sxv

Müsahibimiz haqqında qısa bilgilər

Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci ildə Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb. 2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunub.
“Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40-cı sayında dərc olunub.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 2-ci “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.
2017-ci ildə“Poçtalyona məktub” adlı yeni şeirlər kitabı Bakıda “VEKTOR” Beynəlxalq Nəşrlər Evi tərəfindən 192 səhifə həcmində işıq üzü görüb.

-Şəfa xanım, bir müddət öncə “Poçtalyona məktub” adlı yeni şeirlər kitabınız işıq üzü gördü. Bu münasibətlə Sizi təbrik edirik, Sizə yeni-yeni yaradıcılıq uğurları diləyirik!

-Çox sağ olun, dəyərli qələm dostum! Yeni kitablarda görüşənədək…

– Nə üçün məhz “Poçtalyona məktub”?

-Türk dünyasının böyük alimi Sədnik Paşa Pirsultanlı (Tanrıdan rəhmət diləyirik!) həmişə deyərdi ki: “Şeirin özündən yurdu şirindi”… “Poçtalyona məktub” şeirimin də özündən çox mənə yurdu doğmadı. Onun necə “doğulması”, “boy verməsi”… Hər dəfə poçtun binasının yanından keçəndə o hissləri təkrar-təkrar yaşadığımın fərqindəyəm. Elə ona görə də ilk şeir kitabımın adını mənimçün əbədi olan hisslərin adıyla- “Poçtalyona məktub” şeirimin adıyla adlandırdım…

-Dövri mətbuat səhifələrində adət etmişik ki, Sizi “Şəfa VƏLİ” imzası ilə görək. Bəzən istər dövri mətbuatda, istərsə də inter-mediada yazılarınız “Şəfa VƏLİYEVA” imzası ilə yayınlanır. Bu hal Sizdə hər hansı bir rahatsızlıq hissi doğurmur ki?

-Yox… İlk dəfə mətbuatda elə Şəfa Vəliyeva imzası ilə çap olunmuşam. 2013-cü ildə DGTYB-nın nəşri olan “Bölgələrdən səslər-1” antologiyasında Ustad deyə müraciət etdiyim, sayın Əkbər Qoşalı adımı Şəfa Vəli olaraq qeyd etmişdi. O gün –bu gündür Şəfa Vəli oldum… Ustadın verdiyi təxəllüs mənə doğmalaşdı… Odur ki, istər Şəfa Vəli, istərsə də Şəfa Vəliyeva olsun, hər iki imza ilə çap olunan bir cümləm belə məni sevindirir…

-DGTYB Məsləhət Şurasının Başkanı Əkbər Qoşalının həyatınızda rolu və yeri?

-Sayın Əkbər Qoşalı həmişə mənim haqqımda danışarkən bu cümləni işlədir: “2012-ci ildə DGTYB-nin Gəncə səfərindən qazancımız Şəfa Vəli oldu”. Mənsə deyirəm: “Əgər 2012-ci ildə Əkbər Qoşalı Gəncəyə gəlməsəydi, mənim yaradıcılığıma diqqət ayırmasaydı, mən də bu günkü Şəfa Vəli olmazdım”…

-Məlumdur ki, Sizi dünyaya gətirən o nurlu insan-Güldərən Ana da şeirlər yazır və dövri mətbuatda şeirləri çap olunur. “Ruzigar”, “Gəncəbasar” və “525-ci qəzet”də şeirləri çap olunub. Gənc yazarlara dəstək olmaqla, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələri üçün nəşrə hazırlanan almanax və antologiyaların tərtibatçılarından biri olaraq, orta və yaşlı nəslin nümayəndələrinin də yazılarını özündə cəmləşdirəcək hər hansı bir kitab tərtib etmək istərdinizmi?

-Təbii, elə bir imkan olsa sevərək tərtibçi kimi bütüm gücümlə çalışardım. Amma, sözün düzü, anamın özünün kiçik həcmdə də olsa bir kitabı olmasını daha çox arzulayardım… Bir dəfə şair Elməddin Nicatla kiçik dialoqumuz oldu. Hansısa tədbirə anamla getmişdim. Elməddin Nicat mənə dedi ki, Şəfa, daha imzan tanınır. Böyük adamsan, niyə hər yerə ananla gedirsən? Cavabım bu idi: “Mən böyük adamam, doğrudu, amma anam məndən böyük şairdi”…

– Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 45 sayında Güldərən ananın “Boynuma dolanan hicran qoluymuş” şeiri Anadolu türkcəsində dərc olunub. Bu uğurun əldə olunmasında Sizin əməyiniz danılmazdır.

-Elə deməzdim… Mən deyərdim ki, bu uğurun əldə olunmasında məhz sizin-Kənan Aydınoğlunun əməyi danılmazdır… (gülümsəyir)

-2012-ci il Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) nadir tapıntısı Şəfa VƏLİYEVA üzvü olduğu DGTYB ilə keçirdiyi xoş günlərə görə peşmançılıq hissi keçirmir ki?

-Əsla! Peşmançılığım ondadır ki, Gəncə-Bakı yolunu hər saat, hər könül istəyəndə getmək olmadığından doğma DGTYB-nin bəzi tədbirlərinə qatıla bilmirəm. DGTYB mənimçün artıq doğma bir ailədir. Elə bir ailə ki, Naxçıvandan, Şəkidən, Qazaxdan, Tovuzdan-Azərbaycanımızın əksər bölgələrindən üzvü var… Bu gün ürəklə bu sadaladığım məkanlara “ailəm var” deyib gedə bilirəmsə, bunu da mənə DGTYB qazandırıb.

-2017-ci il Şəfa VƏLİYEVA üçün hansı önəmli hadisələrin gerçəkləşməsi ilə yadda qaldı?

-“Bölgələrdən səslər-3” antologiyası işıq üzü gördü. ADAU-nun müəllimi İlham Ələkbərovla birgə əməyimiz keçən “Fəzanın cazibəsi” işıq üzü gördü. Tərtibçisi olduğumuz daha bir kitabın nəşrini gözləyirik… “Azərbaycan” jurnalının 7-8 saylı buraxılışında şeirlərim çap olundu. “Ulduz” jurnalında “Dərgidə kitab”da şeirlərim yer aldı. “Ustad” jurnalında məqalələrim və hekayələrim işıq üzü gördü. “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “Ruzigar” qəzetlərində yazılarım mütəmadi dərc olundu. Nəhayət, “Poçtalyona məktub”…İlk şeirlər kitabım… Məncə, bir yaradıcı adam üçün belə məhsuldar il böyük uğurdu…

-Hər il özünə əldə olunan uğurlar ilə bağlı hesabat verən və yeni əsərləri ilə oxucularının görüşünə gələn Şəfa VƏLİYEVA doğma Gəncəmizin ab-havası ilə bağlı əsərlər də yazmaq fikrindədirmi?

-“Gəncə mənim İrəm bağım…” Gəncə özü şeir kimidi. Hər küçəsində adam başqa, fərqli hisslər yaşayır. Şeirlərimdə, eləcə də hekayələrimdə Gəncə artıq bədiiləşib, obrazlaşıb. Bir dəfə şəhərarası mikroavtobusdaydım. İki məktəblinin söhbətini eşitdim. Biri o birinə deyirdi ki: “İnternetdə bir Şəfa Vəli adında qız var, şeirlərində Gəncə-Bakı “söhbətini həll edib”… Onlar məni üzdən tanımışdılar, ya yox, bunu bilmirəm. Amma, artıq imzamı tanımışdılar və Gəncə obrazını sevmişdilər… Çox xoş duyğu idi…

-Qələm yoldaşlarınız tərəfindən Sizinlə bağlı şeirlər və məqalələr yazıldı. Hər biri də qəlbindən keçən ən səmimi duyğu və düşüncələrini ifadə etdi. Bəs, Şəfa VƏLİYEVA kimə yazılarını həsr edir?

-Sağ olsun adımı unutmayan, bircə misramı da olsa sevən, bağrına basan dostlar! Mən isə… Yazılarımı kiməsə yox, nəyəsə-hansısa bir şeirə, hekayəyə, kitaba həsr edirəm. Mənimçün ürəyimi titrədən misranın müəllifinin kim olması arxadakı fon rəngidir. Əsas olan məni təsirləndirən, məni, yenə Sədnik Paşa demiş, dağa-daşa çırpan bədii əsərdi. Əgər o əsər məni silkələdisə, yeni yazı “doğulur”…

-Qarşıdan 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 Yanvar Yeni il gəlir. Yeni ilin şaxtalı, qarlı günlərinə hazır olan Şəfa VƏLİYEVAnın könlündən hansı arzu və istəklər keçir?

-“Yeni il, yeni… Yeni…
Mən səni istəyirəm…
Həmişə tər sevgimi-
Köhnəni istəyirəm…”

Bu bir şeirimdən parçadı… Qaldı yeni il arzularına… Elə arzularımı gətirsin özüylə, bəsdi…

Müsahibə apardı:
Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 14 dekabr 2017-ci il.