Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

AXI

Necə də şirinsən, necə də əziz,
Hüsnün bir aləmdi, eşqin bir dəniz,
Gözlərin qaradı, özün aybəniz
Mən səni sevməkdən doymuram axı.

Ağlımı başımdan alır gülüşün,
Əzəldən nazlanmaq olub vərdişin,
Vallah möcüzədi sənin hər işin,
Mən səni sevməkdən doymuram axı.

Olmusan qəlbimin şahı, sultanı,
Sənsiz neyləyirəm bu şirin canı,
Sənintək bir gözəl dünyada hanı?
Mən səni sevməkdən doymuram axı.

Sən mənim ətirli gül, çiçəyimsən,
Baharım, yazımsan, bir mələyimsən,
Canımsan, gözümsən, sən ürəyimsən,
Mən səni sevməkdən doymuram axı.

Yoxdu bu dünyada tayın, əvəzin,
Dərdimə dərmandı hər kəlmə sözün,
Canısan , ruhusan şair Əzizin,
Mən səni sevməkdən doymuram axı.

DÖNDÜ BİR ULDUZA

Murad Babayevin xatiəsinə

Daim əl tutardı köməksizlərə,
Əzəldən bu onun vərdişi idi.
Onu da çox gördü fələklər bizə,
Alıb əlimizdən apardı, getdi.

O bir çinar idi qopdu yerindən,
O vaxtsız, vədəsiz köçdü dünyadan,
Sanki dünya qopdu öz məhvərindən,
Xoşbəxt yaratmışdı onu yaradan.

Yaxşılıq gəlirdi əlindən ancaq,
Allah adamıydı, el adamıydı,
Sanki bir pir idi, sanki bir ocaq,
Vaxtsız əcəl ona bəs niyə qıydı?

Gələn dərdə, qəmə sinə gərərdi,
Canını verərdi el, oba üçün.
Elin hər işini özü görərdi,
Şam kimi yanardı o için, için.

Xalqın qəlbindədir hər zaman, hər an,
Onu xatırlayar, unutmaz elim,
Çəkildi göylərə o böyük insan,
Döndü bir ulduza Murad müəllim.

BİR MİLLƏTİK

Türk, Azəri iki qardaş,
Bir millətik, iki vətən.
Qəlbimizdə eyni atəş,
Olmaz bizə çatıb, yetən.
Ver əlini Türk qardaşım,
Sevinsin torpağım, daşım.

Qorxu bilməz igidlərik,
Əilmərik biz yadlara.
Bir qartalıq zirvələrə,
Hökm edərik buludlara,
Ver əlini türk qardaşım,
Sevinsin torpağım, daşım.

Türk, Azəri vətən üçün,
Lazım gəlsə candan keçər.
Qılıncını qoymaz qına,
Yaxşı, pisi darda seçər
Ver əlini türk qardaşım,
Sevinsin torpağım, daşım.

Bir babanın övadıyıq,
Qanımız bir, canımız bir,
Bizimkidir Doğu, Batı,
Dinimiz bir, andımız bir.
Ver əlini türk qardaşım,
Sevinsin torpağım, daşım.

Şərəflidir dünənimiz,
İşıqlıdır sabahımız,
Ucalıqdan enməz heç vaxt,
Ay, ulduzlu, bayrağımız.
Ver əlini türk qardaşım,
Sevinsin torpağım, daşım.

BU GECƏ

Bu gecə ömrümə nur saçacasan,
Qonağım olacaq günəş, ay mənim.
Bu gecə boynuma sarılacaqsan,
Çəkilb gedəcək kədərim,qəmim.

Bu gecə başına dönəcəm sənin,
Yanacam oduna pərvanə kimi,
Uğurlu olacaq incə qədəmin,
Çıraq eyləyəcəm odlu qəlbimi.

Hüsnünə baxmaqdan doymayacağam,
Qara gözlərindən öpəcəm sənin,
Bu gecə sübhətək oyaq qalacam,
Başına gül, çiçək səpəcəm sənin.

Ruhum sevinəcək, qəlbim dinəcək,
Nəğməyə dönəcək sevdalı anlar,
Mələklər göylərdən yerə enəcək,
Keşikdə dayanıb duracaq onlar.

İpək saçlarını oxşayacağam,
Baxışlar dinəcək, dil lal olacaq,
Ən şirin nəğmələr oxuyacağam,
Sabaha bir şirin nağıl qalacaq.