* * *

Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,
Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.

Zaman dönməz öz hökmündən… Biz ayrıldıq, tez ayrıldıq,
Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.

Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,
Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur.

Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,
Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.

Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,
Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.

Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,
Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.

Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,
Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.

Oktyabr, 1961

***

Bu qədər saldı məni həsrət, amandan-amana
Könlüm axırda mənim düşdü gümandan-gümana.

Neçə alim yazıb öz dərdini izhar elədi,
Aşiqin dərdi fəqət keçdi zamandan-zamana

Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna,
Eləyək indi şikayətmi yamandan-yamana?!

Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,
Boşalır göydə buludlar da dolandan-dolana…

Demərəm görməmişəm mən səni çoxdandı, gülüm,
Görürəm surətini yalqız olandan-olana…

Könlümün üstə düşən kölgələr əlan silinir,
Başımın üstünə sən kölgə salandan-salana.

Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,
Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.

Sentyabr, 1963

***

Ağlar ürəyim, səs gələr, ah-azar görünməz.
Gözdən yaş axar, qaynağı zinhar, görünməz.

Ruzgar yenə tüğyan eləyir dalda, budaqda
Toz-torpağı gördük, niyə ruzgar görünməz?

Tonqal yanır, atəş görünür, atəşi yaxmış,
Əl gizli səbəb, gizli səbəbkar görünməz.

İllər üzərindən yön alıb yol gedirik biz
İllər görünür, bəs niyə yollar görünməz.

Qəmdən şad olursansa, könül mülkünə sən bax,
Güllər açılıb, amma o gülzar görünməz.

Bəxtin mənə yar olduğunu çoxları söylər,
Bəxtim görünür, bəs niyə dildar görünməz?

Avqust, 1970

* * *

Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən,
“Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.

Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.

Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

Dəfn edin siz məni Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

1974