sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Biri vardı, biri yoxdu, bir qız vardı. O qız qapıları sevərdi. Özü də “Şərqin qapısı” Azərbaycanda dünyaya gəlmişdi… O, Gülnar Səmanın “Turanın qapıları” şeirini öz-özünə söyləməyi və qürrələnməyi də xoşlayırdı…

Azərbaycan da “Şərqin qapısıdır”
Hər gəlib-gedənin gedişi düşür…
Şərqə girmək istəsən,
Bu qapını açmalı…

Qız hər qapıya ayrıca ad qoymuşdu… Hələ balacaydı, hələ əli qapının dəstəyinə çatmırdı açıb-örtməyə, amma hər gün nənəsindən eşidirdi bütün qapıların qırxıncı qapıya aparan yolun bələdçiləri olduğunu… Hər il bir yaş daha böyüyürdü, hər il də qapıları ayrı hisslə, ayrı maraqla sevirdi…
Bir gün bu qız misraların arasıyla qırxıncı qapıya tərəf getməyə başladı. Getdikcə də hər qapıda bir ayrı şairin sirrinə-sehrinə düşdü…
Gah eşitdi ki: “Döymə hər bağlı qapını, Keçmə hər açıq qapıdan”. Gah da kimsə qulağına pıçıldadı: “Sən də bir yol sına baxtı, Aç qapını,ört qapını.” Qız başladı ətrafına boylanmağa… Bu sehrli nəğməni kimin pıçıldadığını axtarırdı. Tapmaqda gecikmədi… Şair Saqif Qaratorpaq dərvişanə bir halda eşq qapısı ilə dua qapısı arasında get-gəldəydi… Dodaqlarından tökülən pıçıltılar hər iki qapıya ünvanlanırdı:

Dərdin bacadan düşəndə
Sən astaca çıx qapıdan.

Qız elə burdaca dayanıb onun pıçıltılarına qulaq asmaq istəyirdi. Arxasını girdiyi qapının çərçivəsinə söykədi. Gözlərini bərk-bərk yumdu. Elə bu vaxt həzin bir meh açıq qapıdan içəri təpildi, onun saçlarını qarışdırdı. Qızın yadına Saqif Qaratorpağın nə vaxtsa yazdığı bir şeir düşdü: “Bir gözəl gecikib keçələ getsə, Yaylığı qapının arasındadır…” Yox! O, gecikməyəcəkdi! Gecikə bilməzdi!
Qaçaraq özünü növbəti qapıya çatdırdı…
Burda Tərlan Saleh adlı bir şairin ikicə misrası onu gözləyirdi: “Bağlar ağın açdığı Kitabı qara qapı.” Qız qorxdu… Bütün qorxusunu ürəyinə yük etdi, cəsarətini son damlasınacan qanına hopdurdu və özünü yenə irəliyə atdı…
Qapını açar-açmaz bir güzgüylə üz-üzə gəldi. Güzgüdən ona baxan qızın baxışlarında qorxuyla bərabər küskünlük də vardı. Nədən və niyə küsdüyünü yadına salmaq istədi. Bütün xatirələrini fikrən bir-birinə qatdı-qarışdırdı. Qırış-qırış oldu xatirələri… Bu qırışıqlığın içində tək ütülü olan Safa Rashidin şeirinin alabəzək lentləri-misraları idi…

Bir qadın tanıdım tək qalmış ada,
Bir qadın tanıdım taledən küskün…

Bu qadının da dərdlərini “hər gün güzgü danışır”… Səfa Rəşid onu müşahidə etdikcə ən gözəl şeirlərin ən dərdli qadınlara yazıldığını anlayır… Və qadınların qapını ümidlərinin səcdəgahına çevirdiyini şeiriyyətə “qonaq edir”:

Getdikcə kiçilən gözlərini də
Gecələr yatanda qapıda qoyur…

Qız “yatanda gözlərini qapıda qoyan” qadının halına ağlayır… Göz yaşını kimdənsə gizlətməyə ehtiyac duymur. Elə ağlaya-ağlaya da növbəti qapını açır…
Burda rastına Habil RzaNur Mustafayevun köhnə taxta qapıya yazılmış bir bənd şeiri çıxır. O, gah qapıya, gah da üstündə yazılmış şeirə baxır… Baxır… Ucadan oxuyur:

Bu gecənin ağrısı,
bu küçəyə sığışmaz.
Kiriməz ayaqlarım,
qapınızdan yığışmaz..

Şeir bir aşiqin sevdiyinin qapısı ağzındakı sərxoş əzabını anladır… Anlatdıqca da nağılımızın qəhrəmanı olan qızı hüznün ənginliyindən eşqin ən dərinliyinə yuvarlayır…
Bu köhnə taxta qapını açmaq üçün itələmək də lazım gəlmir. Cəftəsinin biri qırıq olduğundan hərdən-hərdən ahəstəcə açılıb örtülür… Qız aram-aram açıq qapıdan keçir. Rəngli donunun bir parçası ilişib qapının ətəyində qalır. Geri dönüb baxdığında qırıq taxtaya ilişmiş əlvan bir çərpələng görür sanki…
Hüzünlə yellənən qapının özünə çərpələng oğurlamasını seyr etdikcə Ülvi Bahadırın səsi uzaqlardan əks-səda verir:

Qaranlıqda çərpələng uçuran qız
Yorma özünü…

Qız da hüzünlənir…Hüznünü sevməyə başlayır… Sevdikcə də böyüməyin əslində nə olduğunu dərk edir… Ülvi Bahadurun səsinə səs verir…

Bu çərpələngin gülüşü o ulduza çatan deyil
Biz tanrının qapısının kar vaxtına tuş gəlmişik…
Burax çərpələngi…
Üzülsün üzü səmaya…
Sənsə əyil…laap əyil…
Qulağını tut yerə…
Bəlkə Tanrının sarayının arxa qapısı açıqdı?..

“Bəlkə Tanrı sarayının arxa qapısı açıqdı?..” Dilində əzbər edir bu sualı… Cavabını axtara-axtara geridə qoyur qırıq taxta qapını…
Növbəti qapını itələyir… Aça bilmir. Hiss edir ki, daha qapı açmağa gücü qalmayıb. Acizanəliyini etiraf etməkçün geriyə dönmək var… Və bu geri dönüş qız üçün bütün arzuların qətlinə fərman vermək olacaq…Yox! O, geri dönə bilməz axı! Doğma arzuların qatili olmaqdansa üzü irəliyə-naməlumluğa qaçmaq daha yaxşı olardı…
Qız bir də qapını açmağa cəhd edir. Yenə qapı açılmır. Əllərini səbr daşı edib Qoşqar Qaraçaylının misralarında qapı bağlayanın kim olduğunu axtarır:
Bu qapını üzümə,
Kim bağladı görəsən?
Məni qapı dalında,
Kim saxladı görəsən?

Ağlına həyatın bütün rəngləri gəlir; gah yadlara gəlir gümanı, gah da doğmalar şübhə pərdəsi arxasından boylanır…Hiss edir ki, bu şübhələr beynində böyüyür, böyürür, az qalır bütün ruhunu sarsın. Daha qapını açmağa cürət eləmir. Boynunu bükür…

Bu qapının dalında,
Ölməyə can yox məndə…
Bu qapıdan keçməyə,
Daha güman yox məndə…

Lakin Tanrı öz yazdığı qismətdən qaçmağa bəndəsinə imkan vermir. Osman Fermanoglunun misralarını qızın düşkün ruhuna “səmt ağacı” kimi “göndərir”…

Nə yaxşı, Tanrı əlindən
Keçir aləmin qapısı.

Qız bütün qüvvəsiylə qapının dəstəyini bir də çəkir. “Tarraqqq…!-qapı açılır. Qızın ayağı suya toxunur. Sanki, yenidən cəsarətlənir. Anlayır ki, şair yalan demir…

Ayaq altından nəm çəkir
Dərdin, sitəmin qapısı.

Açılmaq istəməyən qapını bağlamağı qərara alır qız. Qoy elə öz bəxtinə könül verərək yaşasın bu qapı. Axı, Rufat Axundlu deyir ki:

Yola sal, arxamca su at,
Sonra bağla qapını!

Demək, bu qapı gedənləri yola salmaq üçünmüş…
“Qoca dünya, sənə gəldim keçərək dar qapıdan…” Növbəti qapının açarı bu sehrli misra idi…Və qız Refail Agahın bu misrasına sığınaraq iki qapı arasındakı bir udumluq-bir ömürlük məsafəni gözüyumulu keçir. Qarşısındakı qapının sonuncu olmadığını da bilir. Əslində, “son” özü nədirsə, ona yaxın durmağa da ürək eləmir… Geriyə boylanır. Arxasında qalan bütün qapılara və bütün misralara ehtiramla baş əyir. Axı, Allahşükür Ağa “Ölməklə sağ olmağın arasında nazik bir qapı” olduğunu çoxdan “kəşf edib”…
Olumla ölümün arasındakı bu kiçik qapıdan keçməyin də adı şairlikdi, əslində… Və qız ehtiramına layiq bildiyi bütün qapılara vəd edir:

Dayanın, bir dəqiqə,
Yenə gedirəm
Sizə şeir gətirməyə
Burda olun,
Bir saata qayıdıram.

Və gedir… Daha bir qapını açır. Bu qapını heç vaxt bağlamayacağını da yaxşı bilir. Axı, o, bura, məhz bura qayıtmalıdır. Söz verdiyi o şeiri gətirməlidir…
Ay keçir, il dolanır… Nağıl dili yüyrək olur axı… Və bir gün həmin açıq qapının arxasından bulud-bulud bir səs yayılır səmalara… Nağılımızın qəhrəmanı əllərini qapıya uzatmış halda misra-misra öz əfvini diləyir açıq qapıdan…

Səni döydüm yüz kərə,
Şillə, yumruq…
Təpiklə…
Neynim ki, gedənlərə
Baxan gözüm tətikdə…

İndicə başlayacaq
Yollara qəfil hücum…
Gözlərimdən yağacaq
Duzlu su udum-udum…

Bilirəm ki, günahı
Səndə axtarmaq günah…
Gedişlərin son "ah"ı
Məni ovutmayacaq…

Başıbatmış ayrılıq
Baltadı…
Mən də sapı…
Gəl, bu dərdli yalnızı
Bağışla, açıq qapı…

Şəfa Vəli (Gəncə-2018)