“YENİ UĞURLAR SORAĞINDA”

Müasir məktəbin əsas vəzifəsi hər bir şagirdin bacarığını aşkar etmək, yüksək texnoloji, rəqabətli dünyaya hazır olan şəxsiyyət yetişdirməkdən ibarətdir. Bu şərəfli missiyanı böyük məsuliyyətlə yerinə yetirən müəllimlər təhsil ordusunun müsəlləh əsgərləridir. Sumqayıt şəhər Z.Hacıyev adına 17 nömrəli tam orta məktəbin müəllimi Arzu Çobanova gənc müəllimdir. Gənc olmasına baxmayaraq işlədiyi müddət ərzində təlim metodlarından fəaliyyətində yaradıcılıqla istifadə etməsi, dərsləri yüksək səviyyədə qurmaq bacarığı, şagirdlərə fərdi yanaşma tərzi, təcrübə ilə nəzəriyyənin vəhdətinə xüsusi diqqət yetirməsi, onu həm məktəbin, həm valideynlərin, həm də şagirdlərin sevimlisinə çevirib. Şagirdlərinə ən böyük tövsiyəsi ana dilini mükəmməl mənimsəməkləri, vətənə layiq, gərəkli şəxsiyyətlər kimi böyümələri olan Arzu Çobanova üçün də ən vacib iş şagirdin bilik səviyyəsinin yüksəldilməsi, onun tərbiyəsinin formalaşmasıdır. Hər bir dərsi açıq dərs çərçivəsində quran müəllimin maraqlı və yaddaqalan dərslərindən biri də onun 8 a sinfi ilə Azərbaycan dili fənni üzrə “Tamamlıq” mövzusunda keçirdiyi açıq dərsi idi.
İlk dəqiqələrdə şagirdlər açıq dərsdə iştirak edən məktəbin direktoru Mehriban Nəcəfova və məktəbin bir qrup müəllimlərini salamladılar. Şagirdlərdə bilik və bacarığı, məntiqi, şifahi nitq mədəniyyətini, ana dilimizə məhəbbəti, vətənpərvərliyi, xeyirxahlığı inkişaf etdirmək məqsədilə müəllim dərsin motivasiyasını təqdim etdi. Elektron lövhədə göstərilən şəkillərdə “Ana nə edir? sualı öz əksini tapmışdı. Şagirdlər müxtəlif versiyalarla verilmiş sualları məntiqli və dolğun fikirlərlə cavablandırdılar. Cavablar dinlənildikdən sonra sinif “Rəssamlar”, “Memarlar”, “Şairlər”, “Bəstəkarlar”, “Yazıçılar” adlı qruplara ayrıldı. Hər qrupa iş vərəqləri paylanıldı. Hansı sözlər tamamlıq ola bilər? Tədqiqat sualı ilə tanış olan şagirdlər böyük maraqla öz tədqiqatlarına başladılar. Əsas məqsəd ismin hallarını, vasitəsiz, vasitəli tamamlığı yada salmaq, “Nə?” sualına cavab verən tamamlığı mübtədadan necə fərqləndirmək idi. Dərsin ikinci mərhələsində hər qrup üçün ayrıca tablolar ayrıldı. Qruplara tapşırıqlar verildi.
“Rəssamlar” qrupunun işi: verilmiş sözləri cümlədə ismin müxtəlif hallarında olmaq şərti ilə tamamlıq vəzifəsində işlədin – ərazi, kömür, lövhə, meşə, pələng, papaq, tüfəng. Verilmiş bayatılardan tamamlıqları seçib yazın.
“Memarlar” qrupunun işi: verilmiş sözləri cümlədə ismin müxtəlif hallarında olmaq şərti ilə tamamlıq vəzifəsində işlədin – çətir, bitki, aşiq, bağban, armud, bayraq, qapaq. Verilmiş yalıntmaclardan tamamlığı seçib yazın.
“Şairlər” qrupunun işi: verilmiş sözləri cümlədə ismin müxtəlif hallarında olmaq şərti ilə tamamlıq vəzifəsində işlədin – şənlik, təxribat, gerb,dəyirman, yeşik, hörük, fasilə. Verilmiş laylalardan tamamlığı seçib yazın.
“Bəstəkarlar” qrupunun işi: verilmiş sözləri cümlədə ismin müxtəlif hallarında olmaq şərti ilə tamamlıq vəzifəsində işlədin: daş, çiçək, drijor, əjdaha, kubok, parta, sertifikat. Verilmiş təmsildən tamamlıqları seçib yazın.
“Yazıçılar” qrupunun işi: verilmiş sözləri cümlədə ismin müxtəlif hallarında olmaq şərti ilə tamamlıq vəzifəsində işlədin – qapı, dovşan, stəkan, şəkil, baba, torpaq, bağça. Verilmiş atalar sözlərindən tamamlıqları seçib yazın.
Kiçik qrupların təqdimatlarının dinlənilməsi müsahibə şəklində keçirildi. Cavablar müqayisə edilərək hansı qrupun daha səmərəli işlədiyi aşkara çıxarıldı. Hazırlanmış işlər qrupların liderləri tərəfindən təqdim edildi. Müzakirələr, fikir mübadiləsi, faktlar əsasında nəticə çıxarıldıqdan sonra yaradıcı tətbiqetməyə başlanıldı. İşin yekun nəticələri qiymətləndirmə tablosunda əks etdirildi.
Sonda məktəbin direktoru Mehriban xanım Nəcəfova tərtib etdiyi maraqlı və məntiqi suallar vasitəsilə şagirdlərlə dialoq qurdu. Suallar geniş və məntiqli şəkildə cavablandırıldı. Məktəbin direktoru yüksək səviyyədə hazırlanmış dərsə görə müəllimə və şagirdlərə təşəkkür etdi, onlara yeni uğurlar arzuladı. Vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin dediyi kimi “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”. Bu gün əsas məqsəd şagird interaktivliyini ön plana çəkmək, özünəinam hissini artırmaq üçün onlara subyekt kimi yanaşmaqdır. Bu istiqamətdə biz müəllimlər şagirdlərimizə bir bələdçi kimi düzgün istiqamət verməyi bacarmalıyıq. Yalnız o zaman gözəl nəticələr əldə edə, vətənpərvər övladlar formalaşdıra bilərik.
Müdrüklərimizin belə bir kəlamı var, “Əgər insanın qəlbi sevinc hissi ilə döyünürsə, o Allah sevgisi, Allahın lütfidir”. Şagirdlərinin naliyyətlərindən qəlbi sevinc hissi ilə döyünən Arzu Çobanova Allahın bəxş etdiyi sevgini və lütfi xalqın övladlarına bəxş etdikcə hər sabahını böyük şükranlıqla açır. Bu şükranlıq onu yeni uğurlara, yeni arzulara aparır…

Nisə Qədirova,
şairə-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Qızıl Qələm” Media Mükafatları laureatı