Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

HARDAN ALMISAN

“Könül dəftərim” silsiləsindən

Albomumdakı bir şəkillə üz- üzə
Aləm sevir səni, bəyənir səni,
Yuxa könülləri oda salmısan.
Ay zalım özümdən etmisən məni,
De, bu gözəlliyi, hardan almısan?

Hüsnünü hər görən, mələkdir sanar,
Qəlbinə od düşər, alışar, yanar.
Səninçün tərsalar, öz dinin danar,
De, bu gözəlliyi, hardan almısan?

Kipriyin, qaş- gözün incədən- incə,
Insan valeh olur üzün görüncə.
Sən bəşər deyilsən, hurusən məncə,
De, bu gözəlliyi, hardan almısan?

Al yanaq, tər əndam, sərvi boy- buxun,
Gördüyüm ilk andan qeyb olub yuxum.
Sənin “yox” kəlməndir, yeganə qorxum,
De, bu gözəlliyi, hardan almısan?

Dövran səni seçib, sən də Dövranı,
Gül çöhrə, gül üzə qaynayır qanı.
Tapılmaz bənzərin, gəzsə dünyanı,
De, bu gözəlliyi, hardan almısan?

AY İŞIĞINDA
/”Sonetlərim” – silsiləsindən/

Sənin o növraqlı yolların üstə,
Çiçəkli baharam,qönçə güləm mən.
Bir ömür istərəm ,qolların üstə,
Sevgimi,eşqimi sənlə böləm mən.

Könül can atanda ilk görüşünə,
O axşam hədiyyən vüsalın oldu.
Ayın nuru qondu xoş gülüşünə,
Söyüdlər həsrətlə saçların yoldu.

Olub eşq dalğıcı tapdım dürr,inci,
Qəlbimə sığmırdı sevda sevinci.
Ulduzlar süzürdü bizi o anda.

Xoş bahar gecəsi artıq yarıydi,
Şahid göy üzünün ulduzlarıydı,
Qoşa addımladıq,ay işığında.