Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

***

Gözümün ağını yuxu çatladır,
Sənin od sıçradır şüşə gözlərin.
Kölgəmin kətili mismar götürmür,
Qoyma yad qucağa düşə gözlərin.

Vida yaylığıtək yellə əlini,
Görüm boğazında kəndir yeri var.
Canını nəm elə yaş kağız kimi,
Qorxma, içimizdə təndir yeri var.

Sən Həvva deyilsən bir alma üçün,
Tamaha bükəsən özünü, ayıl!
Yaman acıqlıdı zavallı ürək, –
Tez-tez qəmə batır gözünü, ayıl!

***

Sən elə bildin ki, eşq səltənətdir,
Hər axşam üzümə qapı bağladın.
Qonşu elçi gəldi, baş barmağına,
Mənim rənglədiyin sapı bağladın…

Dünən düşüb itib nişan üzüyün,
Bilirəm, dünəndən əlin üşüyür.
…Mənim də gözümdə məndən nigaran
Bir ruhu havalı gəlin üşüyür…

Könül vəsf eləmir sən deyən sözü,
Götür nəyin varsa, canımdan gen dur.
…Tanrı, insaf elə, köç vədəsidi,
Bu gün bu xınalı xanımdan gen dur.