Üfüqlər arxasında
Gün batır, axşam düşür.
Dənizin aynasında
Ay ulduzla görüşür.
Yatır ləpələr çin-çin,
Qağayılar dincəlir.
Dənizdən bir nəğmənin
Əks-sədası gəlir.

Buludlar karvan-karvan,
Ala-tala buludlar.
Sonsuz səma tağından
Düşür yola buludlar.
İndi gözlərin sənin
Ulduztək bulud dəlir, –
Dənizdən bir nəğmənin
Əks-sədası gəlir.

Tək buruğun ziyası
Uzaqda yanır-sönür.
Sınır suyun aynası,
Gəmi sahilə dönür.
Yolu dolur nur ilə,
Gecə keçir, dan gülür.
O gəmiylə sahilə
Oyaq bir nəğmə gəlir.

Sənsən sahilə dönən…
Ağardıqca qızıl dan,
Sənsən ulduztək sönən,
Günəş kimi parlayan.
Yatdı dəniz, qağayı,
Yatdı ləpə, ağ bulud,
Göydə yatırtdın ayı,
Hər yanı tutdu sükut.

Yatmadın bircə özün,
Yatmadı bircə nəğmən.
Gecə bəyaz gündüzün
Nəğməsini dedin sən.
O, “dur – dedi mənə də, –
Günəş ziyası gəlir!”
Qulağıma yenə də
Onun sədası gəlir.