em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

SƏNSİZ

Getmə məni ağlar qoyub, ayaq saxla dərdimə yan,
Qayıt Allahı sevirərsən,qoyma aşiqi pərişan.

Yalvarıram dön bir bax, gör məndə bir can qalıbmı,
Səndən ayrı yaşamağa yoxdu daha məndə bir can.

Təbibim ol, sərvi boylum, dərdimə gəl eylə çarə,
Xəstə könlüm istəyərmi səndən özgə dava, dərman.

Qollarımı sal boynuma, ruhum qayıtsın canıma,
Onsuz da bu sevən canım, sənə qurbandı hər zaman.

Sənsiz bilmərəm dünyada gül nədi, bağ, bağça nədi,
Gecə-gündüz səni deyib, eyləyirəm mən ah, fəğan.

Sənsiz yaşaya bilməz ki, bu dünyada Əziz Musa,
Gəl öldürüb biçarəni, axırda olma peşiman.

Allahım, şükür sənə, bir gör necə can gəlir.
Naz ilə, qəmzə ilə, can alan canan gəlir.

Gözünə sürmə çəkib, xumarlanıb baxışı,
Öldürəcək vallah məni , qaşları kaman gəlir,

Yanaqları qızılgül, dodaqları çiyələk,
Hər sözü xoş,dili bal, dişləri mərcan gəlir.

Qara gözli bəxtəvər, küsdürüb Ayı, Günü,
Sərvi boylu incə bel, gözəl mehriban gəlir.

Geyinib ipək donu, yaxasına gül düzüb,
Elə bil tər çiçəkdi, xəstəyə dərman gəlir,

Camalı, xalı qəşəng, boy-buxunu tamaşa,
Bir baxın yerişinə, çanki bir ceyran gəlir,

Əziz Musa yubanma, qurban eylə canını,
Gör necə sevimli yar, gör necə mehman gəlir.

ERMƏNİDƏN DOST OLMAZ

Nurlu sabahımız olubdu gecə.
Bu necə qismətdi , bu necə tale.
Həsrətə, hicrana biz dözək necə,
Nə vaxtdı gözümüz yol çəkir hələ.

Qalmaz belə qalmaz, vallah bu dünya,
Tanrı səsimizi eşidər bir gün,
İnan yerdə qalmaz bu tökülən qan,
Savaşı haqq olub həmişə türkün.

Şəhidə can deyər bu qanlı torpaq,
Qəbrinin üstündə lalə bitirər
Qeyrəti eyləsək döyüşdə yaraq,
Onda tanrı bizi yurda yetirər.

Haqq, divan görmədik fani dünyada.
Düşünək dərindən olub, keçəni.
Ümid bəsləməyək özgəyə, yada,
Özümüz qaytaraq doğma vətəni.

Düşmən xahiş ilə gəlməz düz yola.
Gəlin inanmayaq hər şirin sözə.
Bu dünya dağıla,qiyamət qopa,
Mənfur ermənidən dost olmaz bizə.

ÖYRƏTMƏ

Xəzana döndərmə baharı, yazı,
Az eylə nə olar bu işvə, nazı,
Niyə insafsızsan ay zalım qızı,
Mənə ayrılığı öyrətmə, nolar.

Silmə nəğmələri şirin dilimdən,
Səbri-qərarımı alma əlimdən,
Məni ayrı salma doğma elimdən,
Məni ayrılığa öyrətmə, nolar.

Məni küsdürürsən sən bilə-bilə,
Sən əl götürmürsən nazından hələ,
Solur gözlərimdə bənövşə, lalə,
Məni ayrılığa öyrətmə, nolar.

Həsrətin sinəmi od kimi dağlar,
Sənsiz qüssə, kədər yolumu bağlar,
Şirin xəyalların dil açıb ağlar,
Məni ayrılığa öyrətmə, nolar..

Həsrət çiçəkləyib,qəm çiçək açıb,
Ayrılıq çiçəyi nə göyçək açıb,
Şirin yuxularım gözümdən qaçıb,
Məni ağrılığa öyrətmə nolar.

GET DEMƏ

Qoy səni oxşayım, öpüm doyunca,
Get demə, mən getsəm, neyləyəcəkən,
Nəmli gözlərini sıxıb balınca,
Ağlayıb, sızlayıb, inləyəcəksən.

Rahat qoymayacaq xəyalım səni,
Pərişan-pərişan boylanacaqsan,
Gözlərin gəzəcək, hər yerdə məni,
Pəncərə önümdə dayanacaqsan.

Kədər dillənəndə, hicran yağanda,
Sən günəşi, ayı izləyəcəksən.
Ulduzlar sönəndə, günəş doğanda,
Sən mənim yolumu gözləyəcəksən.

Çırpına-çırpına qalacaq ürək,
Qəlbin istəyindən dönməyəcəkdir,
Köksündə alışan o arzu, istək,
Şam kimi əriyib sönməyəcəkdir.

Qollarım boynuna sarılmayacaq,
Başını köksümə sıxmayacaqsan,
Saçında ətirli gül olmayacaq,
Mehriban- mehriban baxmayacaqsan.

Get demə, unuda bilməzsən məni,
Yaşaya bilməzsən bir an da mənsiz.
Gülüm bilirsən ki, sevirəm səni,
Yaşaya bilmərəm bir an da sənsiz.