HƏKİM-ŞAİR ƏFRAHİM HÜSEYNLİ: ŞAİRLİK MƏNİM ALIN YAZIMDIR…

Əfrahim Hüseynli 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir. Ailəlidir. Bir övladı var.
Əsərləri: “Səni gözləyə-gözləyə” (şeirlər), “Yollar qayadan asılır” (şeirlər və poemalar), “Ömrü hamıtək yaşasan” (şeirlər və poemalar), “Məni axtaran varsa” (şeirlər və poemalar), “Nə yaman çətinmiş məni tanımaq” (şeirlər və poemalar), “Yağan yağış yollarını döydümü” (şeirlər və poemalar) ,”Ürəyi aldatmaq olmur” (şeirlər və poemalar), “Həkimlərin söz düınyası”(Həkim-yazarların ilk poetik toplusu, “Həkimlərin söz dünyası-2”).

Əziz oxucular, bu gün Pressaz.az-ın qonağı tanınmış həkim-şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfrahim Hüseynlidir. Onunla söhbətimiz çox maraqlı idi. Vaxtın necə keçdiyini hiss etmədik.
Əfrahim Hüseynli ilə olan səmimi söhbətimizi Sizlərə təqdim edirik:
Salam Əfrahim müəllim, xoş gəlmisiniz. Əfrahim Hüseynlinin həyatı, ədəbiyyata ilk gəlişi oxucuları ücün çox maraqlıdır. Zəhmət olmasa, bizə öz yaradıcılığınızdan bəhs edərdiniz.
– Ədəbiyyata 70-ci ildə orta məktəbdə oxuyarkən mərkəzi mətbuatda çap olunan “Bakının gecə lövhəsi” şeri ilə gəlmişəm. Sonralar şeirlərim tez-tez dövri mətbuatda çap olunub.O vaxtlar redaksiyaya şeirləri məktubla göndərirdik. İlk kitabim “Səni gözləyə-gözləyə” şeirlər kitabım olub. O vaxtlar kitab nəşr etdirmək çox çətin idi və ilk kitab çox gec işıq üzü gördü. Ona görə ilk kitabıma bu adı verdim. Çoxları bu adı oxuyanda elə bilirdilər ki, hansısa bir sevgi şeirimin adıdır. Əslində ilk kitabımı elə həsrətlə gözləmişdim ki, kitabımın adını belə qoydum. Yaradıcılığımda o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə”) rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub. Təhsil aldığım Tibb Universitetdə fəaliyyət göstərən “Çeşmə” ədəbi dərnəyininə o vaxtlar kimlər gəlirdi? Kazım Aslanlı Sarəng, Sərdar Kərimli, Tofiq Nurəli, Fəxrəddin Ziya, Paşa Qəlbinur, Rafiq Vəlizadə və başqaları. Onlar sonradan Azərbaycanın ən tanınmış şairləri oldular.

Yeddi şeirlər kitabının müəllifisiz və həkim-yazarların ilk poetik toplusu olan məşhur “HƏKİMLƏRİN SÖZ DÜNYASI” adlı kitabını tərtib etmisiz. Bu yaxınlarda”HƏKİMLƏRİN SÖZ DÜNYASI” kitabının ikinci hissəsi də işıq üzü gördü. Bu kitab Azərbaycan ədəbiyyatına yeni bir töhvə idi. Çox maraqlıdır, nədənsə həkimləri çox zaman soyuqqanlı insan kimi tanıyırlar. Bəlkə də bu ondan irəli gəlir ki, uşaqlıqdan bizlərə həkim olmaq istəyirsənsə gərək soyuqqanlı olasan deyiblər. “HƏKİMLƏRİN SÖZ DÜNYASI” kitabınızla insanlarda həkimlərə qarşı olan fikirləri dəyişdirdiniz. Sən demə, ən incə ruhlu, kövrək insanlar həkimlər imiş.
– Bilirsiniz, mən deyərdim elə ən gözəl şeirləri həkimlər yazır. Çünki bizim işimiz insanları öyrənmək, onların dərdlərinə şərik olmaqdır. İnsan psixologiyasını bildiyimizdən onların hansı hissləri keçirdiyini başqalarından daha tez duyur, anlayırıq.

Sizi ən çox oxucularınıza sevdirən hansı əsəriniz olub?
– Şuşa dərdinə həsr olunmuş, ədəbiyyatımızda çox yüksək dəyərləndirilən, məni oxucularıma daha çox sevdirən “BU ŞƏHƏR HƏSRƏT YERİDİR” poemam olub.

Əfrahim Hüseynlinin bir cox şeirləri qardaş olkə, Türkiyədə də çap olunub. Özünəməxsus poetik deyim tərzinizin olması həmişə yüksək qiymətləndirilir. Maraqlıdır sizin şeirlərinizə ən şox hansı tanınmışlar rəy yazıb?
– Mənim bir çox şeirlərim Türkiyədə çap olunan “Altun kalemler” kitabında yer alıb və qardaş ölkənin oxucuları tərəfindən rəğbətlə qarşılanıb. O kitablardan mənim özümə də hədiyyə olaraq göndəriblər. Şerlərimə müxtəlif illərdə T. Bayram, N. Kəsəmənli, B. Bağırlı və başqa tanınmış ədəbiyyat adamları rəy yazıb.. Bu rəylərdə şeirlərimin əsas qayəsini Vətən sevgisi, el-oba məhəbbəti, sevgi müqəddəsliyi, ata-ana ucalığı təşkil etdiyi vurğulanmışdır. Hətta 2000-ci ildə A. Şahsuvaroğlunun qələmə aldığı, yüksək tirajla çap olunan “ONLARIN QİSMƏTİ BELƏ ÖMÜRDÜR” kitabı mənim həkimlik fəaliyyətimə və yaradıcılığına həsr edilib.
Əfrahim Huseynli istedadlı şair olmaqla bərabər, həm də insanların rəğbətini qazanmış tanınmış və gözəl bir həkimdir. Bu iki sənəti eyni vaxtda yürütmək sizin üçün çətin deyil ki?
-Rəhbərlik etdiyim kollektivdə böyük sevgiylə qarşılanıram. Öz elimə, torpağıma, ailəmə bağlı insanam. Sənətimi çox sevirəm. həmişə çalışıram millətimə, xalqıma layiqincə xidmət edim. Bilirsiniz, mən həmişə deyirəm: “Həkimlik mənim sənətim, şairlik alın yazımdır”. Yazdığım şeirlərə görə dəfələrlə fəxri-fərmanlarla təltif edilmişəm. “Xəmsə”, “Cəsarətli qələm”, “İbn-Sina” diplomlarına layiq görülmüşəm. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Hər iki sənətimi çox sevdiyim üçün mənə çətin deyil, əksinə məni həyata daha çox bağlayır.
Əfrahim müəllim, yazdığınız şeirləri ilk kimə oxuyursunuz. İlk oxucunuz kim olub?
– İlk oxucum ömür-gün yoldaşım Yaqut xanım və qızım Afaq xanımdır. Bəzən mənə sual verirlər ki, yazdığınız sevgi şeirlərini kimə həsr edirsiz. Onların əksəriyyətini ömür gün yoldaşıma həsr etmişəm. Qalanları təbii ki, bir şairin təxəyyülüdür.
Əfrahim Hüseynlinin ailəsində onun sənətini davam etdirən biri varmı?
– Ailədə həyat yoldaşım və qızım həkimdirlər. Ancaq şairlik də kökümüzdə ana babam Bəbir kişi söz adamı olub vaxtı ilə. Allah ruhunu şad etsin. O gözəl şeirlər müəllifi olub, gözəl qələmi olub. Hətta dillər əzbəri olan şeirlər yazıb. Alarda yaşayıb və burda da dünyasını dəyişib. Şeirlərindən qalıb və bu yaxınlarda çap etdirmək fikrim var inşallah.
Əfrahim müəllim, siz yetərincə tanınmış, cəmiyyət tərəfindən qəbul olinmuş, şeir və yazılarınızla gənc nəsilə örnək olacaq birisiz. İndi bildiyimiz kimi gənc yazarların sayı günü-gündən artır. Əslində bu yaxşı haldır. Bu gənc yazarlara nə tövsiyə edərdiniz?
– Əgər cağdaş dövrümüzdə şairlərin sayı artırsa bu çox gözəl bir haldır. Çox sevinərdim ki, hər kəs bir-biri ilə şeir dilində danışsın. Mən gənc yazarlara onu məsləhət gorərdim ki, oz dəsti-xətti olsun, təkrarçılığa yol verməsinlər. Öz poetik duyum tərzi ilə seçilsinlər, mücərrəd fikirlərdən istifadə etsinlər. Yazdığı şeirlərlə oxucunu düşündürsünlər. Cəmaləddin Rumininin belə bir sözü var: idrakı olan üçün göylər də, yerlər də sözdür. Şeirdə şairin söz qıtlığı duyulmursa, söz qıtlığı şairdə yoxdursa o, şairdir. Ancaq söz də gərək yerində deyilə. Şeirin gözəlliyi sözün yerində deyilməsidir. Şeir o demək deyil ki, geniş həcmdə olsun. Beş bənd və ya bir misra, iki misra fərqi yoxdur, şeirin hər misrasının arxasında böyük mətləblər dayanırsa, şair oxucunun gördüklərini heç kəsin deyə bilmədiyi tərzdə deyirsə, o şeir şeirdir. Eyni zamanda yaxşı şeirlər oxusunlar və oxuyanda desinlər ki, kaş ki, bu şeiri mən yazaydım. Doğrudan da mən gənc bir şairin gözəl bir şeirini oxuyanda deyirəm ki, kaş bu şeiri mən yazaydım. Başqa yazarların şeirlərin çox oxusunlar. Söz ehtiyatları çox olsun. Ədəbi mühitdən inciyib tez kənara çəkilməsinlər. Hər kəsin oxucusu var. İnşallah onların da yolları acılar. Onlara uğurlar diləyirəm.
Bəs Əfrahim Hüseynlinin özünün sevdiyi şair kimdir?
– Mən qısqanc insan deyiləm. Mənim sevdiyim şair çoxdur. Bəlkə də onların adların çəksəm buna sizin vaxtınız yetməz.
Əfrahim müəllim, bu səmimi söhbətiniz üçün, dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik və Ramazan Bayramanızı təbrik edirik.
– Mən də Pressaz.az-a öz minnətdarlığımı bildirirəm. Mənə də xoş oldu sizlərlə söhbət etmək, keçmiş xatirələri yada saldıq. Məndə sizin və bütün Azərbaycan xalqının Ramazan Bayramını təbrik edirəm. Allah bütün tutulan oruc və duaları qəbul etsin. Xalqımıza xoş əmin-amanlıq arzu edirəm. İnşallah işğal olmuş torpaqlarımız qayıdar və biz bu müqəddəs bayramımızı Qarabağımızda qeyd edərik.

TORPAQ BİZNƏN HESAB ÇƏKİR

Yalanmış, bu sevgi yalan!
Ölmədi gözləri dolan.
Yadların əlində qalan
Torpaq biznən hesab çəkir.

Biri qəmli, beşi gülən…
Hara getdi dərdi bilən?
Vaxtsız saralıb tökülən
Yarpaq biznən hesab çəkir.

Bilmədik ulduz neçədi,-
Ölüb dirilmək necədi.
Göz – gözü görməz gecədi,
Çıraq biznən hesab çəkir.

Eniş, yoxuş, qaya, gədik
Baxır yolumuza dik-dik.
Gəzdirə bildik… bilmədik?!-
Papaq biznən hesab çəkir.

DAHA GECƏLƏR DƏ GÖZÜMDƏN DÜŞÜB…

Kaş ki sözlərimə inanmayaydın,
Bir yalan biləydin doğru arzunu.
Əlçatmaz, ünyetməz gümana belə
Əlimi açmazdım ömrüm uzunu.

Bəlkə nahaq yerə ürək sirrimi
Xahişsiz, filansız açmışam mən də…
Vəsfinə yazdığım şeirlərimi
Oxuyub kiməsə, öyünürsən də.

Gecənin gözündə əriyən kimdi?-
Bu qismət soyuqluq üzündən düşüb.
Ay da doğma idi, ulduz da doğma,
Daha gecələr də gözümdən düşüb.

Necə yaxın idik gözlə qaş kimi,
Necə uzaq düşdük göy üzü qədər.
Duman da biz olduq, qaya-dağ da biz,
Uzanan yolları qınadıq…hədər!

Yollarım üstünə yağan qar kimi
Ələnir üstümə suallar indi.
Yüz-yüz sorğuların cavabı bumu?-
Hə… biri var idi, biri yox idi…

ŞAİRLƏR ÖLÜMÜN ÜZÜNƏ AĞDI

Gələndə bəxtinə yazılar qəbri,
Gecəli-gündüzlü qazılar qəbri.
Gözləri yollardan asılar qəbrin,-
Min il gözləsə də, şairlər sağdı,
Şairlər ölümün üzünə üzünə ağdı.

Şeirə əyri, yalan şikarsa, ovsa,
Sevinc əvəzinə dərd haqq-hesabsa,
Ömür möcüzəylə dolu kitabsa,
Şeir yazılmayan gün ağ vərəqdi,-
Şairlər ölümün üzünə ağdı.

Şeir namərd üçün şaxtadı… kəsər,
Mərdə dərd aparan küləkdi, əsər.
Şairlər ölümü çıraqla gəzər,
Bu daşlı-kəsəkli yollar uzaqdı,-
Şairlər ölümün üzünə ağdı.

Sözüylə qaraldar ağaran saçı,
Anaya oğuldu, qadaşa bacı.
Şairlər padşahdı, şeirsə tacı,
Sözdən, sətirlərdən qurular taxtı,-
Şairlər ölümün üzünə ağdı.

Hamıya isinər, bənzəyən olmaz,
Ərköyün olsa da, küsəyən olmaz.
Bəlası – dilinə “döz” deyən olmaz.
Haqqı axtarsa da, haqqdan soraqdı,-
Şairlər ölümün üzünə ağdı.

Sözü gözümüzdə yaşa dönməsə,-
Daşlar çiçəkləyən daşa dönməsə,
Bahara, payıza, qışa dönməsə,
Şair də hamıtək demək qonaqdı…
Şairlər ölümün üzünə ağdı.

BARIŞMAĞA GƏLMİSƏN

İtib gedib, o gəncliyin izi yox,
O ocağın külü qalıb, közü yox.
Dayanıbsan nə lal-dinməz, sözü yox,
Təzədənmi alışmağa gəlmisən?
Bilirəm ki, barışmağa gəlmisən.

Ömrün-günün hay-harayın itirdik,
Özümüzü haralara gətirdik.
Bir sevdanı xatirəylə bitirdik,
Bu sevdaya qarışmağa gəlmisən?!
Bilirəm ki, barışmağa gəlmisən.

Qəbahətin ömür deyil, yaş deyil,
Anlayıbsan güman yeri boş deyil.
Nə gec duydun, mənim qəlbim daş deyil…
Bildiyini soruşmağa gəlmisən,
Bilirəm ki, barışmağa gəlmisən.

Bu sevdanın həsrətilə yanasan!-
Mənə çətin, sənə isə yol asan.
Duyan olsa, sənə deyər yolazan.
Günahkartək yanaşmağa gəlmisən,
Bilirəm ki, barışmağa gəlmisən.

Biləmmədik ömrümüzün sirrini,
Nə mən bildim, nə də sən öz yerini.
Xoşbəxt etdik sən də, mən də birini,
Mənə çox sirr danışmağa gəlmisən!
Bilirəm ki, barışmağa gəlmisən.

VƏTƏN…

…Atam, qardaşım,
Anam, bacım oldun,Vətən!-
Bilə bilmədim.
Başı göylərdən uca Vətən,
Gözun ustə yer verdin mənə,
Ayağın altında ölə bilmədim.
***
Gözü mənə baxan Vətən,
Mən sənə baxa bilmədim.
Dərdi su yerinə axan Vətən,
Damla olub
Suyunda axa bilmədim.
Oduna yandığım Vətən,
Yandın,
Su olub
Üstünə çilənə bilmədim.
***
Üşütdu şaxtalar səni,
Bir ocaqlıq od olub
Üstünə ələnə bilmədim.
Sənə quyu qazdılar,
Kəsilmədi kəndirin.
Dar ağacı qurdular,
Tapa bilmədilər kəndiri.
İkiyə böldülər,
Bölünmədi ürəyin.
Çörəyindən yeyənin
Dizi üstəymiş çörəyi.

***
Atam, qardaşım,
Anam, bacım oldun,Vətən!-
Bilə bilmədim.
Başı göylərdən uca Vətən,
Gözun ustə yer verdin mənə,
Ayağın altında ölə bilmədim

SEVGİ VƏTƏN SEVGİSİDİR

Ömrün bahar fəsli də var,
Nə çox alagözlü də var…
Kərəm də var, Əsli də var,
Sevgi – Vətən sevgisidi!

Səcdə qılmağa dur dayan!
Göz baxıb ürək doymayan,
Bizi ölməyə qoymayan
Sevgi – Vətən sevgisidi!

Hamının yazısı da var,
Qardaşı, bacısı da var,
Qəlb ağrı, acısı da var…
Sevgi – Vətən sevgisidi!

Nəğmədi, şeirdi, sözdü,
Külə çevrilməıyən közdü.
Biçilsək də, biçilməzdi,-
Sevgi – Vətən sevgisidi!

Anam dinəndə, dərd yalan!-
Yuxu olur olub-olan.
Anam üçün də and olan
Sevgi – Vətən sevgisidi!

ANA TORPAQ

Qalaram yolunun, izinin üstə,
Axır baş qoyaram dizinin üstə.
Ölsəm, səpilərsən gözümün üstə,
Çəkərsən üstümə özünü, torpaq!

Çölündə, düzündə otun olaram,
Doğma ocağında odun olaram.
Şərəfin, qeyrətin, adın olaram,
Babamın vüqarı, dözümü torpaq!

Sənə əyilibdir, çalıb-çapan da,
Səni parçalayıb, alıb-satan da.
Səndən ayrılanda, səni tapanda
Əyilib öpərəm üzünü, torpaq!

Ətrini duymuşam beşiyimdə mən,
Dadınla evimdə, eşiyimdəsən.
Dayana bilməsəm keşiyində mən,
Saxlama sinəndə izimi, torpaq!

Dərdin, kədərin var bu dünya boyda,
Əyilməz olubsan namərdə, yada.
Məni harayına çağırmasan da,
Eşidib gələrəm səsini, torpaq!

Qalaram yolunun, izinin üstə,
Axır baş qoyaram dizinin üstə.
Ölsəm, səpilərsən gözümün üstə,
Çəkərsən üstümə özünü, torpaq!

TANIYA BİLMƏDİM HEÇ ADAMLARI

Önümdə sel-sular axan olursa,
Qaya-dağ qarşıma çıxan olursa,
Dost-doğma uzaqdan baxan olursa,
Tanıya bilmədim heç adamları.

Kim keçdi yazılan sərhədi, səddi,-
Bilməz sonsuz bildi bu ömrü, nədi?
Hələ imtahana çəkə bilmədi
Hər gün neçə-neçə köç adamları.

Yanmadım nə günə, nə aya, ilə,-
Daşıdım hər yükü mən bilə-bilə.
Bilən-bilməyənə demədim belə
Nə yaman tanıdım geç adamları?!

Susummu, gözümü mən də döyümmü,-
Dağlara, daşlara baş da əyimmi?
Bu nahaqq önündə bəlkə deyimmi
Boyu – buxunuyla ölç adamları?

Heç məhəl qoymadım doğmaya, yada,-
Günəşli gündüzə bir ömür yadam.
Mənə naşı demə, qəlbidaş adam,
“Mən seçə bilmədim”, seç adamları.

28.08.2016.

ÖMÜRDƏN KÜSMƏYİN HEÇ YERİ YOXMUŞ

Qızım Afaqa

Bu günü günlərin padşahı bildim,-
Haqsız gileyləri günahım bildim.
Mən ki, başım üstə Allahı bildim,-
Ömürdən bezməyin heç yeri yoxmuş!

Zəhranın, Zeynəbin, Salehin səsi
Gətirib bu evə bir yaz nəfəsi…
Dağıldı həsrətin o daş qəfəsi,-
Ömürdən küsməyin heç yeri yoxmuş!

Günləri qınadım hər kəlməbaşı,
Ötən də bilmədim hər gələn qışı.
Əriyə bilərmiş yolların daşı,-
Asmağın-kəsməyin heç yeri yoxmuş!

Tanrının yazdığı yazı da varmış,
Qışa qənim olan yazı da varmış,
Günəşli günlərdən, yazıda varmış,
Əlini üzməyin heç yeri yoxmuş!

Allahım illərin gör harasında
Pay verdi qaş ilə göz arasında.
Yüz giley-güzarlı söz arasında
Gümanı gəzməyin heç yeri yoxmuş!

24-25.08.2016

QALMIŞAM PAYIZLA QIŞ ARASINDA

Hecası pozulan misralar kimi
İndi nə desən də, qəlbimə yatmaz.
Daşı əritsə də etiraf…filan…
Şaxtaya, soyuğa, sazağa batmaz.

Mən elə yollardan çıxıb gəlmişəm,
Sirli nə qayası, dolayı qalıb.
Bir güman xətrinə pay etmək üçün
İllərin nə günü, nə ayı qalıb.

Qalmışam payızla qış arasında
Uzaq gümana da yol-bərə yoxdu.
İşə bax, deməyə dilim də gəlmir,
-Eh, nahaq bir adam qarşıma çıxdı!

Günahlar üçürub bəndi-bərəni
Baharın sellənən yağışı kimi.
Dayanıb qarşımda sadəlövhlüyüm
Ayların illərin qarğışı kimi.

Gözümə yad olan yuxularım da
İndi mənim üçün yuxu kimidi.
Arayıb gəzməyin mənası yoxdu,-
Günah sahibi kim, haqlı kim idi.

Daha heç oxuma şeirlərimi,
Gərək olmadısa bir “qəlbiidaş”a…
Oxusan, xəbərsiz gözündən düşər
Qalan günlər-aylar, il başdan-başa.

27.08.2016

BİRİNİ BİLİRSƏN, BİRİNİSƏ YOX…

Gecələr açılmaz qıfılbənd olub,
Zülmətin sorğusu, sualları çox.
Vaxt-zaman əlində qaldım gileyli.
Birini bilirsən, birinisə yox.

Ömrü bölə-bölə sürdüm, nə xeyri?!
Umanlarsa hələ giley-güzarda.
Yaşaya bilmədim ömrü özümə,-
Üzdüm əllərimi ötən bahardan.

Keçilməz dağları aşmaq hədərsə,
Gedim o yuxuya dönüm təzədən!
Döysün yollarımı qar da, yağış da,-
Düşsün qayalara yönüm təzədən!

Məni tanımağa üzül…üzülmə…
Dərd-sərin əlindən göyərən daşam.
Oxuyub yazdığım şeirlərimi
Nahaqq deməmisən “…gözəl olmuşam!”

Tələsdim…günaha yazıldı bu da,-
Bir səs də eşitdim “Urəyimdən çıx!”
Bu da bəxt yazısı?… mən vaxt girinci,-
Birini bilirsən, birinisə yox!

ÖLÜM, SƏNNƏN QURTARMIŞAM

Azdırdın, azdırdın məni,-
De, kimlər qorxuzdu səni?
Demədin ürək deyəni,
Dilim, sənnən qurtarmışam.

Ələnirsən üzümə də,
Tökülürsən gözümə də.
Qısqanırsan közümə də,
Külüm, sənnən qurtarmışam.

Dərdə əlactək gəlmədin,
Gülənlə belə gülmədin,
Məni mənimtək bilmədin,
Günüm, sənnən qurtarmışam.

Ömür gözəldi deyirsən,
Bəlkə düzəldi deyirsən,
Dağ aşıb daşa dəyirsən,
Ünüm, sənnən qurtarmışam
.
Tanrı versə də, bu canı,
Qayalar üstə dolanır…
Gəzirsən səndən qaçanı,
Ölüm, sənnən qurtarmışam.

Haça-haça olan sevinc,
Ünyetməzdə qalan sevinc,
Məndən uzaq dolan, sevinc,
Bilim, sənnən qurtarmışam!

SAĞOLLAŞAQ

Yolları uçuran qar var, yağış var,-
Bir mələk yanında min qəlbidaş var.
Mənimlə dərd adlı bağrıbadaş var,
Sevinc ver əlini, ver, sağollaşaq.

Umduğum ürəklər daş olub, gedim,
Yol çəkən – o gözlər yaş olub, gedim.
Köçən durnalara qoşulub gedim,
Dumana bürünən Yer, sağollaşaq.

Keçmədik, sulara dayaz dediksə,
Yolları kəsibdi ayaz dediksə,
Uzaqdan uzağa Araz dediksə,
Uzat əllərini, Kür, sağollaşaq!

Ömrü başdan başa qış deməmişdik,
Yolçu ol, qayadan aş deməmişdik.
Yeri yağış yuyar, yaş deməmişdik,
Dünya, bu yaylığı sər, sağollaşaq!

Yollar körpüsü yox, qalıb gözləyir,
Göz yuma bilməyən qürub gözləyir.
Dünya dar ağacı qurub gözləyir,
Ömür, köhlənini sür, sağollaşaq!

MƏNSİZ YAŞAMAĞI ÖYRƏDİM SƏNƏ

Bir az dinən daşın dilini öyrən,
Bir az göz yaşının sirrini öyrən,
Bir az da kədərin yerini öyrən,
Dərdi daşımağı öyrədim sənə.

Qadı uzaqlarda, ünyetməzdə yaz,-
Qalan ömür-günü qar-sazağa yaz!
Yolların çovğunu, dumanında az,-
Qaya-dağ aşmağı öyrədim sənə.

Bir arzudan ötrü yollar seçimdə,
Ulduzlar yox olsun bulud köçündə.
Uzun gecələrdə güman içində
Azıb dolaşmağı öyrədim sənə.

Bu ömür yollara göz dikməkdisə,
Axırı arzudan əl çəkməkdisə,-
Beləcə yaşamaq bir küsməkdisə,
Bəlkə barışmağı öyrədim sənə.

Çox şeyi demədik, qaldı gizlicə,
Yollar uzaq düşdü buz əriyincə.
Gedim uzaqlara, gedim bir gecə,
Mənsiz yaşamağı öyrədim sənə.

MƏNİ APARMADIN

(Ömür-gün yoldaşıma)

Görən pozularmı yazılan yazı,
Gələrmi bir daha o yurdun yazı?
Məni aparmadın, a zalım qızı,
Sizin o yerləri görüb qayıdım.

Bu dünya neylədi Sarı – Yaxşını,-
Üstünə ələdi qarı Yaxşının.
Barı o aşığın, barı Yaxşının
Qəbri haradadı…bilib qayıdım.

Bizdən dönübdümü üzü dağların,
Görən yol çəkirmi gözü dağların?
Şerimi xalıtək, sizin dağların
Ayağı altına sərib qayıdım.

Duymadıq, bilmədik olub-olanı,-
Doğmalar qəribtək yurdda dolanır…
Barı təsəllimlə Firəng xalanın
Gözünün yaşını silib qayıdım.

Günəş əyilincə, axşam gəlincə
Baxardım dağlara göz dincəlincə.
Qayalar özünə biləydim necə
Suları hörüktək hörüb, qayıdım.

…Dumana bürünüm, yolları seçim,
Həkəri çayının suyundan içim.
Sizin çiçəklərdən bir-iki əlçim
Görməyənlər üçün dərib qayıdım.

Görən pozularmı yazılan yazı,
Gələrmi bir daha o yurdun yazı?
Niyə aparmadın, a zalım qızı,
Sizin o yerləri görüb qayıdım.

Mənbə: http://pressaz.az