Zeyneb Münzeviyə …

Gürcü qadının hazırladığı qəhvədən içə-içə divardakı rəsm əsərlərini müzakirə edirdilər… Onlara elə gəlirdi ki, bu an bütün dünya bir fırça boydadır… Küncdəki stolda oturub şüşə qapıdan küçəyə baxan qoca kişi altdan-altdan onları da süzməyindən qalmırdı. Qəhvənin sonuncu udumuna hələ vardı… Və ikisi də bu sonuncu uduma gec çatmaq istəyirdi… İçəridən çıxan kefcil görünüşlü kişi onlardan fərqli ləhcəylə soruşdu:
-Kimsiniz?
Rəssam qız tutuldu… Özünü şair sayan isə ciddiləşmək istədi, qaçan dodağı onu ələ verirdi… Özünü toparlayıb dedi:
-Bu qız rəssamdı…
O biri qız sanki acığa düşdü:
-Bu da şairdi…
İkisi də gülüşdülər. Kişi də gülürdü… Ləhcə yenə işə düşdü:
-Mən də o divardakı ozum çakdım….
Gülüşləri kəsildi, gözlər bir-birinə irilənib baxdı… Hər iki qız eyni anda dodaqlarını da büzdü… Və qadın heyrətinin bütün cizgilərini kiçicik üzlərində yaşadılar… Bəlkə də, həyatı boyunca gürcü rəssam da ilk dəfəydi ki, qadın heyrətinin belə obrazını görürdü… Lakin, qızlardan yenə söz qopartmaq niyyətinə düşdüyü də bəlliydi:
-Harda işlayir?
Bu dəfə qadın ehtiyatlılığı öz sərhəddini cızdı. Qələminə güvənən dedi:
-İkimiz də kompüterdə işləyirik…
Kişi marağı da yenilmək istəmirdi:
-Mənim tanış internet var. Deyim, işlayin.
Baxışlar yenə bir-birinə zilləndi. Amma, bu dəfə baxışların mənası fərqli idi… Rəssamın baxışları: “Dəlidirmi bu?”-deyirdi… Şairin gözlərinin bəbəklərindən isə: “Bu lap axmaqdır ki…”-oxunurdu… Söz axtarırdılar ki, onu qırmadan “Yox!” deyə bilsinlər. Küncdəki qoca kişi dilləndi:
-Olmaz! Bura Gəncədir! Burda qız nədi, internet-klub nədi? Gündə yüz oğlan girib-çıxacaq, razı olmazlar…
Gürcü rəssam heyrətləndi. Və söhbətin yönünü dəyişmək istədi. Siyirmədən kiçik bir foto çıxardıb qızlara uzatdı:
-Mən çakdım.
İkisi də eyni anda əyildi fotoşəklin üstünə. Məryəm ana və qucağında oturmuş İsa… Möhtəşəm işlənmiş rəsm əsəri olduğu bəlli idi…
-Oooo…
-Aaaaa…
Bu da qadın heyrətinin növbəti ifadəsi idi… Sağollaşıb çıxanda da gözləriylə divardakı şəkilləri süzürdülər…Hər ikisi də beynində özü üçün fərqli rəngdə hisslər yaşayırdı… Və bu dəfə Rus kilsəsinin qarşısında dayandılar… Kimsəyə bir söz deməyib içəri keçdilər. Başlarına nazik örpək örtüb mehraba tərəf addımladılar. İnsanlardan çox divardakı şəkillərə, ikonalara baxır, orda nəyisə kəşf etməyə çalışırdılar sanki… Şəklin birinin qarşısında şair əli ilə rəssama işarə etdi:
-Bu şəklə baxx…. Eşikdə sənə söz deyəcəm-pıçıltısını hamı eşidirdi, hərçənd…
Şəkildə İsa oturmuş, qarşısına da içərisində qırmızı maye olan qızıl cam qoyulmuşdu. Örpəklərini açıb çıxdılar. Kilsənin dəmir çərçivəli həyətindən eşiyə bir addım qoyan kimi ikisi də birdən səsləndi: “Qraal piyaləsi!”
Gülümsünüb susdular. Şair soruşdu:
-Oxumusan o kitabı?
-Məndə var, verərəm oxuyarsan.
-Özüm almışdım. Düz 8 manata… Uzun zamandır kitab alammıram… Elə baha olur ki… Hələ Varisin oxumadığım iki kitabı qalır…
-Kimdəsə varsa, götür oxu, qaytararsan…
-Yox… Mən Varisin kitablarını oxuyandan sonra ilk vərəqlərinə o kitabdan aldığım hissləri yazıram… Özüm alacam, inşallah…
Küçənin başında rəssam çantasından fotoaparatı çıxardı:
-Nəyi çəkim?
Şair susdu… Gözlərini qarşı küçədəki kitab mağazasının qapısının üzərindəki “Açıqdır!”sözü asılmış tabloya zillədi… Rəssam fotoaparatı qaytarıb çantasına qoydu… Yolu keçib sağollaşdılar:
-Nə vaxt görüşəcəyik, söz verməyək…
-Hə… Həmişəki kimi…
Ayrıldılar… Şairin ürəyindən keçən cümlə isə elə ürəyindəcə qaldı:
-Mənə ümidləri çək…

Şəfa Vəli (Gəncə)