rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

G E C Ə L Ə R

“Düşüncələrim” – silsiləsindən

Şəvə, qara tülün çəkib başına,
Gəlir həmdəm ola dərd sirdaşına.
Olur dərdəyanan, həmdərd, aşina,
Lal- dinməz, ulduzlu,aylı gecələr.

Çox şükür Xaliqin verdiyi paya,
Könül qucaq açır ulduza, aya.
Xəyal, xatirələr gəlməyir saya,
Lal- dinməz, ulduzlu, aylı gecələr.

Olur qəlb tarının lal çahargahı,
Əridir kədəri, qübarı, ahı.
Qovur könüldəki suçu, günahı,
Lal- dinməz, ulduzlu, aylı gecələr.

Axşamlar durulur damarda qanı,
Hüzura can atır, insanın canı.
Sehriylə ovudur şair Dövranı.
Lal- dinməz, ulduzlu, aylı gecələr.

MƏNİ

“Könül dəftərim” – silsiləsindən

Keçir ürəyinin saf süzgəcindən,
Köçür şah damarla qanına məni.
Qəlbində kök salım şux düyğutək mən,
Endir ümmanlardan yanına məni.

Axı mən Xudadan alın yazınam,
Dilinin əzbəri, xoş avazınam.
Aşiqin yandıran telli sazınam,
Götür sıx sinənə, canına məni.

Şərəfin, şöhrətin, şanın olaram,
Bəyaz gecələrdə Danın olaram,
Canının içində, canın olaram,
Hopdur zamanına, anına məni.

Əldə dəmir əsa gəzsən cahanı,
Hər yerdə gözlərin gəzər Dövranı.
Bizimtək yarına yaraşan hanı?
Döndər sultanına, xanına məni…