* * *

Bir səhər küləyi əsəs incədən,
Saçlarım beləcə dağılıb gedər.
Ümidsiz arzular qız ürəyinin,
Sevgi dənizində boğulub gedər.

Üzümə güləndə alovlu günəş,
Gözümdən sənsizlik süzülüb düşər.
Günəştək başımda gəzən xəyalın,
QIsılar qəlbimə qarışanda şər.

Gün gedər, Ay gələr səfərdən evə,
Gözlərim hələ də yola dikilər.
Təqvim də, saat da yuxuya gedər,
Mənim yuxularım ərşə çəkilər.

* * *

Görürsən ürəyin yanır, alışır.
Sevgidən araya söz düşən kimi.
Yadına düşəcək payız çiçəyin,
Məhşər ayağında görüşən kimi.

Yolboyu sürünən dəniz küləyi,
Yenə qulağına pıçıldayacaq.
Payız xəzanında ayaq səsimi,
Bir şəhər uzaqdan qəlbin duyacaq.

Ruhunu tərpədən sarışın payız,
Yenə gözlərini qamaşdıracaq.
Gəlib həyatına tək, bircəciyin,
Ağlını yerindən qarışdıracaq.

Qəhərdən hər gecə sabahlaradək,
Yaşaya bilməyib boğulacaqsan.
Ölüb hər gecəni səhər olunca,
Məni sevmək üçün doğulacaqsan.

Unutmaq istəsən sevgimi deyil,
Qəlbindən qopart at söz yaddaşını.
Deyək ki , yox etdin hər şeyi başdan,
Necə siləcəksən öz yaddaşını?