GÖZÜNÜN İÇİNDƏ XAL BİTƏN GÖZƏL

…kirpiyin qoruyur gözün sulayır,
nə yaxşı, boy atmır daha bu xalın!?.
xalın gözlərinin çətin sualı,
gözünün içində xal bitən gözəl.

bəlkə gözlərində qurumuş yaşdı,
yoxsa ürəyindən gözünə qaçdı?
demə harda olsa xal elə xaldı,
gözünün içində xal bitən gözəl.

hər səhər bu xala açılır gözün,
durub gördüyünə mat qalır gözün,
qoyma, xalın ilə dalaşır gözün,
gözünün içində xal bitən gözəl

* * *

Ağ əllərin öpüşə,
telin sığala yatmaz.
Ayağına su atsam,
köksündən
arzu qalxmaz.

Ürəyin çatan dərdə,
boyun çatmır neyniyək!?
Baxdım göz yaşın çatır,
yaşın çatmır sevgiyə…

Sən sevgi çəməninə
can atan bir kəpənək,
Tez döndün xatirəyə,
bitməyən bir həsrətə…

YENƏ ÇAXDI ŞİMŞƏKLƏR

Yenə çaxdı şimşəklər –
şimşək göyün ağrısı.
Buludlar ağlayan göz,
yağışlar da göz yaşı.

Yenə çaxdı şimşəklər,
dünya balacalandı.
Göydə oynar mələklər,
gözüm alacalandı.

Yenə çaxdı şimşəklər,
yenə qalmaqal gördüm.
İndi sən bu məkanda,
qalma görüm, qal görüm.

Yenə çaxdı şimşəklər,
kimin ömrü oxundu?
Bəlalar göydən gələr,
göydən gələn bəlalar,
yerdəkinə toxundu…

* * *

Yaxın yola varammadım,
uzağın da vaxtı deyil.
Mən xoşbəxtlik qazanmadım,
gün də görmək baxtım deyil.

Ayağım yerə yetəndən,
yer yetmədi ayağıma.
Yollar mənə düşmədi heç,
düşdüm yolların ağına.

* * *

gözlərim vaxtsız oyandı,
nə axşamdı, nə də səhər.
ürəyim nəynən oynasın?
nə sevinc var, nə də kədər.

gözlərimiz baxıb görməz,
əllərimiz çatıb dəyməz…
nə «gəl» demə,
nə «get» demə,
nə şəkər ver,
nə də zəhər.