TƏBRİZDƏN AYRILANDA

Ayrılıq anları gəldi, yetişdi,
Vaxtı zərrə-zərrə böl, ay Zəlimxan!
Çox qala bilməzsən bu şəhərdə sən,
Göz yaşın olsa da göl, ay Zəlimxan!

Mən kimə yalvarım, kimə diz çöküm,
Sərhədi nə qədər dağıdım, söküm?
Başıma haranın daşını töküm,
Nə qədər bağlanar yol, ay Zəlimxan?!

Hicran sinən üstə çökər qış kimi,
Göynədər qəlbini buz baxış kimi.
Yaman qaralmısan, yağ yağış kimi,
Qara bulud kimi dol, ay Zəlimxan!

Qoyur sapandına, daş kimi atır,
Tale insanları talayır, çatır.
Elə bil dünyanın bir yanı batır,
Əldən üzüləndə əl, ay Zəlimxan!

Sevinc yanımızdan sallanıb ötər,
Yandıq Füzulidən, Sabirdən betər.
Min ildən sonra da hamıya yetər,
Boldu həsrətimiz, bol, ay Zəlimxan!

Vaxt çatır, zamanın səbri daralır,
Gedənin gözündə dünya qaralır.
Ayrılıq gələndə solur, saralır,
Çəmən, ay Zəlimxan, çöl, ay Zəlimxan!

Yenə gözündə yaş, qəlbində kədər,
Gəlişin hədərmiş, gedişin hədər.
Sənin ki dərdin var bir Təbriz qədər,
Niyə yaşayırsan, öl, ay Zəlimxan!

Təbriz, iyul,1992

İLAHİ

Bir millətdi, bir torpaqdı, bir Vətən,
O tay nədir, bu tay nədir, İlahi!
Hər tərəfə pay veriblər həsrəti,
O pay nədir, bu pay nədir, İlahi!

Eyni bağdı, eyni bağça, eyni bar,
Eyni sazdı, eyni kaman, eyni tar.
Ortalıqda dəmir hasar, lay divar,
O lay nədir, bu lay nədir, İlahi!

Üstümüzdən acı yeltək əsən kim?
Kəsilən biz, kəsdirən kim, kəsən kim?
Aman, qardaş, de, mən kiməm, de, sən kim?
O hay nədir, bu hay nədir, İlahi!

Millətə bax, dəmir tordan boylanır,
Diri evdən, ölü gordan boylanır.
Yeddi burdan, yetmiş ordan boylanır,
O say nədir, bu say nədir, İlahi?!

Hansı başdı, hansı bədən, bilinməz,
Paralansa, varmı Vətən, bilinməz.
Orda ölən, burda itən bilinməz,
O vay nədir, bu vay nədir, İlahi!

Bay olmasın, qarı düşmən bay oldu,
Çox ömürlər nisgillərə pay oldu.
İki yanda göz yaşımız çay oldu,
O çay nədir, bu çay nədir, İlahi!

Bu söhbəti ortalığa kim salıb?
Bu həsrəti ortalığa kim salıb?
Bu zilləti ortalığa kim salıb?
O tay nədir, bu tay nədir,
İlahi! O dərd nədir, bu vay nədir, İlahi!

Təbriz, iyul, 1992

BAKIDAN GƏLMİŞƏM, ŞƏHRİYAR BABAM

Üzünü heç zaman görəmmədiyin,
Bircə çiçəyini dərəmmədiyin,
Qoşa qapısından girəmmədiyin
Bakıdan gəlmişəm,
Şəhriyar babam!

İllərlə qovrula-qovrula qaldın,
Aylarla qıvrıla-qıvrıla qaldın,
Bakının üzünü görə bilmədin.
Bakıdan gəlmişəm,
Şəhriyar babam!

Kəlbəcər nəfəsli Göyçə diləkli,
Naxçıvan qeyrətli, Gəncə ürəkli,
Borçalı ətirli, Xəzər havalı,
Qarabağ nisgilli, Şuşa davalı
Bakıdan gəlmişəm,
Şəhriyar babam!

Özümüz çatmadıq səs çatan yerə,
Nur gələn, Ay doğan, Gün batan yerə.
Bu gün baş qoymuşam sən yatan yerə,
Bakıdan gəlmişəm,
Şəhriyar babam!

Vurğun məzarıyam, Sabir qəbriyəm,
Cavid dözümüyəm, Cavad səbriyom.
Ana ağısıyam, şəhid qanıyam,
Ağrılı fikirlər burulğanıyam!
Bizim başımızı yaman qatdılar,
Bizi zaman-zaman çox aldatdılar.
Vaxtında hayma çata bilmədik,
Toyuna, vayına çata bilmədik.
Əzrayıl yollarda gecikəydi kaş,

Səni əlimizdən aparmayaydı!
Şəhriyar ölümü Azərbaycanın
Başında tufanlar qoparmayaydı!
Bakıdan gəlmişəm,
Şəhriyar babam!

Gecikən gəlişin, gedişin ağır.
Üzdən dərd tökülür, gözdən qəm yağır.
Ayıran zalımdı, ayrılan fağır,
Bakıdan gəlmişəm,
Şəhriyar babam!

Sevinclə gəlmişdim bura gələndə,
Gedirəm, özümlə dərd aparıram.
İçərim doludu ağrı-acıyla,
Ay ustad, belə də ölüm olarmı?
Ay ustad, belə də zülüm olarmnı?
Min yol torpağından öpmək yerinə
Bircə yol üzündən öpə biləydim!
Qəbrinə göz yaşı səpmək yerinə
Başına gül-çiçək səpə biləydim!
Bax, onda deyərdim indi mən mənəm!
Bütün ölümlərə meydan oxuyub,
Bütün ölüləri dirildən mənəm!
Gör bir nə gündəyəm, bu görüşə də
Şükür söyləyirəm, şükür deyirəm.
Açır qanadını görüş dəmləri,
Həsrət dizlərini bükür deyirəm.
Bakıdan gəlmişəm,
Şəhriyar babam!

Dərin dərələrə torpaq doldurub,
Qayalı dağları düz eləmişəm.
Tikanlı məftillər əritmək üçün
İsti nəfəsimi köz eləmişəm.
Tilsimlər sındırıb, qıfıllar açıb
Polad dirəkləri mum eləmişəm.

Yolumda dikələn daşları belə
Əzib tikə-tikə qum eləmişəm.
Qəzəbim yığılıb yumruqlarıma,
Dilimi dişimə sıxıb gəlmişəm.
Min ilə bərabər yüz səksən illik
Bir həsrət dağını yıxıb gəlmişəm.
Bakıdan gəlmişəm,
Şəhriyar babam!

Ağsaçlı Şəhriyar qulluğundadı,
Saçları qapqara şəvə Zəlimxan!
Bu gün səcdədədir, ziyarətdədir,
Baba Şəhriyarı nəvə Zəlimxan!
Bakıdan gəlmişəm,
Şəhriyar babam!
Bakıdan gəlmişəm,
Şəhriyar babam!!!

Təbriz, avqust, 1992