Əlirza HƏSRƏT.Yeni şeirlər

ehe

Bundan belə

Ayrılıqdan çəkib şirə,
Yol gedirik hələ pirə.
Bu eşq xatirə-xatirə, –
Başından tökülsün sənin.

Yaşanmış günlərim kövşən,
Ah rəsmidir bu bənövşən.
Mənim kimi eşqə düşən, –
Sevənlərin ölsün sənin.

Eşq yoludur bu can belə,
Yaxanı çəkmə yan, belə.
Çox demirəm, bundan belə, –
Hər gün üzün gülsün sənin.

Dəyirmanda dən oynadı

Bu sevgi toy tutdu mənə,
Hərə bir cür şən oynadı.
Qərib ahından diksinib, –
Bu zalım Vətən oynadı.

Qələmini batır tərə,
Gəlim çiçək dərə-dərə.
Könül verdiyim xəbərə, –
Bu ruhsuz bədən oynadı.

Təbiətə tacdı sünbül,
Nə gözəl nur saçdı sünbül.
Yaxasını açdı sünbül, –
Dəyirmanda dən oynadı.

Kəndimiz

Gələni yox, gedəni yox bu kəndin,
Gözü yolda qalıb duman, dağ belə.
Görüşünə yubandığım zirvələr, –
Görməmişdi saçlarımı ağ belə.

Lalələrin bağrında qan qalmışdı,
Hər sevgidən bir şöhrət, şan qalmışdı.
O kənddə bir yetim oğlan qalmışdı,
Görən varmı o uşağı sağ belə?

Belə qoyub getmişdikmi kəndi biz?
Niyə kəsdik bu bərəni, bəndi biz?
Kövrəlmişəm qoy görməsin kəndimiz,
Gözlərini sıx, ay bulud, yağ belə!

Mənbə: http://www.edebiyyatqazeti.az