rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

AĞ GÖYƏRÇİNİM

Sülh quşu deyirlər adına sənin,
Hüdudsuz göylərdir yerin,məskənin.
Ümidi olmusan hər bir ölkənin,
Azadlıq,sülh quşum, ağ göyərçinim.

Yox dedin cahanda,yurdda savaşa,
Ey barış carçısı,səni min yaşa.
Sevinclə bağdaşsan,fərəhlə qoşa,
Azadlıq,sülh quşum, ağ göyərçinim.

Sanki bir mələksən,bəmbəyaz qarsan,
Qartaltək hünərlə dağlar aşarsan.
Hey xoş məramlara qanad açarsan.
Azadlıq sülh quşum,ağ göyərçinim.

Mənim də ölkəmə barış,sülh gətir,
Hicranı,həsrəti yurdumdan götür,
Dövranın Qarabağ dərdini bitir,
Azadlıq,sülh quşum,ağ göyərçinim.

OXŞA MƏNİ

“Könül dəftərim” – silsiləsindən

Dərdə, sərə boyanmışam,
Kül olmuşam, lap yanmışam.
Boynu bükük dayanmışam,
Dön gəl, özün oxşa məni.

Dünya sərxoş, dünya yatıb,
Dərd yükünü mənə çatıb.
Doğmalar da məni atıb,
Dön gəl, özün oxşa məni.

Zindan kimi, zülmət otaq,
Buz kimidir sənsiz yataq.
Dön, fələyə meydan açaq,
Dön gəl, özün oxşa məni.

Gör haradan əsir yellər?
Xəndan olub qızıl güllər.
İnlər “Yanıq Sazda” tellər,
Dön gəl, özün oxşa məni.

Olammazsan bunca zalım,
Düşün, sənsiz necə qalım?
Dön yanıma, qadan alım,
Dön gəl, özün oxşa məni.

Dövran tutsun gül əlindən,
Keçək həsrət, qəm selindən.
Seçilməyək “bəy- gəlindən”,
Dön gəl, özün oxşa məni…