Hörmətli baş redaktor

Bu gün “Ədəbiyyat qəzeti” müstəqillik dövrü milli mətbuatımızda mədəniyyətin və ədəbi məfkurənin sönməz məşəli məqamındadır. Onun işığında açılan pəncərədən dünya ədəbiyyatının ədəbi abidələri, fikir karvanı ilə də tanış oluruq. Ona görə də “Ədəbiyyat qəzeti” oxucuların stolüstü ayrılmaz həmsöhbətinə çevrilmişdir. Cənubi Azərbaycan ədəbiyyatına diqqətinizə görə sağ olun.

Tarixi ədalətsizlik ucbatından Azərbaycan torpaqlarını parçalayan imperialist dövlətlər işğal etdikləri ərazilərdə uzun illər yerli xalqların maddi-mədəni sərvətlərini özününküləşdirmiş, dilini, dinini, milli mənsubiyyətlərini unutdurmağa çalışmışlar.

Azərbaycanın Şimal və Cənubunda mürtəce siyasətin inadlı təzyiq və qadağalarına məruz qalan yerli əhali dilini, dinini və milli adət-ənənələrini qoruyub saxlamış, zaman-zaman azadlığı, istiqlalı uğrunda mübarizə aparmışlar. Səttərxan, Xiyabani və Pişəvəri hərəkatları xalqımızın şanlı qəhrəmanlıq tarixi olmuşdur. Bu gün də Cənubda 45 milyon Azərbaycan türkü mənəvi bütövlüyünü, ənənələrini qoruyub saxlayır.

Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti dövründə öz nüfuz və vəzifəsinə güvənərək Cənubi Azərbaycan xalqının həyat tərzi, adət-ənənəsi, tarixi ilə maraqlanır, mənəvi əlaqələrin möhkəmlənməsinə çalışırdı.

Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı, akademik Mirzə İbrahimovun təşkil etdiyi Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi bu gün də fəaliyyət göstərir. Mirzə İbrahimovun layihəsi əsasında şöbədə faydalı işlər görülməkdədir.

Hörmətli baş redaktor, bu gün sizin təşəbbüsünüzlə “Ədəbiyyat qəzeti”ndə milli ədəbiyyatımızın ayrı-ayrı problemlərinə həsr olunmuş “müzakirə saatı” ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

“Ədəbiyyat qəzeti”nin 2019-cu il 9 – 16 fevral tarixli saylarında “Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu günə” müzakirə saatının keçirilməsi ədəbi hadisə, həm də milli irsə qədranlıq kimi dəyərlidir.

Geniş müzakirədə sizin və Elnarə Akimovanın təşkilatçılığı ilə xalq şairi Sabir Rüstəmxanlının, AYB Cənub ədəbiyyatı sahəsinin rəhbəri Sayman Aruzun və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi əməkdaşları – filologiya elmləri doktoru Esmira Şükürovanın, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin iştirakı xoşdur, minnətdarlıq hissi oyadır. Çünki müzakirədə iştirak edənlər – filologiya elmləri doktoru Elnarə Akimovanın təqdim etdiyi kimi, ictimaiyyətin mütəxəssis kimi tanıdığı, Cənub ədəbiyyatı sahəsində müəyyən xidmətləri olan ədəbiyyatşünaslardır.

Müzakirə Cənubi Azərbaycan ədəbiyyatının problemlərini “tarixdən bu günə” tam əhatə etməsə də, olduqca maraqlı və faydalı fikirləri ilə diqqəti cəlb edir.

Xalq şairi Sabir Rüstəmxanlı müzakirə zamanı otaylı-butaylı Azərbaycanın aktual problemlərindən danışır, müasir dövrün tələbinə uyğun bir sıra zəruri təklifini bildirir. Müasir dövrdə Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayır. Ədəbiyyatımızın, tariximizin məktəblərimizdə bütöv öyrənilməsini, tədqiqat əsərlərinin yazılmasını, kitab nəşrinin artmasını yüksək qiymətləndirir. Lakin bu gün mətbuatda, televiziyada, eləcə də əsrlərdən bəri ədəbi irsin, şifahi xalq ədəbiyyatının istənilən səviyyədə öyrənilməsinin yetərincə olmamasını bildirir. Sabir Rüstəmxanlı deyir:

– “Yazıçılar Birliyində Güney Azərbaycanla bağlı katibliyin yaranmasını mütləq hesab edirəm. Çünki əbədi təsir var. Ya akademiyaya bağlı, ya ondan kənarda Güney Azərbaycanla bağlı institut – tədqiqat mərkəzi yaranmalıdı. Əslində, akademiya daxilində ayrı-ayrı institutların tərkibində müxtəlif şöbələr şəklində var. Tarix, Ədəbiyyat və bir neçə digər institut da var. Hamısı bir yerə yığılmalıdır. Mətbuat orqanı olmalıdır. Bu, İranla münasibətlərə təsir etmir. İranın burada 30 mədəniyyət mərkəzi var. Biri də bununla bağlı olsun da. Güney Azərbaycan İnstitutu yaradaq ki, elmi tədqiqatlarla məşğul olsun. Təəssüf ki, Güney Azərbaycan əhalisinin böyük bir hissəsi dünyanın müxtəlif ölkələrində yaşayır. Diaspor işini inkişaf etdirməliyik ki, xaricdə onlarla əlaqələrimizi yaxınlaşdıraq. Bu məsələyə diqqət yetirmək olar”.

Sayman Aruz müzakirədə Sabir Rüstəmxanlının təkliflərini zamanın tələbi kimi qiymətləndirir, xatırladır ki, “Güneyin səsi”, “GüneyNews” saytlarının da bərpa olunması işimizə çox kömək olardı.

Siz müzakirənin axarını ədəbi müstəviyə yönəldirsiniz. Vurğulayırsınız ki, Cənubi Azərbaycanda “modern poeziyanın gəlişməsi vüsətlə baş verir”. Bu aləmdə Bərahani, Əhməd Şamlu, Fürug Fərruxzad poeziyasının tədqiqata cəlb edilməməsini xatırladırsınız.

Kiminsə ortaya atdığı “İran Azərbaycanı deyilməlidir” sözünə cavabınızda haqlı olaraq deyirsiniz ki: “Heç kəs diktə edə bilməz ki, Vətəninizi bütöv görməyin… vətənimizi bütöv sevmək üçün kimdənsə izn almalı deyilik ki… biz bir ədəbiyyat adamı olaraq, düşüncə insanı kimi vətənimizi, ədəbiyyatımızı bütöv görürüksə, bu bizim qürurumuz, haqqımızdır”.

“Cənubi Azərbaycan”, “Cənubi Azərbaycan ədəbiyyatı” deyilişinin də müzakirəyə ehtiyacı yoxdur. 1976-cı ildə xalq yazıçısı, akademik Mirzə İbrahimov Sovet dövründə “qranit qadağa” maneəsini rədd edərək öz vətənimizi və dəyərlərini istədiyimiz kimi, necə varsa, elə adlandırıb ictimaiyyətə təqdim edibdir.

Filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli Rza Bərahani yaradıcılığı, Qulamhüseyn Saidi haqqında məlumat verdi.

“Müzakirə saatı”nda Elnarə Akimovanın dediyi kimi, “mənəvi xəzinənin bitmək bilməyən dərininə vardıqca şaxələnən mövzunun bəzi aspektləri” gündəmə gətirildi, öz təsiri ilə oxucular tərəfindən razılıqla qarşılandı.

Teymur ƏHMƏDOV,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor, akademik.

Mənbə: http://edebiyyatqazeti.az