Aynur Yasəmən QARABAĞLI.”Əsgər oyuncaq”

Çox gözəl, gündən günə abadlaşan bir ölkənin paytaxtında yaşayıram. Gözəllikləri turistlərin gözlərini oxşayır. Göydələn binaları, bahalı, lüks maşınları ilə yolları daim tıxaclı olan , mağazaları, marketləri bazarları dolu bir ölkənin vətəndaşıyam.
Xarici ölkələrdən dostlarımız, tanışlarımız var. Onlar da gələndə götürürük, qalxırıq dağüstü parka, filan. Bəh-bəh ilə şəhərin göz oxşayan gözəlliyi ilə, içərimizdə bir lovğalıq hissi, bir-birindən gözəl görünən yerləri təqdim edirik.
Ancaq bəzən bu gözəlliyin kimin və ya kimlərin qanı bahasına əldə olunduğunu unuduruq.
Özbəkistan respublikasından ölkəmizə təşrif buyuran qonaqlarimızla şəhəri gəzirik. Gah sağda, gah da solda ucalan yaraşıqlı və əzəmətli binalar haqqında qonaqlarımıza məlumat verərək yolumuza davam edirik.
Birdən gözüm illər öncə bir hadisəyə şahid olduğum kafeyə sataşdı. Adını tam oxuya bilmədim. Deyəsən adını dəyişib, başqa nəsə avropasayağı bir adla istifadəyə vermişdilər.
Maşındakı söhbəti unudub, bir anlığa ötən ildəki hadisəni bir kino lenti kimi gözlərimin önündə canlandırmağa başladım.
Bir az yorğunluqdan, bir az da şəhərdəki istinin təsirindən rəfiqəmlə birlikdə, Bakıda bir zamanlar yeni-yeni dəbə düşmüş ” Çudo peçko”deyilən şəbəkəli kafelərdən birinə özümüzü birtəhər çatdırıb, əyləşdik. Çay yoxsa kofe deyə ikimizdə birdən biri-birimizə baxdıq. Çay dedim. Rəfiqəm də, çay istədiyini söylədi. Mənə elə gəldi ki, bizim ikimizin də fikirimiz eyni yerdə idi. Onun iri qara gözləri böyümüşdü. Xasiyətinə illərdi bələd olduğum bu, gözəl gözlü azəri qızının, ürəyini kitab kimi oxudum o andaca. O da, mənim düşündüklərimi düşünürdü və hiss etdiklərimi hiss edirdi. Bir anlığa eyni mənzərə ağuşuna aldı ikimizi də.
Bir salfetka alın gözəl xalalar, üzünüzü əlinizi silərsiniz. Gözəl qoxusu var. Baxın, üstünə də, “əsmər” yazılıb. Mənim də adım Əsmərdi. Nolar alın, nolar xala sən al deyə mənə yaxınlaşıb tam qarşımda dayandı.
Bayaqdan gözlərimi gözlərinin gözəlliyi qədər, məsumluğu və köhnə olsa belə üst-başının təmizliyi ilə heyran edən bu qızciğazın zərif səsi məni elə bil yuxudan ayıltdı. Ayıldığım zaman artıq əlim onun çiynində idi. Məsumluq çökmüş gözlərinin dərinliyində öz gözlərimə çökmüş kədəri seyr edirdim. Mənə çox tanış gəlirdi bu kədər. Gözlərim dolduğu üçün baxışlarımı onun gözlərindən yayındırıb rəfiqəmə tərəf baxdım. Sulugöz mələyimin yanaqlarında yumrulanan göz yaşı, yanağında süzülərək kafenin işığı altında almaz kimi parlayaraq sinəsində bənd aldı. Bir daha bu xanımı milyonlar arasından necə və niyə seçdiyimə bir daha əmin oldum.
Masanın ətrafındakı boş stulu çəkib Əsmərin ikimizin ortamızda əyləşməsinə kömək etdim. O sürüşüb stuldan düşməyə çalışaraq, – xala mənə burda əyləşməyə icazə vermirlər. Salfet almırsınızsa mən gedim, deyərək dartındı. Nə qədər məcbur etməyə çalışsaq da Əsmər bizimlə bir tikə pirojna və ya tort yeməyi qəbul etmədi. Hərəmiz bir paçka ” əsmər” salfeti götürüb on AZN pul uzatdıq. -Xırda varsa, xırda verin, onu xırdalamağa pulum yoxdu dedi.
– Xırda lazım deyil gözəl qızım. Xərcləyərsən, xoşuna gələn bir şey alarsan. Hamısı səndə qalsın dedim. Rəfiqəmin onsuzda dili söz tutmurdu. Pulu güc bəla ilə Əsmərə verdik. Bizim sual dolu baxışlarımızı sanki hiss etmişdi. Bəlkə də, bilirdi mən ona nə suallar verəcəyəm, bəlkə də bilirdi ondan onun həyatı haqqında nələri soruşacağam. Ancaq mən də Əsmərin bu bapbalaca dünyasında,azacıq illərində böyük bir əsər, kitablara sığmayacaq bir ömür yatdığını bilirdim. Bu suallardan yaxasını qurtarmaq istədi Əsmər.
İti addımlarla bizdən uzaqlaşıb yenədə əvvəlki yerində, kafenin qapısının sol tərəfində dayanıb gözlərilə yeni gələn varmı deyə kontrol etdi. Yeni qonaq olmadığını anlayıb sakitcə gözlərini çölün təndir kimi qaynar istisi altında o yana, bu yana şütüyən insanlara və maşınlara zillədi.
Boğazımız tikilmişdi. Kafenin içərisindəki kondisionerin sərinliyindənsə Əsmərin bu körpə vaxtında çörəkpulu qazancı arxasınca çıxıb, saatlarla ayaq üstə qalması bizi üşüdürdü.
Birdən bir canlanma hiss etdim Əsmərdə. Təzə müştəri gəlirdi. Gözünün dərinliyi kədər dolu qızcığazın yanağına xəfif bir təbəssüm qondu. Yanağindakı qəmzəsi yavaş-yavaş dərinlənməyə başladı. Bu təbəssümə səbəb olan mənzərə mənə də maraqlı gəldi. Əsmərin təbəssüm qaynağına tərəf yönəldim. Maşından orta yaşlı bir kişi, bir uşağı düşürdü. Qız çox ustalıqla üst-başını səliqəyə saldı. Kişiyə də, nəsə etirazını bildirdi. Kişi bir əli ilə qızın əlindən tutub, o biri əli ilə qarnını sığallaya-sığallaya kafeyə yaxınlaşdı. Qız elə Əsmər yaşda olardı. Qapını açıb içəri daxil oldular. Çölün istisindən bezdikləri ikisinin də üz-gözündən hiss olunurdu. Kişi əlinin içərisi ilə alnının tərini silib qarnına çəkdi. Əsmər dərhal bir salfet götürüb onlara yaxınlaşdı.
– Alın salfetlə silin əmi. Üstünüzdə tərin qoxusu qalar dedi. Kişi Əsmərə tərs-tərs baxıb, -əşşi bir imkan ver, ağıl öyrətməyəcəksən bizə deyərək, qızının dartışdırdığı tərəfə yönəldi. Əsmər isə heç üzünü turşutmadan öz yerinə qayıtdı. Xadimə xanım o anda Əsmərin dayandığı yeri sildiyi üçün bir az ortada gözləməli oldu. Ofisiant oğlan əlində çay ilə Əsmərin lap yaxınından keçdi. Ürəyim az qaldı ağzımdan çıxıb yerə düşsün. Oğlan o qədər ehtiyatsız keçdi ki, çayın Əsməri yandıra biləcəyini düşündüm. Ay qız bir ayağıma dolaşma, kənara çəkil, zibilə düşmüşük də, deyə-deyə bir masaya yaxınlaşdı. Xadimə xanım tez Əsmərin qolundan astaca tutub, gəl qızım burdan tərpənmə, səni bu istidə çöldə saxlayarlar dedi. Saçının dağılmış hissəsini balaca saç sancağı ilə səliqəyə salan qadına, ana bax o xalalar verdi. Amma iki salfet aldılar. Dedilər ürəyin nə istəyir alarsan deyərək bizim verdiyimiz iki onluğu anasına göstərdi. Olarmı mən bu axşam metronun çıxışında satdıqları əsgər oyuncağı alım? Onda anladım ki, xadimə işləyən xanım Əsmərin anası imiş.
– Hə mənim gözəl balam, bir saat da döz, Şövkət nənə gəlsin, növbə dəyişsin, evə gedəndə alarıq dedi.
Qəflətən cingiltili bir səsdən kafedə əyləşənlərin demək olar ki, səksən faizi diksindi. Bu cingiltili səs bayaq gələn “bahalı qızcığaz”ın səsi idi.Kimisi maraqla, kimisi etiraz dolu baxışlarla səs gələn tərəfə boylandı. Qeyri-ixtiyarı məndə səs gələn tərəfə boylandım. Uşaq şüşənin arxasındakı pirojnaların, tortların hər birindən istəyirdi. Kişi isə, “mələyim gəl hələlik bunları alaq, sabah da gəlib təzə-təzə o birisilərdən alarıq” dedi. Uşaq yenə etirazını bildirdi. Ayaqlarını yerə döyməyə başladı. İnsanlar artıq bu ərkəsöyün qızın səsindən narahat olduqlarını gizlədə bilmirdilər. Kişinin nəhayət zala göz gəzdirdiyini gördüm. Düşündüm yəqin ki, uşağın verdiyi narahatlıq üçün üzr istəyəcək. Kişi isə gövdəsini bir təhər tərpədib irəliyə bir iki addım ataraq: nolub, uşaq görməmisiniz, çayınızı için də, deyə saitləri uzada-uzada donquldandı. Başı vitrindəki şirniyyata qarışan “bahalı qız”ın əlindəki dondurma da əriməyindəydi. Vitrinin arxasında dayanan xanım xadiməni, yeni Əsmərin anasını səslədi. Simuzər gəl yeri sil, yerdə dondurma damcıları var. Uşaq o anda ayıldı ki, dondurma əriyib, əlini
də çirkləndirib. Qız bunu görüb daha da bərkdən ağlayıb, qışqırmağa başladı. Bunu görən Əsmər bir salfet bağlamasını aça-
aça onlara yaxınlaşdı. Gözəl, zərif və mehriban Əsmər qayğı ilə “bahalı qız”a açdığı salfetin bir ədədini uzadaraq, buyurun bununla əlinizi silin dedi. Kişi Əsmərə baxıb, nə sırtıq uşaqsan, girəvədən istifadə edib salfetkanı satmağa çalışırsan elə. Rədd ol, imkan ver nəfəs alaq. Əşşi bezdik da bu yetim, yesirin əlindən. Maraqlıdı bu qırılmışın dədəsi harda sülənir ki, yetimləri əllərində salfetka, saqqız küçələrdə alverlə məşğul olurlar ee axı deyərək, yenədə “ı” saitini uzatdı.
Əsmərin gözəl gözləri bir anda böyüyüb sanki, alnına doğru qalxdı. Arxa tərəfə boylanıb, anasının bu sözləri eşidib, eşitmədiyini dəqiqləşdirdi. Əsmərin gözlərindəki məsumluğa, kövrəkliyə indi bir az da nifrət əlavə olmuşdu.Yanağındakı şirin qəmzəsi sanki üzünü tərk edib, yerini qəmə, kədərə vermişdi.
Bir addım da kişiyə tərəf yaxınlaşaraq, mənim atam aprel döyüşlərində üç ay bundan əvvəl şəhid olub. Ancaq məni tək qoyub getdiyi üçün mən ondan küsmüşəm deyərək balaca əlini alnına çəkdi.
O an sanki dünya başıma uçmuşdu. Gözlərim heç nə görmür, qulaqlarım heç nə eşitmir, vücudumun hərəkət edə biləcəyini belə unutmuşdum. Elə bil məni stula kleyləmişdilər. Yerimdən qalxıb ona yaxınlaşmaq istəsəm də, tərpənə bilmədim. Nəfəsim kəsilirdi, sadəcə gözlərimdən bu saat göz yaşı yerinə, qan fışqıracaqdı kimi hiss edirdim. Yanağımda hiss etdiyim sərt şillənin təsirindən yuxudan ayılan kimi oldum. Rəfiqəm yanımda ayaq üstə dayanıb, mənim yaxşı olub, olmadığımı soruşurdu. Ətrafa göz gəzdirdim. Bayaqdan insanların səsi şəngəl ilə boşqabın səsinə qarısaraq sükutu pozurdusa, indi bu sükutu bir çəngəl səsi pozsaydı qulaq tutulardı. İnsanların bəzilərinin yanağındakı göz yaşı, üzlərindəki ifadə, dodaqlarının arxasında çölə atılmağa hazırlaşan təhqiredici sözlər danışırdı indi.
Əlim-ayağım əsə-əsə qalxıb Əsmərə yaxınlaşdım. Gücüm çatsaydı ordakı bütün stol, stulları o kişinin yekə və boş başına çırpardım. Ancaq onun da o cür ürəksizə təsir etməyəcəyini düşundüm. Əyilib Əsməri qucağıma götürdüm. Yüngül bədəninin içində, körpə ürəyi sərçə ürəyi kimi çırpınırdı. Bayaq stolumuzda əyləşməyi qəbul etməyib, bizdən uzaqlaşan Əsmər boynuma sarıldı. Astaca qulağıma pıçıldadı. Xala mən salfeti onlara pul ilə satmayacaqdım. Onsuzda o qız atasının pulunun hamısını o pirojnalara verəcəkdi. Ancaq mən olsaydım atamdan bir pirojnadan artıq istəməzdim dedi.
Qollarımın gücü çatdıqca Əsməri sinəmə sıxdım. Çönüb kişiyə baxdım və “şəhid qanı bahasına bu torpaqda gəzmək sənə haram olsun” deyib, uzaqlaşdım.
Ruhum da, cismim də od tutub yanırdı. Qucağımda qız istidən bişər dedim özüm-özümə. Əsməri dayandığı qapının yanına apardım. Qucağımdan yerə düşürdüm. Rəfiqəmə sən burda gözlə, iki dəqiqəyə qayıdıram deyib, çantamı alaraq kafeni tərk etdim. Ancaq kafedə səs-küy yenədə öz yerindəydi. Bu dəfə fərqli ab-hava hökm sürürdü. Hər kəs kişini lənətləyirdi.
Metronun girişinə qədər sanki ildırım surətiylə gəlmişdim. Almalı olduğum şeyin satılacağından qorxurdum.
Girişdə bir-neçə oyuncaq satan cavan uşaqlar vardı. İlk olaraq birinə yaxınlaşıb istədiyim oyuncağı soruşdum. Bəli var deyə cavab verdi. Satılmadığı üçün sevinmişdim. Aldığım oyuncaqları hədiyyə kimi paketlədib dərhal kafeyə tərəf üz tutdum. İyul ayının ortaları idi və günorta saatının istisi mənə indi o qədər də təsir etmirdi. Çünki mənim ürəyimin yanğısı lava kimi axıb dünyanı yandıra bilərdi.
Kafeyə çatanda Əsməri dayandığı yerdə görmədim. Gecikdim deyə peşmanlıq çəkdiyim anda Əsmərin gözəl səsini eşitdiyim tərəfə yönəldim.
Hə ana bax o xalanın ətirinin iyidi, mənim də üstümdə qalıb deyə-deyə anasıyla söhbətləşirdi. Uşaq kimi sevindim Əsmərin burda olduğuna. O balaca mələyə yaxınlaşaraq dizlərimi onun qarşısında yerə qoydum. Hədiyyə paketlərini ona uzatdım. Hədiyyə paketlərinin içərisində nəyin olduğunu onun balaca ürəyi sanki hiss eləmişdi. Dərhal toppuş və şirin əlləri ilə hədiyyəni açmağa başladı. Gözlərinin dərinliyindəki kədərin yanındakı balaca işıltı yavaş-yavaş böyüyərək bütün göz bəbəklərini bürüdü.
Ana bax mən istədiyim əsgər kuklası deyərək atılıb düşməyə başladı. İkinci paketi açmağa başladı. Bu bir az böyük olduğu üçün anası ona kömək elədi. Köməkləşib ikinci hədiyyəni də açdılar. Bu hədiyyəni görəndə qadının gözləri doldu. Xanım siz Əsmərin atasının tankçı olduğunu hardan bilirsiniz dedi.
Bilmirdim, sadəcə aldım deyərək ayağa qalxdım. Əsmərin alnından öpdüm. Elə bil ayaqlarımın altından tonlarla daş asmışdilar. Birtəhər ayaqlarımı sürüyə-sürüyə əvvəl əyləşdiyimiz stola yaxınlaşdım. Bəzi insanların mənə dua etdiyini eşidirdim. Ancaq, sadəcə bir cumləni daha aydın eşitdim. Bu, Əsmərin “ana bu tankın pultu da var. Görəsən atam da idarə etdiyi tankı pult ilə idarə edirmiş” dediyi cümlə oldu.
Mənim sulugöz rəfiqəmin gözləri ağlamaqdan qızarıb şişmişdi. Əlini uzadıb əlimdən tutaraq ” dərdi olanın dərdini, dərdli biri anlayar bacı” deyərək hönkürdü. Artıq onu belə sakitləşdirməyə taqətim qalmadığını hiss elədim.
Qalx bir taksi ilə məni evə apar əzizim, yeriməyə halım yoxdu dedim. Yerimizdən qalxdıq. Rəfiqəm yıxılmağimdan qorxdu yəqin ki. Tez qolumdan yapışdı. Qapıya tərəf getdikcə Əsmərin hərəkətlərinə fikir verdim. Əsmər dağ boyda şəhid atasının təsəllisini bir rezin oyuncaqda tapmışdı.
Qapıdan çıxanda qeyri-ixtiyarı dilimdən bu sözlər çıxdı. “Keşkə sən də, mənim kimi şəhid qızı olmasaydın Əsmər. Keşkə sən atalı qızlar kimi ürəkli böyüsəydin” deyərək kafeni tərk etdim.

Mənbə: http://www.pressaz.az