Unudulmaz el bəzəyi, el oğlu,
Hər gün onu saz dinlədi, saz andı.
Yaratdığı gəraylıda, qoşmada,
Yüz il, min il şair ömrü uzandı.

Var oynayan, dümbək çalan, var aşıq,
Ustad aşıq hər məclisə yaraşıq.
Saz əhlinə, söz əhlinə yar aşıq,
Müqəddəsdi, ağsaqqaldı, ozandı.

Ömür verib divarına, daşına,
Yaş artırıb sözümüzün yaşına.
Nanəcibin, müxənnətin başına
Sözü var ki, bircə qaynar qazandı.

El zərgərdi, zəri seçdi, bəyəndi,
Eldən gəlsə, şöhrət göyə dəyəndi.
Dedilər ki sinəsindən deyəndi,
Demədilər, hecalayıb yazandı.

Nə Kərəmtək yaş axıdıb ağlayan,
Nə Məcnuntək ürəkləri dağlayan,
Yeri gəlsə çaylar kimi çağlayan,
Yeri gəlsə nərə dönüb qızandı.

Qonaq oldu hər yurda, hər oymağa,
Tərif dedi Güləndama, Qaymağa.
Sənətində balı qatdı qaymağa,
Haqq aşığı əbədiyyət qazandı!!!