Danışmaq lazım olduqda bir çox insan bir mövzu haqqında ola biləcək ən gözəl sözləri deyir, ən doğru, ən ağıllı şəkildə davranmaq lazım olduğunu bildirir.

Bir çox insanda rast gəlinən bir xüsusiyyət var. Danışmaq lazım olduqda bir çox insan bir mövzu haqqında ola biləcək ən gözəl sözləri deyir, ən doğru, ən ağıllı şəkildə davranmaq lazım olduğunu bildirir. Gözəl əxlaq haqqında ən incə təfərrüatlarına qədər ən mükəmməl sözləri deyir. Özünün də bu ən yaxşı, ən doğru və ən mükəmməl olanı etməyi qarşısına məqsəd qoyduğunu və bunda çox qərarlı və istəkli olduğunu dilə gətirir.

Ancaq çox vaxt bu danışılanları həyata keçirmək lazım olduqda, eyni insanlar sözlərindəki istək və qərarlılığı nədənsə davranışlarına əks etdirmirlər. Bir anda ən doğru, ən yaxşı və ən mükəmməldən asanlıqla vaz keçirlər. Qısası, sözləri ilə hərəkətləri üst-üstə düşmür. Bəzən davranışlarında, sözlərində danışdıqlarından heç əsər-əlamət belə olmur.

Əslində hər insan müəyyən bir mövzuda nə etməli olduğunu, ən doğru davranışın nə olduğunu biləcək şəkildə yaradılmışdır. Allah hər insanın vicdanına ən yaxşını və ən doğrunu ilham edir. Dolayısilə hər insan hər şəraitdə edilməli olan ən gözəl davranışın nə olduğunu bilir və istədiyi təqdirdə vicdanın ona göstərdiyi bu doğruluğu sözlərinə də ən mükəmməl şəkildə əks etdirir. Ancaq insanın daxilən bildiyi bu doğruları bir də tətbiq etmə mərhələsi var. Bu məqamda insan vicdanı ilə baş-başa qalır. Çox yaxşı bildiyi doğrularla nəfsinə və mənfəətlərinə daha uyğun olan davranışlar arasından seçim etmək məcburiyyətindədir. Bir çox insan bu nöqtədə doğru olana uyğun deyil, öz istəklərinə, mənfəətlərinə uyğun davranır. İlk öncələri yaxşılıq etməkdə nə qədər istəkli, qərarlı və şövqlü olursa-olsun, tətbiq etmə anı gəldikdə bu gözəl əxlaqı tətbiq etmədə iradə göstərə bilmir. İnsanlarda olan bu əxlaq əksikliyinə dair günlük həyatın içindən bir çox nümunə vermək mümkündür. Məsələn, hər insan çətin vəziyyətdə olan birinə kömək etməli olduğunu bilir və bunu ən incə təfərrüatlarına qədər vurğulayaraq müdafiə edir. Hətta bu əxlaqı tətbiq etməyən insanları qınayır. Özü olsa, mütləq yardım edərdi deyə bildirir. Ancaq eyni şərait öz başına gəldikdə bu gözəl əxlaqda iradə və qərarlılıq göstərə bilmir.

Məsələn, avtomobildə gedərkən ehtiyatsızlıqdan bir piyadanı vurduqda, ya da bir başqasının vurub qaçdığı birini gördükdə çox sürətlə nəfs, mənfəət və vicdan mühasibatı aparır. Bu yaralı insana kömək etməyin verəcəyi zərər və təhlükələri düşünür və vicdani olaraq üzərinə düşən məsuliyyətdən yarana biləcək riskləri daha önəmli görür. Heç tərəddüd etmədən bu insanı küçənin ortasında qoyub gedir. Eyni şəkildə səmimiyyətin önəmindən bəhs etmək lazım olduqda demək olar ki, hər insan bu mövzuda önəmli açıqlamalar verir. Amma həyatlarının bir çox mərhələsində bu mövzuda da zəiflik göstərə bilirlər. Məsələn, yaxın bir dostunu qorumaq lazım olduqda, tanımadıqları bir insanın zərər görməsinə heç düşünmədən göz yumurlar. İnsanların çox vaxt qətiyyətlə danışıb, sonradan qətiyyət göstərə bilmədikləri mövzuların bir qismi də adətən özləri ilə bağlı olur.

Bəzi insanlar şəxsiyyətlərindəki, əxlaqlarındakı və davranışlarındakı yanlışlıqlar haqqında çox qəti danışırlar. Bunların yanlış olduğunu çox yaxşı bildiklərini bildirir, özlərini dəyişdirmək lazım olduğundan bəhs edirlər. Çatışmayan cəhətlərinin yerinə tətbiq edəcəkləri gözəl davranışları bütün incəliyinə kimi danışırlar. İlk fürsətdə tamamilə fərqli insan olaraq ən gözəl əxlaqı göstərəcəklərindən danışırlar. Hətta yaxınlarına bu barədə çox səmimi və ürəkdən söz verirlər. Ancaq bu məqamda da bir çox insan anlatdığı doğruları tətbiq etmə məsələsində qərarlılıq göstərə bilmir. Məsələn, hər hansı zərərli vərdişinə görə borca düşən, sahib olduğu hər şeyi itirən, ətrafında dostu və yaxını qalmayan bir insan böyük peşmançılıqla bu vərdişlərini tərk edəcəyini anladaraq insanlardan üzr istəyir. Ancaq bu vərdişlərə geri dönmə imkanı əldə etdiyi ilk andan etibarən verdiyi bütün sözləri unudub, keçmiş həyatına geri qayıdır. Eyni şəkildə əsəbi bir insan nə qədər çətin vəziyyətlə qarşılaşırsa-qarşılaşsın, əsla əsəbləşməyəcəyinə dair söz verir. Ya da çox qürurlu, özündən başqasının sözünə qulaq asmayan, hər kəsin ancaq özünə hörmət edilməsini istəyən tərs bir insan da bu pis xasiyyətini qəti şəkildə tərk edəcəyini deyir. Bunların yanlışlığını və bunun yerinə göstərilməli olan gözəl əxlaqın əhəmiyyətini dilə gətirir…

Bütün bu nümunələrdəki insanlar yanlış olan davranışlarını sadalayıb gözəl əxlaq göstərmədə nə qədər sövqlü olduqlarını səmimi şəkildə dilə gətirirlər.

Halbuki yenə tətbiq etmə anı gəldikə insanlar sanki bu səmimi söhbətləri etməmiş kimi öz xasiyyətlərini davam etdirirlər. Butün bu misallarda bəhs edilən insanların həmin davranışları tətbiq etmədəki uğursuzluqlarının çox vacib bir səbəbi var: Allah qorxusun əskikliyi.

Bir insanın pis olanı tərk edib gözəl olanı qətiyyətli şəkildə tətbiq edəcəyini təmin edəcək amil ancaq insanın Allahdan içi titrəyərək və hörmət bəsləyərək qorxub çəkinməsidir. Əks təqdirdə insanları öz mənfəətlərini tərcih etməkdən çəkindirən, nəfslərinə uyğun hərəkət etmələrindən imtina etdirə bilən heç bir güc yoxdur. Danışmaq hər insan üçün çox asandır. Hətta çox vaxt o insanı digər insanlar arasında ucaldan bir fürsətdir. Bu səbəbdən hər insan yaxşılığın nə olduğu haqqında gözəl sözlər danışa bilər. Amma mühüm olan ancaq danışan deyil, eyni zamanda da tətbiq edən insan ola bilməkdir. Allah Quranda tətbiq etmədə qərarlılıq göstərə bilməyin daha xeyirli olduğunu bu şəkildə bildirir:

Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız. Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır (Saff surəsi, 2-3)

Allah hər insana doğrunu ilham edir. Ancaq nəfs və şeytan doğrunu tətbiq etməkdən çəkindirmək üçün insanı bir çox bəhanələrlə aldatmağa çalışır. İnsanın yaxşı və pis arasında qərar verməli olduğu qısa bir an var. Həmin anda daxili bir səs ona «bu şəkildə et» deyə doğru olanın nə olduğunu mütləq xatırladır. Nəfs də digər tərəfdən ona «amma bu daha önəmli» deyərək insanı pis olana çağırır. İnsan həmin anda sürətlə qərar verib bu səslərdən birini seçir. Allahdan qorxan insan vicdanının səsini eşitməyə bilmir. Nəfsi nə qədər təzyiq edirsə-etsin, o an öz mənfəətlərini əzdiyinə görə nə qədər əziyyət çəksə də vicdanının səsinə tabe olur. Quranda möminlərin bu böyük Allah qorxusu və bunun nəticəsində nail olduqları gözəl əxlaq bu şəkildə xəbər verirlir.

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Firuzə Həsənzadə