Xalq şairi Zəlimxan YAQUB.”Mən sənin qəlbinə necə yol tapım?!”

Gəl mənim ömrümün şirin dünyası
Məhəbbət adlanan pirin dünyası
Fərhad əfsanəsi, Şirin dünyası
Qalamı uçurum, qaya mı çapım?!
Mən sənin qəlbinə necə yol tapım?!

Ömrüm sənə sarı düşən güzardı
Əvvəli beşikdi, sonu məzardı
Ay Allah bu azar nə xoş azardı
Ürək ağrılarım, könül əzabım
Mən sənin qəlbinə necə yol tapım?!

Ürəkdən ürəyə dil körpüsü var
Görüşdən görüşə gül körpüsü var
Gizli sevdaların qıl körpüsü var
Çatar mı keçməyə dözümüm, tabım?!
Mən sənin qəlbinə necə yol tapım?!

Keşikçi ayıqdı, gözətçi mətin
İzləmək qorxulu boylanmaq çətin
Hasarı hündürdü bu imarətin
Tilsimli pəncərəm, qıfıllı qapım
Mən sənin qəlbinə necə yol tapım?!

Gecələr şam kimi əritdin məni
Gündüzlər yol üstə qurutdun məni
Gözlədə-gözlədə çürütdün məni
Örtülü dəftərim, bağlı kitabım
Mən sənin qəlbinə necə yol tapım?!

Tufan mı qaldırım, mehə mi dönüm?!
Yağış mı yağdırım, şehə mi dönüm?!
Qula mı çevrilim, şaha mı dönüm?!
Çəmənim, çiçəyim, gülüm, gülabım
Mən sənin qəlbinə necə yol tapım?!

Tanrı sovqatımsan, din işığımsan
Səhər şəfəqimsən, dan işığımsan
Ən şirin ləhcəmsən, danışığımsan
Bütün suallara sənsən cavabım
Mən sənin qəlbinə necə yol tapım?!
Mənim ilk sevincim, son iztirabım
Mən sənin qəlbinə necə yol tapım?!