Çay içirik. İkisi də gülür. Rusiya və Ukraynadakı mövqelərindən danışırlar. Hər ikisi də məni oralara dəvət edir. Elə belə yox…e.., yaşamağa. Hər ikisi də bilir ki, Rusiyada yeddi, Ukraynada altı il yaşamışam. Söhbətləşirik. Hər ikisi Milli Azadlıq Hərəkatının öncülərindən olub; biri nazir müavininə, digəri isə prezidentin köməkçisi vəzifəsinə qədər yüksəlib. Əvvəl elə bildim, zarafat edirlər. Sonra gördüm ki, yox, bunların zarafat edən yaşı çoxdan keçib, e.., həm də bunlar heç vaxt mənimlə zarafat etməyiblər. Çox ciddi adamlardı. Rusiya və Ukraynada hər şeyləri var, kifayət qədər imkanlıdırlar. Hərdən, hərəkat uşaqları üçün darıxanda otururlar öz təyyarələrinə (yaxud icarə etdiklərinə) gəlib bizimlə çay içib geri qayıdırlar. Çay içməyə bax … a… ?

Hərəkatda üzdə olmasalar da öncül olublar. O zaman da heç nədən korluq çəkməyiblər, hətta bizə hər zaman yardım ediblər. Dövləti, müstəqilliyi bərpa etmək üçün özlərini ölümə veriblər. Bütün bunları gözlərimlə görmüşəm, onlarla birlikdə bu ölümləri yaşamışam.

Zaman dəyişdi. Bu dostlar yenə içində vətən eşqi ola-ola təhsil aldıqları yerə döndülər. Onları orada sevən vardı, çünki başları kifayət qədər işləyirdi.

Bu dəfəki gəlişlə hər ikisi məni təəccübləndirdi. Hər ikisi vətəndaşı olduqları ölkənin pasportlarını utana-utana çay dəstgahı deyilən masanın üstünə qoydular. Ürəyim gəlmədi onların sənədlərinə baxım. Bəlkə qorxdum, bəlkə də hürkdüm. Belə şeyin olduğunu ağlımın heç bir küncündə yerləşdirə bilmədiyim üçün rəngim dəyişdi. Saraldığımı, qaraldığımı, sarsıldığımı görüb güldülər. Nədir inanmırdın? – deyə soruşdular. Dedim bəylər, əfəndilər, sizinlə bu dövləti qurmaqdan ötəri nələri qurban verdik, nələrdən keçmədik? Bu müstəqil dövləti qurduq, bundan sonra çıxıb getdiniz. İndi kef içində yaşayırısınız. Biri gülərək dedi: “Bəy, incimə! Sənin şaşırmağını da başa düşürük. Sənin qaldığın evdə nə qədər çörək yediyimiz də yaddan çıxmayıb. Kimin nəyi vardı masanın üstünə qoyurduq. Sən qələm adamısan, sən nə var … e … Qələmini götürüb harada istəyirsən orada olacaqsan. Amma biz …(gülə-gülə o birisinə baxdı) … biz qələm sahibi deyilik ki? Bizim də ailəmiz var, yaşamağımız üçün şərtlər var. Biz vətəndaşlıqdan imtina etməmişik. İndi vəziyyətimiz elədir ki, başqalarına köməklik göstəririk. Həm də… (hiss etdim ki, qəhər onu boğdu, gözləri yaşardı)… başqa ölkənin vətəndaşıyıq. Çünki biz oralarda oxuduq. Diplomumuzu göstərən kimi bizə vətəndaşlıq verdilər. Sən də bundan istifadə edə bilərsən”

Onlara nə deməli idim? Doğrusu şaşırdım. Dedim bura gəlmisiniz ki, məni də yanınıza aparasınız? Hər ikisi bir ağızdan başlarını “yox” işarəsi ilə yellədilər.

Özümdən asılı olmayaraq sual verdim: “Bəs niyə müstəqillik uğrunda mübarizə aparırdınız?” Hər ikisi eyni anda cavab verdi, elə bil sözləşmişdilər: “Müstəqillik ayrı, aclıq ayrı!”

Doğrusu yenə şaşırdım. Şəxsi təyyarəsi ilə Bakıya çay içməyə gəlmiş dostlarıma cavab verməyə bir söz tapmadım. Cavab vermədim, gülümsəməklə mövzunu dəyişdim. Amma, içimdə nisgilli bir sual qaldı: “O zaman bu mübarizəni aparmaq nəyə lazım idi? Başqa ölkənin VƏTƏNDAŞlığını qəbul etməyə görəmi? O zaman O VƏTƏN sənin olmayacaq? Siz necə düşünürsünüz?

Mənbə: olaylar.az