Rahilə DÖVRAN.Yeni şeirlər

rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

VƏTƏNİMİN LALƏLƏRİ

“Vətənimdir” – silsiləsindən

Yaz fəslində gələr qonaq,
Pişvazında biz dayanaq.
Sürməli qız, alma yanaq,
Vətənimin lalələri.

Sıralanıb boydan-boya,
Nazlı qızlar gedir toya.
Say,hesabı gəlməz saya,
Vətənimin lalələri.

Aşıq tapmır tərifə söz,
Qönçələri badamı göz.
Ləçəkləri qızmar, al köz,
Vətənimin lalələri.

Bir aləmdir, seyri-səfa,
Gəlişləri sevinc, şəfa.
Olmayıblar heç bivəfa,
Vətənimin lalələri.

Yaylaq boyu hey dolaşar,
Gədik qalxar,yoxuş aşar.
Nərgizlərlə qucaqlaşar,
Vətənimin lalələri.

Bəzəyin şad ölkəmizi,
Şadlandırın qəlbimizi.
Dövran səslər hər yaz sizi,
Vətənimin lalələri.

BİZ OLDUQCA VƏFASIZ

“Vətənimdir” – silsiləsindən

Qara rəngli illərin,
Üstünə dağ qalandı.
Tərk edilmiş ellərin,
Tifaqlqrı talandı.

Gör neçə il yaşandı,
Xankəndisiz, Şuşasız
Yurdlar alışdı, yandı,
Biz olduqca vəfasız.

Qubadlı, Kəlbəcərin,
Hanı hüsnün oxşayan?
Qoç Nəbinin, Həcərin,
Varmı, gorun yoxlayan?

Laçında, Zəngilanda.
Sanki məskən olmayıb.
Fələk “şivən” salanda,
Daş- daş üstə qalmayıb.

Yağı külə döndərib,
Cəbrayılı, Ağdamı.
Ellər didərgin, qərib,
Dolmur fələyin camı.

Qız, gəlin, ahıl, cavan,
Füzuli harayında.
“Yerli qaçqın, yad- qovan”,
Hər kəs canı hayında.

Əsir, girov torpağın,
Tapılmayır çarası.
Sağalmır Qarabağın,
Irinləmiş yarası…

Düşün, xatırla- Dövran,
“Apreldəki zəfəri”.
Söyləyəcək:- “qana- qan”,
Azərbaycan əsgəri…