em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

GECƏLƏR

Yuxum itgin düşər sənsiz gecələr,
Sən gəlsən, üzümə gülər bu dünya.
Xəyalım yolları gəzər gecələr,
Sənsiz quzu kimi mələr bu dünya.

Gecə tək qaradı hicranın üzü,
Hər dərd bir ürəyi axtarıb seçər,
Bu qaranlıq gecə ayırıb bizi,
Getdin yol, cığır qəlbimdən keçər.

Çıraq şöləsinin göz qırpımları,
Məni xəyallardan ayırır hərdən,
Dolub gözlərimə həsrət qumları,
Gözlərim yaşarır indi qəhərdən.

Səni gözləyirəm bəs sən hardasan?
Bu gecə sənindi bəs niyə getdin?
Bənövşə, yasəmən, süsən hardasan?
Gecənin qoynunda bəs niyə itdin?

Pəncərəm önündə yorğun bir ulduz,
Bilirəm baxmaqdan Ay da darıxır.
Qalmışam bu gecə mən burda yalqız,
Gözlərim həsrətlə yollara baxır.

SEVGİ OYUNU

Məhəbbət şirin nağıl,
Ürək sevgi yuvası.
Sən ətirli bir çiçək,
Mən də bir bal arısı.

Yaman uzandı gülüm,
Bu gizlənpaç oyunu,
Bilmirəm olacaqmı,
Ayrılığın bir sonu.

Səni görəndən bəri,
Qəlbim, gözüm olmusan.
Möcüzəsən ay gözəl,
Məni məndən almısan.

Qəlbim sənsiz çırpınır,
Bir sirli tapmacasan.
Nə olar ay sevgilim,
Bir qapımı açasan.

XOŞ GƏLMİSƏN

İncə gülsən, zərif çiçək,
Boy buxunun qəşəng, göyçək,
Məni məftun edən mələk,
Sən qəlbimə xoş gəlmisən.

Sənsən dərdimin əlacı,
Sənsiz ömrüm, günüm acı,
Ay başımın qızıl tacı,
Sən ömrümə xoş gəlmisən

Tay almısan məni məndən,
Mən doya bilmirəm səndən,
Sənə tay olmaz hər yetən,
Sən ömrümə xoş gəlmisən.

Ruhumsan, canımsan gülüm,
Gözəlsən saçı sünbülüm,
Sən varsansa, yoxdu ölüm,
Sən könlümə xoş gəlmisən,

Nurludu ömrün, həyatın,
Dilimdə əzbərdi adın,
Məni xoşbəxt edən qadın,
Sən ömrümə xoş gəlmisən.

Çox gəzmişəm mən hər yanı,
Sənin kimi gözəl hanı,
Əzizin ürəyi, canı,
Sən könlümə xoş gəlmisən,

SAXLAYAR

Ovunarmı ocağından gen düşən,
Gecə-gündüz Vətən deyib ağlayar,
Ömrü-günü ah , naləylə ötüşən,
Ümidini dan yerinə bağlayar,

Gedən deyil qürbət elin töhməti,
Yaman olur özgələrin minnəti,
Ulu Tanrım gəl ağlatma milləti,
Bu ayrılıq sinələri dağlayar.

Yurd sevgisi heç bir zaman sağalmaz,
Qış getməsə, bahar olmaz, yaz olmaz,
Günahını necə yusun Xan Araz,
Qəzəbindən aşıb, daşar çağlayar,

Yurd, yuvasız nə arzu var, nə həvəs,
Qəriblərdən görməmişəm gülən kəs,
Qürbət eldə vaxt, vədəsiz ölən kəs,
Qisasını qiyamətə saxlayar.