Gündəlik Analitik İnformasiya Agentliyinin
İsmayıllı şəhəri üzrə xüsusi müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hamıdan doğma olar,
Anası hər uşağın.
Yuxusu kəsir qalar,
Anasız bir uşağın.
Arzusu darmadağın.
Xəyalları kəm gəzər
Gözü daim nəm gəzər
Paltarının qırışı.
Uzaqdan çəkər nəzər.
Gözündə donub qalar,
Təbəssümü, gülüşü
Ürəklər parçalayar
Gizlicə məzarlıqda
Anasıyla görüşü,
Anasız uşaqların…
Döşüncəsi böyüməz,
Boynunu büküb baxar,
Nə qədər yüksəlsə də,
Heç nəyiylə öyünməz.
Öyünməz sevgisiylə,
Çünki onu vaxtında
Dadmadı doya-doya.
Öyünməz təhsiliylə
Onu necə qazanıb?
-İlləri saya-saya!…
İnanmıram öyünsün
Bu dünyanın malıyla.
Dünyada gün görmədi
Bir ailə xəyalıyla…
Anasız uşaqların
Evə marağı olmaz…
Gecə yatıb yuxuda
Anasından öyrənər
Bütün varı-yoxu da,
Öyrənər bu həyatın
yolunu yöntəmini..
Həyat onu çırpdıqca
Kəsəyinə daşına
Anasız uşaqların
Çox iş gəlir başına.
Səliqə-səhmanı
Bişirib-düşürməyi…
Yəni bütün dünyanı,
Nə vardırsa hər şeyi
Anasından öyrənər
Anasız uşaqlar.
Anasız qızın yeri
Künc olur, bucaq olur.
Anasız qız yalandan,
Hiylədən uzaq olur.
Oğurlanır arzusu
Qırılır ümidləri.
Soyuq olur Atası
Laqeyid olur əri.
Onunku əvvəlindən
düz gəlməyib həyatda
Yetim böyüyən uşaq
Zəhər dadır min dadda.
Hamıya soyuq olar,
Məsafəni gözləyər.
Hamı deyib-güləndə
Onun qəlbinə dəyər.
Budur Anasızların
Ahı ürək sızladır.
Həyatının bir anı…
Sanki yıxır dünyanı.
Həyatın bu üzü var
Anasız uşaqların
Yalnız bircə sözü var
Anacan gəl yanıma
Axı hardasan harda?!!!
Nə qədər gözləyəcəm?
Gözüm qalıb yollarda!…