Rafiq ODAY.”Dəyişim getsin”

Çarpışmada çoxum, azım,
Nə yol getdim, nə də azım?!
Arxaya bəzək nə lazım? –
Önünü dəyişim getsin.

Bu səs –
bu səmirin deyil,
Bu baş –
bu dəmirin deyil,
Bu su –
bu xəmirin deyil,
Yönünü dəyişim getsin.

Bu çayın suyu lildimi?
Baxdım – əksimi sildimi?
Bu yaşda necə cildimi,
Donumu dəyişim getsin?!

Toy oldu – şənlik olmadı,
Dən oldu – dənlik olmadı,
Bu ömür mənlik olmadı,
Sonunu dəyişim getsin.