİZ MÜBARƏK DOSTLAR !

XOŞ GƏLDİ YENİ İL

Budur – sıfırlanır saatın mili,
Səslənir son ilin əlvida zili.
Dostlar, qarşılayaq mübarək ili,
Süzün badələri, hamısı dolsun,
Xoş gəldi yeni il, – mübarək olsun!

Özüynən xoş günlər, səfa gətirsin,
Özüynən sağlamlıq, şəfa gətirsin.
Xoşbəxtlik, səadət, vəfa gətirsin,
Arzular, istəklər, diləklər gülsün,
Xoş gəldi yeni il, – mübarək olsun!

Hər üzdən, çöhrədən təbəssüm yağır,
Yurdumda olmasın, kimsə qan- bağır.
Hökm etsin il boyu, eldə çal- çağır,
Ən gözəl il kimi, yaddaşda qalsın,
Xoş gəldi yeni il, – mübarək olsun!

Dövranın dərgaha çatsın duası,
Yağıdan alınsın, xalqın qisası.
El- obam geyinsin zəfər libası,
Mənfur, asi düşmən yurddan qovulsun,
Xoş gəldi yeni il, – mübarək olsun!