Ta bineyi-qədimdən, bəşər övladı özünü dərk etdiyi zamandan ANA qayğıkeş, müqəddəs varlıq kimi hörmətə anılmışdır. Ana insan həyatında Günəş timsalındadır, onun nuru bəşəriyyəti işıqlandırır. Qadın – ana sayəsində insan səadətə qovuşur. Ana elə bir müqəddəs varlıqdır ki, vətəni də onun adı ilə “Ana vətən” deyə çağırırıq.
Kimliyindən – kiçikliyindən, böyüklüyündən, daşıdığı vəzifədən asılı olmayaraq hamının anaya ehtiyacı var. Ana qayğısını, ana laylasını, ananın yuxusuz gecələrini heç nə ilə əvəz etmək olmaz.
Hələ kiçik yaşlarımızda, məktəbə ilk qədəm qoyduğumuzda müəllimlərimiz bizə “ana” sözünü, qadın kəlməsini öyrədib. Bizə qadın tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, jurnalistlər, mədəniyyət, incəsənət, elm xadimləri – Tomiris, Nigar, Həcər, Natavan, Məshəti, Zəridə Əliyeva, İzzət Orucova, Şəfiqə Axundova, Püstəxanım Əzizbəyova, Nigar Rəfibəyli, Heyran xanım, Aşıq Pəri, Salatın Əsgərova və onlarca, yüzlərcə digər igid, dəyanətli, mətanətli, sədaqətli, ər qeyrətli xanımlarımız haqqında məlumat veriblər.
Dünən də Azərbaycan cəmiyyətini qadınlarsız təsəvvür etmək mümkün deyildi, bu gün də mümkün deyil, sabah da mümkün olmayacaq. Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Qadın anadır, qadın tərbiyəçidir. Bu gün ölkəmizin inkişafında mühüm rol oynayan istedadlı və vətənpərvər gəncliyin yetişməsi məhz qadınların gərgin əməyinin, onların Vətənə, ailəyə bağlılığının və sadiqliyinin nəticəsidir. Müstəqil, azad, dinamik inkişafda olan Azərbaycanımızın qazandığı bütün uğurlarda, əldə etdiyi bütün nailiyyətlərdə qadınların xidməti və rolu əvəzsizdir.
Qadınlar zərif, bahar təravətli olduqları qədər də qətiyyətli, cəsarətli və qətiyyətlidirlər. Onlar bütün dönəmlərdə cəmiyyətimizin mənəvi dayaqları olmuşlar.
Qadının savadsızlığı cəmiyyətin savadsızlığıdır. Qadın ziyalı olduqda, dünyaya gətirdiyi övlad da sağlam və gələcəyin ziyalısı olur. Hər bir qadın ömür-gün yoldaşına həm də sirdaş, ağır və çətin günlərində həmdəm, dayaq olmuşdur. Bəli, Azərbaycan qadınları həqiqətən də ismət və qeyrət təcəssümüdürlər.
Mənim çalışdığım Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə də sözün həqiqi mənasında peşəsini ürəkdən sevən, gələcəyimizin etibarlı əllərdə olması üçün var qüvvələrii ilə çalışan müəllimələrimiz yetərincədir. Bu müəllimələrin sayəsində hazırda məktəbimiz şəhərin ən sayılıb-çeçilən məktəbləri sırasındadır. Bu nailiyyətlərdə məktəbin direktoru Rübabə Əsgərovanın, metodbirləşmə rəhbəri Nəmidə Mirzəyevanın müstəsna xidmətləri vardır.
8 mart – Beynəlxalq Qadınlar günü və Azərbaycan xalqının, o cümlədən bütün türk dünyasının ən əziz bayramı olan Novruz bayramı münasibətilə məktəbimizdə çalışan xanım pedaqoqların timsalında bütün qadınlarımızı səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisi və gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi istiqamətindəki gərgin və yorulmaz fəaliyyətlərində uğurlar arzulayıram.
Sonda bu şeirimi də əziz qadınlarımıza ünvanlayıram.

Gözümüzün nurudu,
Pakdı, safdı, durudu.
Yurdumun qürurudu,
Azərbaycan qadını!

Bir nağıldı dünyası,
Sərvətidi balası.
Şirindi hər laylası, –
Azərbaycan qadını!

Ömrümüzə naxışdı,
Mərhəmətli baxışdı,
Ruha yağan yağışadı,
Azərbaycan qadını!

Şəhidlər anasıdı,
İgid, ər anasıdı,
Məsum su sonasıdı,
Azərbaycan qadını!

İradəli, mətindi,
Qüdrəti qüdrətindi,
Təmiz, saf niyyətindi,
Azərbaycan qadını!

Od üstündə sacdı, bil,
Dərdlərə əlacdı, bil.
Başımıza tacdı, bil, –
Azərbaycan qadını!

Şəfəq Xəzər,
şairə, Sumqayıt şəhər 33 saylı tam məktəbin müəlliməsi