em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

BU QIZIN

Elə bil ki, bir lalədi yanağı,
Qızılgüldü yaraşıqlı dodağı,
Çiçək açır hara dəysə ayağı,
Hər kipriyi sanki oxdu, bu qızın.

Boy-buxunu tamaşadı, tamaşa,
Tanrı özü sürmə çəkib göz, qaşa,
Yanağında yaraşıqlı xal qoşa,
Naz, qəmzəsi yaman çoxdu, bu qızın.

Ürəyimdə məhəbbəti dənizdi,
Gülərüzdü, mehribandı, əzizdi,
Baxışları Aydan, Gündən təmizdi,
Alnı açıq, gözü toxdu, bu qızın.

Yerə, göyə yaraşıqdı əzəldən,
Çəkmək olmur gözü belə gözəldən,
Şipşirindi min şeirdən, qəzəldən,
Çiçək kimi açıb baxtı, bu qızın,

Arzusudu, istəyidi hər kəsin,
Dünya hələ görməyibdi beləsin,
Söylə axı, Əziz Musa neyləsin,
Bir insafı vallah yoxdu, bu qızın.

GÖZƏL

Baxışın nurludu,gözün gözəldi,
Dodağın qönçədi,üzün gözəldi,
CamalIn aləmdi,sözün gözəldi,
Sən mənim canımsan, gözümsən, gözəl.

Sevginlə bəzənib könül sarayım,
Sən mənim qismətim, sən mənim payım,
Ömrümü bəzəyən Günəşim, Ayım,
Sən mənim canımsan, gözümsən, gözəl.

Ətirli bir gülsən, incə çiçəksən,
Cənnət hürüsüsən, nazlı mələksən,
Ən gözəl, ən şirin arzu, diləksən,
Sən mənim canımsan, gözümsən, gözəl.

Min nəğmə qoşaram sənin adına,
Alışıb, yanaram eşqin oduna,
Bal, şəkər qataram xoş həyatına,
Sən mənim canımsan, gözümsən, gözəl.

Günəşsən, başına Ay tək dolannam,
Sən varsan göyləri , yerləri dannam,
Mən Əziz Musayam, eşqinlə yannam,
Sən mənim canımsan, gözümsən gözəl.