abdullamuellim

ETİRAF

Nə qədər gizləyim baxışımı mən,
Nə qədər gözündən yayınım, qaçım?
Sığınıb gecənin ağuşuna mən,
Tənha bir qüssəni nə qədər qucum?

Sənli ümidimin gerçəyi baha,
Sövq etmə əlçatmaz istəyə məni.
Ömrümün payızı yetişib daha,
Salma dərd eləyib ürəyə məni.

Bu könül dünyam da könlümü almır,
Könülsüz açılır gözümdə səhər.
Ürəyim könüllü qayğıma qalmır,
Haradan qarşıma çıxdı bu qədər?!

Səninlə bağlıdır könül süstlüyüm,
Könlümü açıram yuxutək suya.
Könlünü üzməsin könülsüzlüyüm,
Könlümdə tək sənsən – sevgili dünya.

Tər gülsən, ətrin də ürəyimcədi,
Qışımda bahartək könlüm də sənsən.
Nə desən, haqqın var – ürəyincə de…
Dəymə ürəyimə – könlümdə sənsən.

Özümdən qaçıram dili dualı
Günlərin əlində nazilir könlüm.
Bu dəli sevdamla başı havalı
Nə qədər sızlayım, əzilim, könlüm?!

Nə qədər daş olum baxışına mən,
Nə qədər gözündən o yana qaçım?
Nə deyim bu həsrət yağışına mən,
İslana-islana hayana qaçım?!

Azərbaycan.Quba.

GEDƏSİYƏM SÖZ ÇİYNİNDƏ

Bir gözümdə dəli sevdam,
Bir gözümdə bəyaz günah.
Sağ ovcumda ürəyimdir,
Sol ovcumda güman,Allah!

Üzümə gülən qədərim
Sevindirir doğmaları.
Sözümə qibtə edənə
Nuş olmur söz loxmalarım.

Eşqlə yandım diri-diri,
Hər günümü üzdü gülüm.
Kül altında közüm diri,
Gələn günə közdü külüm.

Yarı bəndə,yarı mələk,
Yarı sevinc,yarı dərdəm.
Yarı röya,yarı gerçək,
Qədərimin yarı dərdəm.

Yarı quldur,yarı cənab,
Yarı yolun yarı canım.
Sevincimə yarımadın,
Barı dərdə yarı canım.

Söz altında yoxdur yerim,
Yol gedirəm,haqq əynimdə.
“Ol” sözündən yaranmışam,
Gedəsiyəm söz çiynində.

Azerbaycan / Quba.