sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Rübailin ruhuna ehtiramla…

Rübailin yaradıcılığı haqqında bundan əvvəlki yazımın tarixi 2013-cü ilə aiddir və “Təzadın hikməti” adlanır. Orda şairin xalqın yaddaşındakı kodlardan idrakının gücüylə bəhrələnməsini xüsusi qeyd etmişdim. Və hər dəfə onun hansısa kitabını vərəqləyəndə də sanki eyni ünvana aparan müxtəlif cığırlardan keçirmişəm kimi hisslər yaşayırdım.
“Dar küçələr” şeirini isə internetdən oxudum. O qədər marağımı çəkdi ki, aylardır kompüterimin ekranında saxlayıram bu şeiri. Dəfələrlə oxumuşam, necə deyərlər, şeirin “o yanına-bu yanına keçib düz gözlərinin içinə baxmışam”. Sonunda anladım ki, şeir mənə tam fərqli bir fəlsəfə danışır…
Doqquz bəndlik şeir Rübailin səfər təəssüratı kimi də görünə bilər. Mənsə şeirlə bir ayrı cür danışdım… Şeir mənə ispan mədəniyyətinin alt qatındakı macərapərəst incəsənət fədailəri haqqında “mühazirə oxudu”… Barselonanın dar küçələrində dünya tarixinin müxtəlif dövrlərində ispan təfəkkürünün “insan və zaman”, yaxud “bəşər və bəşəriyyət” tənasübünü necə həll etdiyini şair boyasız, rübəndsiz görə bilib. Və gördüyünü də oxucusundan gizlətməyib:

Bir ispan şəhəri…
Dar küçələri…
Bu dar küçələrin kəlləri dəli…
Hardasan, hardasan, Salvador Dali?
Gəl, mənim şəklimi çək bu şəhərdə!

Uşaqkən filmlərdən və televiziya verilişlərindən həyəcanla izlədiyimiz matador döyüşlərindən tutmuş, çəkildiyi gündən bu yana istər incəsənətin elit təbəqəsini, istərsə də ən adi seyrçini belə təəccübdə saxlayan “Yaddaşın dəyişməzliyi” adlı tablo yaddaşımızda an fərqiylə bir-birini əvəz edir… Və bu an sinir sistemimizi culğalayan ani həyəcan və arxasınca dərin-dərin düşünməyə vadar edən cavabsız sual üzümüzdə olduqca qeyri-adi bir mimika yaradır, əminəm…
Salvador Dali bu məhşur əsərini yaradanda kamamber pendirindən ilhamlandığını gizlətməyib. Pendirin tədricən əriməsi onun üçün əsl enerji püskürməsi rolunu oynayıb. Və rəssam öz əsərilə sanki bütün yaradılışa qarşı üsyan edir. Deyir ki, “zaman hər şeyi yox edir, silir, yaddaşımızda bizimlə birgə yaşayan xatirələr isə zamanı qarşısında diz çökdürür; onlar nəinki qocalmır, əksinə, gündən-günə yenilənir, hər fürsətdə körpə fidan kimi cücərir və hisslərimizlə qidalanaraq boy atır”…