İnsanın sahib olduğu minlərlə nemətlərdən biri də gözləridir. İnsan gözlərini açdığı andan etibarən bütün dünyanı, həyatı, insanları onlar vasitəsilə tanıyır. Gözlərinin gördüyü kiçik bir detal belə insanda böyük təəssüratlar oyadır. Bəs gözlər sadəcə görmək, ətrafa baxmaq və həyatı anlamaq üçündürmü?
Əlbəttə ki, xeyr. Amma bəzi insanlar bu həqiqətin fərqində deyillər. Bir çox insan gözləri ilə yaşaya, hiss edə və həyatdan zövq ala biləcəklərindən xəbərsizdir. Halbuki göz insanın bütün ruhunu əks etdirən, eləcə də ürəyindəki hər duyğunu ən gerçək və ən təsirli şəkildə çatdıran yoldur. Yüzlərlə sözü tək bir saniyədə və bir yerdə ifadə edə bilmənin yoludur baxışlar. Sözlər və davranışlar insanı aldada bilər, gözlər isə insanı əsla çaşdırmaz, ən dürüst məlumatı çatdırar. Dərin mənaları, ucsuz-bucaqsız dünyanı bir insanın gözlərində görmək mümkündür. İnsanın ruhunda baş verənləri, o insanın nələr fikirləşdiyini, nə hiss etdiyini, sözlərə əks olunmayan bir çox duyğunu baxışlardan anlamaq mümkündür. Kimsənin görə bilmədiyi gizli duyğuları gözlərdən gözlərə qurulan bağ ilə anlamaq mümkündür.
Dostluq, etibar, sədaqət, şəfqət, mərhəmət kimi bütün gözəl və qiymətli duyğuların əsil yaşandığı yer gözlərdir. Bu duyğular gözlərdə yaşandığı təqdirdə, qəlbə də enər.
Əlbəttə, gözlər ən çox “sevgi” üçün yaradılıb. Çünki gözlər sevgini göstərməyin ən yaxşı yoludur. Birbaşa ürəkdən gələn sevgi gözlər vasitəsilə qarşı tərəfin qəlbinə ən güclü şəkildə təsir edir. Heç danışmadan və bir söz demədən nə qədər çox sevdiyinizi, ən təsirli sözlərlə və ən gözəl tərzdə izah etməyin yeganə yoludur gözlər.
Gözlər həm də qarşıdakı insanda etibar yaratmaq üçündür. Ən çox sevdiyiniz insana onu nə qədər sevdiyinizi, həmçinin hər zaman, hər şərtdə onun yanında olacağınızı, onu daim qoruyub müdafiə edəcəyinizi, yaxşı gündə, pis gündə onunla birlikdə olacağınızı, onu buraxmayacağınızı gözlərinizin dərinliklərinə yerləşmiş o inam hissi ilə izah edə bilərsiniz.
Gözlər sədaqətinizi də ən gözəl tərzdə ifadə edir. Güclü sevgi və möhkəm bağla o insanın yanında olduğunuzu, sevginizin, sədaqətinizin keçici olmadığını, ölümünə qədər sevib hörmət etdiyinizi və həqiqi bir dost olduğunuzu yenə ancaq gözlər vasitəsilə çatıra bilərsiniz.
Gözlər qədər sözlər də, əlbəttə ki, çox vacibdir. Lakin buz kimi soyuq, tutqun, mənasız, sanki şüşə kimi baxan gözlərdən gələn gözəl bir söz əsla və əsla qəlbə xitab edə bilməz. Belə soyuq gözlə baxan bir insan dünyanın ən gözəl cümlələrini, ən heyranedici sözlərini də seçsə, o soyuq gözlərlə söylənən sözlərin heç biri qarşıdakı insanın ürəyinə yol tapa bilməz. Qəlb daim isti sevgi axtarır və ancaq bu dərin sevgini tapanda qapısını sona qədər açır. Gözlə ürək sanki aralarında gizli müqavilə bağlayıb, gözlər qarşıdakı gözlərdən aldığı gözəlliyi birbaşa ürəyə ötürür. Burada iradədən istifadə etmək qeyri-mümkündür. Ruh hər zaman hər yerdə gözəlliyi axtarır və tapanda da onu dərhal tutur. Buna görə də gözlə izah edilənləri insanın yalnız sözlərlə çatdırması əsla mümkün deyil.
Dünyanın ən təsirli sözləri təkbaşına insanın qəlbində heç bir iz buraxmaz, ancaq sadə bir neçə söz, bədahətən gələn bir ifadə və ya cümlə o mənalı gözlərlə birləşərək qəlbdə möhtəşəm həyəcan, sevinc, xoşbəxtlik, sevgi yaradır.
Buna görə də insan yalnız sözlərə güvənib gözlərin əhəmiyyətini kənara qoymamalıdır. Gözlər mənalı istifadə edilmədikdə insan heç bir zaman axtardığı həqiqi hisləri tapa və qarşısındakı insana həqiqi hislər bəsləyə bilməz. Nə sevgisi, nə qayğısı, nə hörməti, nə sədaqəti, nə dostluğu gerçək ola bilməz. Çünki ruh buna izn verməz, gözlər nə qədər ki ancaq baxmaq üçün istifadə edilsə, ruhun axtardığı gözəlliklər heç vaxt ortaya çıxmaz.
Əgər insan gözlərini yalnız bədəninin bir hissəsi, görmə orqanı kimi görsə və onu yalnız bu məqsəd üçün istifadə etsə, bir robotdan heç bir fərqi qalmaz. Bu mexaniki varlıq necə ki yerimək və ya müəyyən hərəkətləri icra etmək üçün planlaşdırılmış metal yığınından ibarətdirsə, gözlərini yalnız önünü, arxasını, sağını, solunu görmək üçün istifadə edən bir insan da eynilə robot kimi ruhsuz varlıq olar.
İnsana əsil məna verən, onu dəyərli edən ruhudur. Ruhunda gözəlliklər olmadığı və bu gözəlliklər bədəninə əks olunmadığı müddətcə o insanın dekorativ güldən fərqi qalmaz. İnsan ancaq ruhunda yüksək duyğular və dərin mənalar bəsləyə və bunları tək-tək bütün bədən üzvlərinə əks etdirib, bu ruhla onları canlandıra və məna verə bilər. Ancaq o zaman insanın ağzı, burnu, gözü, saçı, əli, qolu nurla əhatə olunar. Bu zaman insan bir robotla deyil, gözəlliklərlə dolu, gerçək bir insanla həmsöhbət olduğunu hiss edə bilər. Allahın hamımıza həm bu dünyada, həm də cənnətdə gözlərimizə dərin sevgi ilə baxan insanlar nəsib etməsini diləyirəm. Çünki həqiqi sevgini tapan insanların sayı çox azdır, bu insanların arasında olmaq isə əsil xoşbəxtlikdir.

Xəyalə SƏFƏROVA