Xalq şairi.Bəxtiyar VAHABZADƏ.Seçmə şeirlər

KÖRPÜ ÇAYDAN UZAQ DÜŞÜB

Dostum H.Şirməmmədə

Hələ toxum cücərməmiş,
Tarlamıza alaq düşüb.
Başımız da daz olalı,
Əlimizə daraq düşüb.

Xəyallarım – qanad-qanad,
Ətəyimdən dartdı həyat.
Dünənimə Dürat, Qırat,
Bu günümə ulaq düşüb.

Əlim üzüldü diləkdən,
Dilim yandı “gəl” deməkdən.
Öz haqqını gözləməkdən
Haqqın gözünə ağ düşüb.

Bu tayda sən, o tayda mən,
Üzəmmədim bu çayda mən.
Ömr əritdim harayda mən,
Körpü çaydan uzaq düşüb.

Dekabr, 1992

İNSAN KİMİ SAXLA MƏNİ

Ulu tanrı, köməyim ol,
Arzuma adaxla məni.
Məni insan yaratmısan,
İnsan kimi saxla məni.

Göl olmuşam dama-dama,
Məlhəm qoyma sən yarama.
Bu sevdaya bu mərama
Daha betər bağla məni.

Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.

Dünənimi dana-dana
Göz dikirəm gündoğana.
Əgər gündə bir zindana
Çəkic vursam, ağla məni.

Ey ümidim, ey gümanım,
Sözüm haqsa, necə danım?
Qurban olsun haqqa canım,
Nahaq işdən saxla məni.

Soruşdular: Kimdir mənim
Yaxşıma da pis deyənim?
Həm dostum, həm də düşmənim
Göstərdi barmaqla məni.

İyul, 1991, Şəki

BİLƏ BİLDİYİN QƏDƏR

Əzizim Nurəddin üçün

Çal dünyadan xoş günü
Çala bildiyin qədər.
Verəcəksən, unutma
Ala bildiyin qədər.

Quzu kimi mələrsən,
Min-min arzu dilərsən.
Sən boşala bilərsən
Dola bildiyin qədər.

İdrak yolu qorxulu
Gülündən çoxdur kolu.
Gedəcəksən bu yolu
Gələ bildiyin qədər.

Nəyə gərək gileylər
Bu çabalar, bu səylər
Bildiklərin bəs eylər
Elə bildiyin qədər.

Bu dünyanın min donu
Min rəngi, min oyunu.
Dərk edərsən sən onu
Bilə bildiyin qədər.

Sevinc dağına çıxsan
Sanma dərddən uzaqsan.
Bir gün ağlayacaqsan
Gülə bildiyin qədər.

İyul, 1992.

AĞILA SƏRHƏD

Ağıl həddindən artıq inkişaf
edərsə, xarakteri pozar
Ribot

Dəyişmirsən fikrini
Lap bu dünya dağıla.
Öz hikkəndə qalmısan
Sən boğula-boğula.

Tərgit bu fironluğu,
Minlik bilmə onluğu.
Aldanmısan sonluğu
Toyla bitən nağıla.

Əhsən dedim, min əhsən
Ayrılmayıb kökündən,
Gələcəyi bu gündən
Görə bilən oğula.

Ömür hədər, gün hədər,
Kim özünə qəsd edər?
Əsl ağıl bir qədər
Sərhəd qoyar ağıla.

Noyabr, 1998

AĞIL BAŞQA, ÜRƏK BAŞQA

Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.

Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə, gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, böcək başqa.

Hər dərdinə ortaq mənəm,
Hər ağnnı tən bölənəm,
Sən çəkənsən, mən gələnəm
Gəmi başqa, yedək başqa.

Haqqın yolu-öz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ – solumdur
Şeytan başqa, mələk başqa.

Bir diləyə mən calandım,
Gah qazandım, gah talandım.
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.

Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım.
Çatmadı səbrim, inadım
Əməl başqa, dilək başqa.

Noyabr, 1998