Güc-bəlayla, boğazımızdan kəsə-kəsə, hər fəslə bir paltar ala-ala özümüzə rayonların birində ev aldıq ki, yaydan-yaya gedib istirahət edək, on iki ayın heç olmasa bir ayında təmiz hava udaq, gözümüz canlı-canlı meşə görsün, dağ görsün, yağış yağanda torpaq qoxusu burnumuzdan beynimizə tüğyan eləsin, alınmadı. İlk gündən burnumuzdan gəldi. Dədəm evi ucuz alanda gərək şübhələnərdik. Ondan əvvəl gərək ev haqqında məlumat toplayardıq. Əslində, təbiətcə şübhəli xarakterə malik olduğuma yaxşı bələd olduğumdan şübhəli-şübhəli soruşmuşdum dədəmdən.
– Ay başına dönüm, dədə, dörd sot torpağın içində üç otaqlı ev niyə ucuz satılır, maraqlanmısan? O boyda rayonda nə əcəb bir nəfər qabağa düşüb almayıb? Evin köhnə sahibləri keçən il alıbsa, bu il niyə satışa çıxardılar? Nəysə gözüm su içmədi e, bu evdən.
Allah var göydə, anam da mən deyəni dedi. Məlum məsələdir, bizdə kişilər nə qədər arvadı eşitsələr də, dediklərindən dönmürlər ki, dönmürlər. Hər şey bir yana, ilk gündən bizə yaxın qonşularımızın olmadığı diqqətimdən yayınmamışdı. Meşə bizə yaxın, o biri evlər bizdən xeyli uzaq, bir-birilərinə bir o qədər yaxınıydı. Vallah, gecəylə gəlib bizi öldürsə, yaşı yetmişi haqlamış nənəm demişkən, bir köpəkoğlunun xəbəri olmayacaq.
Hər axşam qatıq içməmiş yata bilmirəm. Mədəm vərdiş eləyib, gündüzlər sodalı su içməli, axşamlar sarımsaqlı qatıq yeməliyəm. İkisinin hesabına arıqlamaqla bağlı problemim olmur. Bir saat olardı kənddəki təzə evimizə çatmışdıq. Nənəmin qoluna girib evimizdən xeyli uzaqlaşdıq. Nənəm köhnə arvadlardandır, mən bir saat piyada gəzib yoruluram, nənəm kinayəylə mənə gülür.
-Bizim yerimizdə olsaydız, neyliyərdiz?
– Allah gördü ki, bizdə sizdəki dözüm yoxdu, nə ğayrsın, texnikanı yaratdırdı. Bekarçılıqdan tez yorulanlardanıq.
– Bu evdən xoşum gəlmədi – nənəm deyəndə elə sevindim, burda yaza bilməyəcəm.
– Allah sənə şükür, evdə mən ağılda adam çıxdı.
– Səyləmə az, kopaq qızı.
Nənəm əsəbləşəndə söyüşün biri bir qəpik olur. Qınamayın, babam öləndə nənəm dulluğunun heç qırx yaşı yoxuydu.Yarım saat da getdikdən sonra uzaq qonşunun evinin qapısı ağzına gələ bilmişdik. Nənəm əllərini belində çarpazlayıb, qapını döyməyimi əmr elədi. Baxıram arvada, qınamıram e, kişisiz cavan gəlinlər, namuslarını ikinci kişi nəfəsindən uzaq tutmaq üçün, təmiz adlarını qorumaq üçün özləri də bilmədən kişiləşirlər. Nənəmi çoxdandır müşahidə edirəm, davranışları kişi davranışıdır. Baxmayaraq ki, yazıq arvad neçə dəfə kişisi üçün ağlayanda görmüşdüm.
Uzaq qonşu qapını açdı, mənə, nənəmə maraqla baxdı. Daha doğrusu, rəhmətliyin nəvəsi elə baxdı, elə bil illərdən sonra qapılarını ilk dəfə döyən biz olmuşuq. Yaşı otuz beşi keçməyən orta boy, uzun saçlarıyla diqqətimi çəkən gözəl gəliniydi.
Mən salam verdim, salamımı aldı. Nənəm – Qızım, biz o evə təzə köçmüşük – əliylə evimizin səmtini göstərdi – burda qatığı hardan ala bilərik?
Gəlin evimizə tərəfə baxdı, nənəmin sualına cavab verməmiş öz sualını verdi : – Meşəyə yaxın olan tək evə köçmüsüz?
Hərçənd əcaib sualı məni təəccübləndirmişdi.
Nənəm cavab verdi. Deyəsən, sual ona da qəribə gəlmişdi. Baxmayaraq ki, verilən sualda qeyri-adi heç nə yoxuydu. Necə izah edim, cavan gəlin sualı verəndə üz ifadəsi qəribəydi, o evdə heç kim yaşaya bilməzfason…
– Hə qızım, o evi almışıq. Bir-iki aylıq köçmüşük.
Nənəmdən olsa, ömrünü bu kənddə başa vurar. Mən yaşaya bilməzdim. Kökü kəndə bağlı şəhərli qızam, şəhər mühitinə öyrəşmişəm. Hələ sizə bir həftədən sonra alacağımız iki keçidən yazmıram. Dədəmin şəhər mühitindən iyrəndiyini bilirdim, əməlli-başlı plan cızmağından bixəbəriydim. Eybi yox, onsuzda ailəlikcə bizə plan qurmaq düşmür. Həyatımızda hər şey qəflətən olur. Adətən uğurlu olur.
– Hmm, xeyirli olsun. – ürəksiz dediyi hiss olundu. Nənəm köhnə arvadlardandır e, anam həmişə ona qırmızısifət deyir. Arvadın üzünə deməsə də.
– Nəysə ürəksiz dedin e, qızım.
– Yox xala, o evdə nə varsa, kim köçürsə, çox yaşaya bilmir.
Baxdığım qorxu filmlər yadıma düşdü, istər-istəməz ətim ürpəşdi.
– Niyə ki? – sualı özüm verdim, çiyinlərini atdı.
– Nə bilim.
– Əşşi, boş şeylərdi. Sən de görüm qatığı hardan ala bilərik?
– Qatığı biz də satırıq. Üç kiloluq qatığı yeddi manata veririk.
– Day sizin şəhərdən nə fərqiniz oldu? Şəhərə kənddən gətirib sizdən ucuz verirlər.
Nənəmim hirsinə rəğmən gəlin gülümsədi.
– Nə deyim xala, qaynanamın qoyduğu qiymətdi.
– Qaynanan evdədi?
– Rayona gedib, axşama qayıdar.
– Day əlacımız nədi? Ordan ver üç kiloluq. Axşamlar içməyəndə pis oluram.
Eh, kimin nənəsidir? Nənəm əlini atdı ipək donunun altından geyindiyi güllü alt köynəyinə, sancaqlamış bükülü dəsmalını çıxartdı. Yeri gəlmişkən, mən nənəsinin təqaüdüylə kef edən nəvələrdən deyiləm. Biz tərəfdə oğlan nəvələrinin bu barədə bəxti gətirir. Mənim nənəmin də qardaşıma pul barədə əli açıqdı. Növbə mənə çatanda, özünü kəfən pulunu oğurlatmış nənə kimi hiss edir.
Nənəm təkcə qatıq almadı, deyinə-deyinə kənd toyuğu da aldı, mənə daşıtdırdı.
Deyirəm, Nənə, zəhmət haqqı on manatdır.
– Yox bir…Səni mən saxlamışam, pul istəyirsən?
– Axı nənə, rəhmətlik qudan saxlayıb. Sən hazıra nazir olmusan axı.
Nənəm bilir ki, sözün düzünü dediyim üçün həyatımın uğursuz günlərini az yaşamamışam, yenə də alışa bilmirdi xasiyyətimə. Çox qəribədir, həyatımda etdiyim risklərdən sonra valideyinlərim, nənəm qarışıq digər qohumlar məni ciddi adam kimi qəbul eləməyə məcbur qalmışdılar. Əvvəllər arzularımı, istəklərimi dilə gətirirdim, elə də fikir verən yoxuydu. Məntiqlə idarə edə bilmədiyim hisslərimin zərbələrindən sonra ağzımı açmamış fikrimi soruşmağa başladılar. Qan qohumlarım tərəfindən kənardan bu vəziyyət necə görünürdü, bilmirəm. Mən tərəfindən adiləşmişdi. Hiss edirdim, qorxurdular. Yenidən ağılsızlıq edərəm, yenidən pərişan edərəm deyə. Ölkəmin yazılmayan qanunların gücü altında əzilən bir çox gənc kimi əlbəttə, bu dəfə sevgi xətrinə yox, gələcəyim naminə bir çox addımlar atardım. Bu dəfə könüllü razılıq və xeyir-duayla. Bu gələcəyin işidir. Bir gün yaxınlarım haqqımda oxuyacaq, bir səhvi ikinci dəfə təkrarlamayacaq qədər ağıllı olduğumu onsuzda dərk edəcəklər. Onlara, lap elə olsun nənəm, özümü sübut eləməyə nə həvəsim var, nə də vaxtım. Bəyaqdan on manat qoparda bilmədiyim nənəmin nəyinə sübut edib özümü? Arvadın fikri-zikri məndən nəticə görməkdir. Tez-tez nəticələrinin atasını söyür ki, çərxi-fələyin işini bilmək olmaz, söyürəm ki, köpəkoğlu tez gəlsin.
Gecəyə iki saat qalmış mənə diş sarımsağı xırda-xırda doğratdırdı, yarım saat kənarda saxlatdırdı ki, qatığa qatıb yeyəndə ağzından sarımsağın iyi gəlməsin. Zəhləm sarımsaq iyindən gedirdi elə. Həm də dişlərinin arasında qalmasın.
– Ay nənə, dişin protezdi, maşallah, muncuq kimi düzülüb, sarımsaq harasında qalacaq, e. İstirahətə gəlmişəm guya, sarlmsaq iyindən yediklərimi qaytaracam e, indi.
– Heş nə olmaz. Limonlu suyla yuyarsan keçər.
Çox kitab oxuyuram, di gəl, arvada söz çatdıra bilmirəm. Tərs kimi burda da bir otaqda yatdıq.
İnsafən, nənəm təkcə yatanda otaqda olmadığını hiss edərdim. Yatanacan ürəyindəki sözləri mənə deyərdi.
İki tualetimiz vardı. Biri evin içindəydi, bizdən əvvəl evi alan ailə evə əməllicə əl gəzdirmişdi. Hamam-tualet də tikmişdi. Həyətdəki tualetdə tualetlik qalmamışdı, daha çox xarabaya bənzəyirdi. Nənəmlə mən yatdığım otaqla üzbəüzüydü. Pəncərədən baxanda rahat görmək olurdu.
İsmayıl Şıxlının ” Ölülərinizi qəbirstanlıqda basdırın ” əsərini bitirdikdən sonra otağın işığını söndürdüm. Bəzi işlərdə solaxay olduğumdan yatanda da sol tərəfə yatıram. Kürəyimi nənəm tərəfə çevirdim. Təzəcə yuxuya getmişdim, nənəmən indiyəcən eşitmədiyim səsi eşitdim. Arvad elə bil boğulurdu. Pişik cəldliyiylə üzümü nənəmə tərəf çevirdim. Nənəmin gözləri bərələ qalmışdı, nəfəs ala bilmirdi.
Özümü itirsəydim, qışqırmasaydım, qaranlıq otaqda nənəmin bərələn gözləri birdəfəlik ölmüş adamın gözü kimi açıq qalacaqdı. Həyətin işığı yaxşı ki yanılı qalmışdı. Dədəmlə anam otağa necə girdilər özləri də bilmədi. Otağın işığını atam yandıranda nənəm ” Bismillah ” qışqırıb başını yastıqdan qaldırdı. Belə başa düşdüm ki, yazıq nənəm qaranlıqdan xoflanıb. Nənəm bir-neçə dəfə dərindən nəfəs almağa çalışırdı. Anam otaqdan çıxdı, çox keçməmiş bir stəkan suyla qayıtdı. Dədəm anasının qarşısında dizlərini yerə qoymuşdu, az qala uşaq kimi ağlayacaqdı. Zarafat deyil, qohumlarımızda nənəmin taylarından üç-dörd nənə ya vardı, ya yoxdu.
Dədəm suyu nənəmə öz əliylə qurtum-qurtum içirdirdi.Mən olsaydım, belə vəziyyətdə anamla mən olsaydıq, qorxumdan suyla anamı boğardım. Atamdakı təmkinlilik məndə yoxdu.
– Mama, niyə boğulurdun? Nə oldu birdən-birə?
Nənəm əlini mənə uzatdı.
– Məni niyə boğurdun?
Nitqim qurudu. Nə vaxtsa uşaqlara və qadınlara təcavüz edən nanəciblərin qatili olmaq ürəyimdən dəfələrlə keçib. Danmıram, nənəsiylə yola gedən nəvələrin sırasına məni çətin qoymaq olardı. Yenə də bu, nənəmi öldürməyi düşünməyim, ya da öldürəcəyim mənasına gəlmirdi. Atam yazıq-yazıq mənə baxırdı. Mən bilmirdim ağlayım, bilmirdim gülüm.
– Nənə, səni niyə boğum ki? – deyə bildim.
Anam qarışdı söhbətə : – Kənd yeridir, bəlkə toxunublar sənə? Qız səni niyə boğsun?
– Ay töbə, məni boğurdu.
Atam təbii nənəmə inanmadı.
– Mama, sənə toxunublar. Şəfi səni niyə boğsun?
Adım Şəfadır, bilmirəm niyə, evdəkilər də, yaxın rəfiqələr də mənə Şəfi deyirdi.
Atam deyəndən sonra nənım dərk elımişdi ki, onu boğmağım üçün ortada səbəb yoxdur. Heç olmasın da….Ağlabatan variant odur ki, hirsli başla kimsə damarını basa, təmkinli və səbrli deyilsənsə, qatil olmağın qaçılmazdır.
Valideyinlərim nənəmi sakitləşdirəndən sonra təzədən otaqdan çıxdılar, nənə-nəvə yerimizə girdik. Bizim yerimizi anam yerdə salmışdı. İşığın yanılı qalması ikimizin də istəyiydi.
Ulduzlu gecənin işıqlı otağında nə vaxt şirin yatdığımızı ikimiz də bilməmişik.
Bu dəfə boğulduğumu mən hiss elədim. İki əl boğazımdan yapışmışdı.
Gözümü açdım. Otaq zil qaranlıq, pəncərəsi açıq, məni həqiqətən kimsə boğurdu. Əllərim məni boğan əllərdən yapışmışdı, özümü ölümün bir addımlığında ölümdən xilas eləmək istəyirdim. Boğmağı bir dərd, qarnımda oturub ağırlığıyla məni gücdən salmağı bir dərdiydi. Nənəmin məni öldürəcək dərəcədə nifrət eləməyi ağlıma gəlməzdi. Çünki on səkkiz nəvənin arasında yeganə nəvəydim, onunla yola getmirdim. Digərləri necə deyərlər, nənəlik xətrinə, ya da çox istədiyindən yola verirdilər.
– Sən adımızı batırmısan. Sən adımızı batırmısan. Ölməlisən!…
Nəfəs almağım üçün əllərini boğazımda boşaltdı, mənə ” Pəncərəyə bax ” dedi. Səs özgəsinin, xırıltılı səsiydi. Artıq dəqiq bilirdim, mən nənəmin yanında öləcəm, xəbəri olmayacaq. Axı nənəm sovet arvadıdır, gərək yuxusu yüyrək ola.
Pəncərəyə baxıram, heç kim yoxdu.
Kimdi bilmirəm, üstümdən düşdü, məni boğazımı buraxmadan ayağa qaldırdı, pəncərəyəcən apardı. Çox su içdiyimdən altımı islatmamağıma özüm də təəccüblənmişdim. Naməlumun yanında çoxdan biabır olmalıydım. İstər-istəməz bağın içindəki tualetə baxmalı oldum. Normalda həyətə baxmalıydım. Tualetdə xarabalıqdan əsər-əlamət qalmamışdı. İlahi, bu nədir? Tualetin bəzəkli qapısı açıq, işıqlı, içində körpə uşaq, mənə gülümsəyir. Deyəsən, ölməmişdən əvvəl, adama havalanmaq gəlir.
– Əxlaqsız, öldürəcəm səni. – əcaib, xırıltılı səsi yenə eşitdim.
– O uşaq….O uşaq….- cümləmi heç cür tamamlaya bilmirdim.
Məni boğan kimiydisə, çox arifiydi.
– Bicindir.
Xatırladım, ailəli olanda bir dəfə hamilə qalmışdım. İki həftəlikiydi. Boşanmağa qərar verdiyim gün ürəyimin dərinliyində ana olmaq istəmirdim. Ehtiyyatsızlıqdan bətnimdəki körpəmi itirdikdən sonra anlamışdım, körpəm bətnimdə olan gündən artıq mən anaydım. Uzun müddət özümə gələ bilməmişdim. Televizorda körpələrlə bağlı reklamları gördükcə ixtiyarsız ağlayırdım. Lakin mənim uşağımın atası məlumuydu.
Həqiqətdə həyətdən pəncərəyə düşən işıqdan məni öldürmək istəyən naməlumu görməliydim, mümkün olmadı. Üzü qapqaraydı, kişi xəylağı olmağı mümkün deyildi.
Fiquruasından nağıllardakı ifritəyə bənzər varlığın mənimlə zarafat etdiyini istəmək indiyəcən arzularımın ən birincisi olmuşdu. Yaşamağın dəyərli olduğunu da o an hiss eləmişdim. Təpiklə iki qıçının arasından vurmağa çalışdım. Necə ki baxdığımız kinolarda qadın ona təcavüz edən kişini eləcə vurub belini bükdürürdü ha, bax, mən də çalışdım, alınmadı ki, alınmadı. Əvəzində iki ayağım yerdən əlini üzdü, havadan asılı qaldı. Gücüm əllərimlə əllərini boğazımdan ayırmağa çatırdı. Güclə son nəfəsimi aldığımı hiss edirdim. Son dəfə tualet tərəfə baxdım, mənə baxan körpə ağlamağa başladı. Mənim də gözümdən yaş gəlirdi. Ölməyimə ağlayırdım. İfritə boğazımdan əllərini çəkdi, yerə dəyərək sərildim. Otağın işığı yananda gözlərim yumulmuşdu.
Gözlərimi açanda evdəkilər başımın üstündəydi. Hardansa tapdıqları molla qardaş onlardan daha yaxın stulda oturub mənim üçün dua oxuyurdu. Özümü xortdayıb ölümdən qayıdanlar kimi hiss elədim. Gərək hamı şoka düşəydi, anamın ürəyi gedəydi. Yox, mənimki ölüb-dirilmək məsələsi deyildi.
-Qıza pis toxunublar – ilk eşitdiyim səs molla qardaşın səsi oldu. Molla qardaş cavanıydı, deyədim üzdən uşağa oxşayır.Rəfiqəm adama toxunan varlıqlar haqqında danışanda gülürdüm, gecə başıma gələnlərdən sonra daha hər şeyə inanmağa hazırıydım.
Yenə də danışa bilmirdim, su istəyirdim, dilim-dodağım qurumuşdu. Molla qardaş əlində ” Qurani-Kərim “, hansı surədəniydi bilmədim, dua oxumağa davam elədi.
Anama baxdım, dilimlə dodağımı islatdım. Deyirlər ha, balanı anadan yaxşı heç kim duya bilməz, vallah, düz söhbətdi. İslanmış dodağımdan anam ciyərimin yandığını başa düşdü, suyu beş saniyədə gətirdi, bir əlini kürəyimin altına saldı, bir az qaldırıb suyumu içizdirdi. Suyu içəndən sonra danışa biləcəyimi hiss elədim. Molla qardaşın dualarını bitirməyə hövsələm çatmadı
Birbaşa anamdan soruşdu.
– Məni boğan kimiydi?
Nənəm – Sənə toxunublar, bala. İşığı yandıranda yerdəydin.
– Məni qadın boğurdu. Tualetdə uşaq vardı.
Molla qardaş astaca ” Bismillahir rəhmanir rəhim ” dedi, sonra davam elədi.
-Bacı, gözünə cin-şeytan görünüb.
– Mənə adımızı batırmısan deyirdi. Bağdakı tualetdə uşaq vardı. Gözümlə gördüm.
Dədəm – Şəfi, tualetdə uşaq nə gəzir? Gözünə görünüb.
Nənəmin yadına nə düşdüsə, molla qardaşdan soruşdu.
– Söz soruşuram e, bizim evlə bağlı nəysə bilirsən?
Molla qardaş nənəmə cavab verməyə tərəddüd edirdi.
– Vallah, evlə bağlı rəvayətlər eşitmişik. Onda mən heç yoxuydum. Qoca nənəm var, ondan eşitmişəm.
Atam – Nə eşitmisən?
– Guya evin otaqlarlndan biri tamam yanıb.
– Hansı otaq? – həyəcanla soruşdum.
– Onu bilmirəm.
Molla qardaş bir az da dua oxuyandan sonra məni sabah dədəmlə öz evində gözləyəcəyini dedi. Qorxuluğumu canımdan çıxarmalıydı.
Günortadan sonra nənəmlə dünən qatıq aldığımız evə getdik. Nənəm cin-min söhbətlərinə qız vaxtından inandığı üçün bu işin axırına çıxmaq istəyirdi.
Qapını döydüm, yenə dünənki gəlin açdı. Salamlaşdıq, nənəm qaynanasını görmək istədiyini dedi. Bizi evə dəvət elədi.
Qaynanası Cəvahir nənə ( Ümumiyyətlə, nənəm yaşında, babam yaşında olanlara nənə-baba deyirəm) bizə xoşgəldim elədi, gəlini çay süfrəsi açdı, bişirdiyi gilas mürəbbəsindən də qoydu süfrəyə.
Yarım saatdır,nənəm gəlməyinin səbəbindən söhbət açmır, hövsələm daralır, arvadla gəldiyim üçün peşman oluram.
Sonunda nənəm əsl səbəbə gəldi.
– Cəvahir bacı, dünən başımıza maraqlı iş gəlib. Gecə uşağa da, mənə də toxunublar.
İlahi, otuz yaşımı tamam eləmişəm, arvad hələ də mənə uşaq deyir. Elə mənə uşaq dedikləri üçün özümü qadın kimi hiss edə bilmirəm. Və bu minvalla belə qərara gəlirəm ki, müsəlman ölkələrində valideyinlər övladlarına sərbəst qərar vermələrinə geniş imkan yaratmadığından hər birimizin görünüşü böyüyür, ruhumuz uşaq olaraq qalır. Valideyinlərimiz köçdükdən sonra ağsaqqal, ağbirçək statusunuz 100% qazanırıq. Nənəm bir gecədə başımıza gələn hadisəni bir kitablıq əsər formasında danışdı, ürəyim üzüldü. Ürəyin üzülsün, nənə. Qısa kəssənə….
Hiss elədim, gəlinin dı ürəyi sıxıldı. Ağıllı gəlindir, məni yataq otağına dəvət elədi, mən öz taleyimdən, o, öz həyatından danışdı. Sənubərin məndən on yaş kiçik olduğunu biləndə inanmamışdım. Görünüşü yaşından on dəfə çox görünürdü. Necə deyərlər, sümüyü iri qızlardandır. Yoldaşı rayonda Coğrafiyadan dərs deyir, açılan kurslarln birində də uşaq hazırlaşdırırdı. Sənubərin çoxlu kitablarl vardı. İstər Dünya Ədəbiyyatından olsun, istər yerli Ədəbiyyatdan. Sağollaşanda bir-iki kitab da verdi ki, oxuyub qaytarım.
– Arvad nə dedi sənə?
Nənəm dizinə vurub, başını yellədi.
– Zibilə düşmüşük, ay toba. Atana dedim də, dedim, evi almamış soraqlamaq lazımdır. On beş minə üç otaqlı, geniş bağı olan ev satarlar? Əməllicə poxa düşmüşük.
– Ay nənə, hövsələmi niyə daraldırsan? Düzəmməli de görüm nə dedi də…
– Evdə ruh var.
Ayaqlarım tərpənmədi. Nənəm bir az qabağa gedəndən sonra gəlmədiyimi bildi, geri boylandı.
– Az, sən niyə dayandın? Gəlsənə.
– Nənə, dəqiq evdə ruh var? Arvad dəqiq elə dedi?
– Az, səyləmə, düş qabağa.
Nənəm yanımacan gəldi, qokumdan tutub özümdən qabağa itələdi.
– Mən bilirəm neyləmək lazımdır. O mollanı çağırarıq, Quran oxuyar, keçib gedər.
– Hə də, bizdən əvvəl alan ev sahibinin ağlına gəlməyib axı. – nənəm kinayəylə dediyimi bildi.
– Nə varsa bizim yatdığımız otaqda var. Axşam qonaq otağında yatarıq.
– Mən dədəmgillə yatacam.
– Sənin başın üçün elə. Tək qoyacaqsan az, məni?
Hərdən mənə elə gəlir ki, nənəmdən olsa, əzrayılın yanına da cüt gedərik. Hara getsə əri kimi məni qoşur yanına. Hara getmək istəsəm, dədəmdən əvvəl soruşar.
– Kimlər görüşürsən? Rəfiqən kimlərdəndir? Haralıdır? – yersiz suallarından bezib o qədər yalan danışmıçam ki!…Eh nənə….
Axşam şam yeməyindən sonra dədəm balaca araq butulkasını yemək yeyə-yeyə öncə bizim, sonra şəhərdə yaşayan nəvələrinin sağlığına əlli-əlli vurandan sonra kefi kök hamımızdan tez yatmağa getmişdi. Bir az piyaniydi, amma özünü idarə edirdi. Dədəm araqdan sonra çağırı və ya pivəni içəndə özünü idarə edə bilməyən piyan adamlardan olurdu. Yeyib-içəndən sonra əsəbləşdirən olmasa, danışıb-gülürdü. Bu halı bilmirəm niyə, mənim çox xoşuma gəlirdi.
Gecə anamla yerimizi qonaq otağında saldıq. Bu otağın da işığını yanılı qoydum. Saat altıdan sonra hər ehtimala qarşı su içmədim. Tərslikdən yuxum da gəlmir, ağılsızlıqdan Sənybərdən götürdüyüm kitabı dünənki otaqda qoymuşam. Kitab oxumamış yata bilməyəcəkdim. Nənəm çoxdan yatmışdı. Doqquzuncu sinifdə oxuyanda yuxuda əzbərlədiyim ayətül-kürsünü oxuya-oxuya nənəmlə vahiməmizə səbəb olan otağın qapısına yaxınlaşdım. Otaq anamgilin yatdığı otaqla üzbəüz olduğu üçün bir az ürəkliydim. Əlimi qapının cəftəsinə yaxınlaşdırıram, cəftəyə toxunmamış əlimi çəkirəm. Qapı cırıltısının səsini eşitdim, qanım bədənimdə dondu, qorxudan üşüdüm.
Hiss edirdim kimsə arxadan mənə yaxınlaşır. O an mənim yerimdə olsaydınız, şahidi olacaqdınız, adamın ürəyinin dayanmağı nədi, az qala bədənindən çıxa. Qorxudan duamı səsli oxuya bilmədim. Mümkün deyildi, dua yadımdan çıxmışdı. ” Allah ” deyirdim, ardını gətirə bilmirdim. Beynimin düşünmək funksiyası fəaliyyətini dayandırmışdı. Dədəmin bir sözü var. Ölmək ölməkdir, canı çıxmaq nədir? Cəld geri dönüb, dünən yatdığım qapıya kürəyimi çırpdım. Qapını astaca açan dədəmdi. Mən dədəmdən, dədəm məndən qorxmuşdu. Çırpıldığım qapı açılanda ombalarım yerə dəydi və çox incitdi. Ağrımın hayından olduğum vahiməli otağın fərqində deyildim. Deməli, ağrı-acı qorxu hissini adama unutdurur. Bu vəziyyətdə gərək atam əlimdən tutub ayağa qaldırmalıydı, canıyananlıq eləməliydi, eləmədi. Ayağa qalxıb utanmadan əllərimlə ombalarımı sığallaya-sığallaya guya ağrımı yüngülləşdirmək istəyirdim. Atama baxdım, mənə yox, pəncərə tərəfə baxırdı. Bu dəfə geri dönüb atam baxan tərəfə, pəncərəyə baxdım. Baxa-baxa asta addımlarla atama tərəf getdim. Pəncərədən tualetə tərəf baxaraq ağlayan qız vardı. Əynində uzun, boz rəngdə parça, qurşağından aşağı qırmızı ləkələri vardı. Ləkələrin qan olduğu mənim ağlıma gəlmişdisə, atamın da ağlına gələrdi. Atam mən gördüklərimi görməsəydi, başımın pozulduğunu fikirləşərdim. Otaqdan çıxdım, atam qolumdan tutdu, məni özünə tərəf yaxın çəkdi. Qız ağlayırdı, bizə tərəf baxdı. İlahi, o qızın gözlərini, simasının rəngini yaza bilmirəm. Təsəvvür edin, iki gün basdırılmayan meyidin rəngi necə olar?!…
Atam bir dəfə yüngül infarkt keçirmişdi, ikinci dəfə lap güclüsünü keçirəcəyi də ağlımdan keçdi.Qızın gözlərinə fikir verdim, qapının arxasına baxdı, o da elə bil qorxurdu. Bizim gördüyümüz ruhdursa, vallah, ruhların qorxduğunu yox, qorxutduqlarını eşitmişəm. Qapının arxasındakının nə olduğu mənə maraqlıydı, di gəl, ürəkli oğul istəyirəm ( burda dədəmi nəzərdə tuturam), ürəkli qız axtarıram ( artıq özümü nəzərdə tuturam) iki addım qabağa getsin. Qız qəfildən qışqırdı, dədəmlə mən də ona qoşulub qışqırdıq. Bu zaman qapı üzümüzə çırpıldı. Dədəmlə qışqıra-qışqıra anam yatan otağa qaçdıq. Qapı açıq qaldı, biz özümüzü anamın üstündəki ədyalı çəkib, yataqda bir-birimizə sığınıb, ədyalı başımıza çəkdik ki, heç nə görməyək. Yazıq anamın qışqırmağına da fikir vermədik. Dədəmi bilmirəm, səmimi olacam, mən öz hayımdaydım. Anan ikimizin də üstünə qışqırdı.
– Nə olub sizə? Niyə qışqırırsız?
– Getmə…Bura gəl, getmə. – Dədəm kəkələyirdi.
– Hara getməyim? Dayan, su gətirim. Sənə dedim də içmə. – anam otaqdan çıxanda atam yanımdan qalxdı, anamın qolundan tutub otağa tərəf çəkib qapını örtdü.
– Ruh var. Dədəmin goruba and olsun, ruhu gördük.
Qapı açılanda atam iki saniyəlik qışqırıb susdu. Nənəmiydi, o da bizim səs-küyümüzdən səksənmişdi.
– Ə, niyə səsinizi başınıza atırsız? Ürəyim qırıldı, dedim, görən nə olub?
– Mama, ruh var. O otaqda ruhu gördük. Nənəm qapısı bağlı otağa baxdı, bizim otağın qapısını örtdü. Əliylə işarə elədi ki, səsimizi çıxartmayaq.
Ədyal başıma çəkdim. Uşaq vaxtı qorxanda əlimə ədyaldan, yorğandan nə keçsə, başıma çəkərdim. Guya təhlükədən canımı qurtarıram. Qarşı tərəfin qapısının açıldığını eşitdik. Ədyalı burnumacan çəkdim, qorxaraq qapıya baxırdım. Nənəm qulağını qapıya dirəmişdi, anam dədəmin arxasında gizlənməyə çalışırdı. Addım səslərini eşitdik. Kimsə hikkəylə qonaq otağına tərəf getdi. Qonaq otağında nəyinsə yerə düşüb sındığını eşitdik. İçimi çəkdim, sakitcə ağlamağa başladım. Həyatda iki cür ölümdən qorxmuşam. İndi də qorxuram. Belə əcaib, müəmmalı ölməkdən və …. ya da yazmıram. Hər kəsin olduğu kimi məni də sevməyənlər var. Kim bilir, bəlkə aralarında biri qatil ruhunu gəzdirir özüylə? Düşmənimin zəif tərəfimi bilməyini istəmərəm təbii.
Anam yanıma gəldi,başımı sinəsinə sıxdı. Ana qucağında ağlamaq, ürəyini boşaltmaq kimi gözəl bir şey yoxdur dünyada. Bu dünyada ana ürəyi qədər dözümlü ikinci ürək də tanımıram. Ana ürəyi dağ ürəyidir.
Addım səsləri bizim qapımıza yaxınlaşanda dayandı. Nənəm qulaqlarını qapıdan araladı, dədəm anasını qucaqladı. İndi yadıma düşəndə anlayıram ; insan bir sevgidən, bir də qorxudan bir-birinə sığınır. İkisi də mənim üçün möhtəşəmdir. Şəkil çəkənimiz olsaydı, bizim mənzərəmizi çəkərdi.
Qapımız üç dəfə döyüldü, bu dəfə qışqırmadıq. Mən daha da anama qısıldım….
Yenə addım səslərini eşitdik, qarşı tərəfin qapısı açılmağıyla çırpılmağı bir oldu, içimizi çəkdik.
O gecə dördümüz də ikinəfərlik döşəkdə bir-birimizə qısılıb, gözlərimizi qapıya zilləmişdik. Nənəmlə anamın ortasındaydım. Dədəm öz anasının yanındaydı.
– Pəncərədən qaça bilərik. – anam nə təklif etdiyini özü də bilmirdi və hamımız anamı çox yaxşı başa düşürdük.
Anamgilin pəncərəsi həyətin dəmir darvazasıyla üzbəüzüydü.
– Gecə vaxtı hara gedək? Meşə tərəfdə yaşayırıq. – dədəm cavab verdi.
– Ən yaxın qonşumuzla aramızdakı məsafə yarım saatdan çoxdu.- nənəm dilləndi. Mənim danışmağa taqətim qalmamışdı. Həm də nə danışacaqdım, vəziyyətimiz ortadaydı.
Nənəm mənə – Sən uzan yatSu da yoxdu e, uşaq içsin, özünə gəlsin.

Səhər açılana qədər, anam məni oyadana qədər yatmışam. O qorxuyla necə yatmışam, xəbərim olmayıb. Otağın qapısını birinci atam həyəcanla, qorxaraq qəfildən açdı. Heç kim yoxuydu. Qarşımızdakı otağın qapısı bağlıydı. Bir-bir otaqdan çıxdıq, növbəylə hamama keçdik, əl-üzümüzü yuduqdan sonra qonaq otağına gəldik. Gecə sındırılan gülqabıydı, anamın otuz üç illik evliliyi qədər salamat qalmışdı. Ayağımıza qırıntıları batmasın deyə addımlarımızı ehtiyatla atırdıq.
Mən yatanda ev paltarımı dəyişməmişdim, nənəmin donu stulun başındaydı. Anamla atam otaqlarında çoxdan geyinmişdilər paltarlarını. Səhər yeməyini yemək ağlımızdan da keçmirdi. Bir nəfər kimi evdən çıxdıq, atam evin qapısını bağlayırdı, mən gözümü bağdakı tualetdən çəkmirdim. Niyə gözümə körpə uşaq görünürdü? – sualını verirdim özümə?
Nənəm ümidlərini çağıracağımız molla qardaşa bağlamışdı, nədənsə hiss edirəm ki, məsələnin kökü təkcə mollalıq, dualıq deyil.
Dədəm – getdik – deyəndə, üçümüz də qabağına düşdük, dəmir darvazaya yaxınlaşanda dədəmlə birlikdə qapını açdıq. Anamla nənəm maşının arxa oturacağında oturmuşdu. Dədəmin maşını boz rəngdə 1985-ci ilin istehsalı olan Qaz 24- dür. Deyərdim dünyada ən rahat maşındır. Mən dədəmin yanında – qabaqda oturdum. Dədəm maşını qızdırdıqdan sonra sürərək həyətdən çıxartdı.Maşından düşüb darvazanı açarla bağladı.
– Hara gedirik – Anam soruşdu.
– Dünənki mollanın evinə
– Ondan əvvəl nəysə yeyək, rəngimiz-urfumuz yerinə gəlsin – nənəm haqlıydı. Adam toxqarına yaxşı fikirləşir.
– Yolda təndirlə pendir alaram. – dədəmə yemək maraqlı deyildi.
Yolda təndir, pendir, ayran almışdıq. Biz yeyirdik, dədəm yox, maşını molla qardaşın evinə aparan yolla sürürdü…
Molla qardaşn evində özündən və nənəsindən başqa insan yoxuydu, qardaş nənə himayəsində böyüyən gənc olub. Valideyinlərinin başına nə gəldiyini soruşmadığımız üçün məlumatım yoxdur. Bizi tez gözləmirdi, yenə də yaxşı qarşıladı, nənəsi də xoşgəldim elədi. Nənəsinin yüzün ipindən tutmağına heç üç il qalmamışdı. İki il neçə aysa bir əsrin nənəsi titulunu üstündə gəzdirmək ehtimalı yüzdə yüzdür. O da Allah əl gəzdirməsə. Kəndimiz işğal olunmasaydı, ya da satılmasaydı, day orasını geniş yazıb mətləbdən uzaqlaşmaq istəmirəm, nənəm kənddə yaşasaydı, siması indikindən də cavan görünərdi. Nənəmin köhnə şəkillərini anamın albomunda görmüşəm. Həqiqətən çox gözəl olub gəncliyində. Sonradan başa düşmüşdüm, babam niyə nənəmi üç dəfə qaçırdıb. Hə, hə, nənəm çox tərs qız olub. Gözəlliyinə bələd olduğundan nazlanmaq vaxtını digər qızlara nisbətən çox uzadıb. Babamla əmiuşağı olublar. Rəhmətlik kişi neçə dəfə ürəyini açıb, ” yox ” cavabından başqa cavab eşitməyib. Nənəm atasını tez itirmişdi, anasıyla qohumlar arasında tək yaşayırdı. Babam gördü ki, yox e, elçiləri çoxdu, qız əldən çıxacaq, ilk fürsətdə qaçırıb nənəmi. Nənəm də ilk fürsətdə babam onu evdə tək qoyanda ata ocağına qaçıb, iki ayağını bir başmağa dirəyib ki, mən əmioğluna arvad olmaq istəmirəm, qutardı.
Nənəmdə kürd tərsliyi, babam ondan betər tərs kürd. İkinci dəfə qaçırdı, yenə nənəm ata ocağına qaçdı. Yazıq kişi neyləsin, üçüncü dəfə qapını da, pəncərələri də bağlayandan sonra nənəm başındakı yaylığı ingilis bayrağıfason havada yellədi. Kişi qəfildən rəhmətə gedənəcən xoşbəxt yaşadılar. Babam fağır kişi olub, kimi danışdırırsan, sakit, mehriban olubdu, deyirlər. Hərçənd görməmişəm, heç bir nəvəsini görməyib kişi
Ruhu şad olsun, şəkillərdən, qohumların xatirələtindən tanıyıram babamı.
Nənəmlə molla qardaşın nənəsi ( qəribə adı vardı, xatırlaya bilmirəm) bir-biriylə dil tapdı. Ümumiyyətlə, nənəm məndən başqa hamıyla dil tapır. Burdan belə nəticə çıxır ki, problem mənim özümdədir. Bir əsrlik nənə hər şeydən danışır, evimizin sirrindən danışmır. Bircə onu deyəndə ki, ev rəhmətlik bacısının olub, hamımız təəccübləndik. Molla qardaşa baxdım, bizimkilərdən əvvəl sual verdim.
– Dünən niyə demədiz qohumunuzun evidir?
Birinci mızıldandı, nə qədər ağılsız olasan, bu sualı gözləməyəsən.
– Vallah, mən özüm də dəqiq heç nə bilmirəm.
– Kənddə tək molla sizsiz. Bizdən əvvəl evi alanlar da qapınıza gəlib, dua oxumusuz. Nənəniz yəni sizə heç nə deməyib?
Dədəm filmin maraqlı yerində kanalı dəyişdirdiyi kimi, söhbətin də maraqlı yerində araya söz saldı, gözlərini mənə ağartdı. Əlbəttə, molla cavab verməkdən yaxasını qurtardı.
Əsrlik nənə dilləndi.
– Qardaşım başqa rayonda yaşayır. Bacım ölməmişdən üç gün əvvəl evi mənə vermişdi. Mən də pula ehtiyacım vardı, satdım. Düzü, qardaşım evi satmağıma əsəbləşdi.
Nənəm – Bacın xəstəydi? – nənəm sualı ürəyimcə verdi.
– Yox, sap-sağlam arvadıydı. Xəstə niyə olur?
– Onda niyə evi sənə verdi? Bəyaq dedin ki, qızı, nəvəsi varmış. Onlara niyə vermədi, durğduğu yerdə sənə verdi? Öləcəklərini əvvəlcədən bilirdi ki? Nəysə bacı, sən bizə düzünü demirsən. İncimə e, sözümü gizlədib, nala-mıxa vuran adamlardan deyiləm. Deyək ki, mən qocalmışam, gözümə nəysə göründü. Hamımız dəli olmamışıq ha. Hamımızın gözünə göründü də o nədirsə.
Sağ ol, nənə. ” Əhməd haradadır ” filmindəki Zülümov demişkən, deputat kimi danışırsan.
Nənəmim suallarına cavab tapa bilməyən əsrlik arvad dilləndi.
– Vallah, özüm də bilmirəm evi mənə niyə verdi. Nəvəm gələr dostlarıyla dua oxuyarlar keçib gedər. Çayıızı için, soyumasın.
Dədəm çay içə-içə düşünürdü.
Molla qardaş özü kimi iki molla dostuna zəng eləmək üçün otaqdan çıxmaq istəyirdi, verdiyim suala ayağını saxladı.
– Nənə, bacınızın nəvəsi ailəliydi?
Molla qardaş nənəsiylə bir-birinə baxdılar.
– Yox, niyə ki?
– Çünki körpə uşaq da görürdüm.