sv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

(Bir şeir üstündə gəzişmələr)

1402-ci ildə İstanbulun fəthini yarım əsr gecikdirən Ankara döyüşü baş verdi. Bayazid Topal Teymura məğlub oldur və əsir düşdü. Nə az, nə çox, düz doqquz ay Bayazid Teymurun əsiri oldu. Doqquz ay… El arasında bu zaman kəsiyinə “bir igidin ömrü” deyirlər. Yəni, Bayazid bir igidin ömrünü əsir olaraq keçirdi. Həm də özü kimi bir qüdrətli sərkərdənin əlində… Bu əsirlik tarixdə kiçik bir fakt kimi qeyd edilir. Əslində isə bu, öz qüdrətinə inanan, adıyla alaçıqlar sökdürüb saraylar titrədən Bayazidin özünə olan məğlubiyyəti idi. Özü-özünü bağışlaya bilmirdi. Teymurun əlində Bayazid türk qürurunun qəribə bir simvolikasıdır.

Teymur gələndə Bayazid heç zaman ayağa qalxmazdı! Amma indi məğlubiyyətini anlayıb da özünə əfv qıla bilmirdi! Yanğısını Teymura göstərmək, özündən isə gizlətmək istəmirdi! Bir igidin ömrünə qüruruyla savaşı güclə sığdıra bildi Sultan Bayazid…

Tural Turanın “Xaç ortası hilal” adlı bir şeiri var. Bu şeirdəki “Teymurun əlində Bayazid kimi” misrasından sonra oturub “Yanıq Kərəmi”yə də ayrı cür yanmışam, Bayazidəsə ayrı cür ağlamışam.

Tural öz şeirini “Xaç ortası hilal” adlandıranda Kərəmin tərsa eşqini car çəkmək istəyir. Onun üzüdönmüş könül quşunun qanad çırpıntısının səsinə gedib bir toy mağarına rast gəldiyini anladır. Burda gördüyü mənzərə onu dəhşətə gətirir:

Bir ağa ağlayır, bir bəy ağlayır,

Bir dunuq ağlayır, bir key ağlayır,

Mağar qırağında bir səy ağlayır…

Simlər düymə olub, Kərəm…

Açılmır!

Qulağına gələn saz səsi, mağar qırağında hərəsi bir ağaca qısılıb ağlayan bu adamlar… İçəridə başını saza söykəyib hönkür-hönkür ağlayan aşığın başı üstündə sanki “burum-burum qar” görünür. Tavarın oyun yeri genəlsin deyə hərə öz stulunu götürüb bir tərəfə çəkilir. Tural Turan mağara girdiyinə də sevinə bilmir. Çünki:

Bir ağsaqqal kişi qol götürüb, qol…

Dərdinə ağlayır sarı simdə o.

Yarəb! Atalara özün kərəm qıl…

Simini çəkiblər daram, açılmır.

Kimisinin üzündə kinayə var ona baxanların, kimisinin gözlərində heyrət, kimisi də ya başını büküb mağardan çıxır ki, ağlamağını görən olmasın, başqa biri də göz yaşlarını gizlətməyə də lüzum görmür. Şair oynayan ağsaqqalı anlamaq istəyir, fikrində, düşüncəsində ağsaqqalın yanğısını duyur, duyduqca da hamıya demək istəyir:

Nə olsun, bir azca vurub-içibdi,

Ortaya çıxıbsa, ölçüb-biçibdi!

Eşqi Əslini də ötüb keçibdi…

İçinə saplanan vərəm açılmır.

Ağsaqqal kişinin gözüyaşlı oyunu qarşısında özü necə mat qalırsa, şeirini oxuyan hər kəsi də sözə möhtac qoyur şair. Oynayanın havaya uyğun bükülüb açılan qoluna, gah sol, gah sağ çiyninə qısılan başına, hər dəfə qollarını sinəsində çarpazlayanda çəkdiyi “ah”a anladığı izahı verir:

Özü layla, oyunu ağıt kimi…

Teymurun əlində Bayazid kimi…

Az qallam,

Qıraqdan məzlum it kimi

Düşəm qolum üstə hürəm!

Açılmır…

Tural Turan “xaç ortasında hilal”ı bu kişinin oyununda seyr edir, dizləri bükülməsin deyə mağar dirəyindən yapışır. “Ərzurumun gədiyinə varanda” Xan oğlunun qəribliyini hiss etdiyi kimi əl uzadıb kişinin qolundan tutmaq, bağrına basmaq, doğmalığı daha içdən yaşamaq istəyir. Lakin onun oyununu yarıda kəsməyə ürəyi gəlmir. “Yanıq Kərəmiyə oynamaq olmaz!” – deyənlərin bu yanğını anlamadığına heyfsilənir… Bu gözüyaşlı, bu ağı kimi oyunu haqq eşqinə düşənlərin halalı hesab edir:

Oyna, ağsaqqalım, halalın olsun!

Kərəm Xaç ortası hilalın olsun!

Başım dizin üstdə qavalın olsun,

Hirsindən bir-iki vur, daram!

Açılmır?!

Qara sazda “Yanıq Kərəmi”yə qulaq asıb da ağlaya-ağlaya bircə cümlə keçir ürəyimdən: Yazdığın bütün misralar, yandığın bütün havalar, dolandığın bütün gədiklər, şeir xalısına vurduğun bütün bədizlər halalın olsun, Tural!

Mənbə: Ustad jurnalının 3-cü sayı.