Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu (17 aprel 1884 – 30 sentyabr 1950) — bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi (1943), Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri.

Həyatı

Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Ећuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı “böyük qardaş” rolu haqda sənədlər, söhbətlər, xatirələr çoxdur. Bu barədə onun öz xatirələri də vardır. Professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov, bəstəkar və dirijor Müslüm Maqomayev, səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənətkarlar sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri vardır.

Bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.
Bəstəkar və dirijor Niyazinin atasıdır.
Yaradıcılığı
Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – “50 yaşında cavan”ın (1910) müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsus olan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir.

Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Tiflisdə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda, Ећuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən “Aşıq Qərib” operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Lakin, naməlum səbəblərdən nə o zaman, nə də sovet hakimiyyəti illərində bu əsər tamaşaya qoyulmadı.

XX əsrin 20-ci, 30-cu illərinin məşhur mahnıları olan “Kənd qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” məhz ilk bəstəkar mahnıları sayılır. Klassik musiqinin yaradılmasında da Zülfüqar Hacıbəyovun zəhməti böyükdür.

O, 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazmışdır.

Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Elə həmin ilin sentyabrında Zülfüqar Hacıbəyov dünyasını dəyişir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycan musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndi. “Evli ikən subay”, “11 yaşlı arvad və varlı” musiqili komediyaları və “Aşıq Qərib” operası Zülfüqar Hacıbəyova böyük şöhrət gətirdi.[1]

Əsərləri
Musiqili komediyalar
“Əlli yaşında cavan” (1909)
“On bir yaşlı arvad” (1911)
“Evliykən subay” (1911)
Operalar
“Aşıq Qərib” (1915)
“Nüşabə” – Nizaminin “İskəndərnamə” poeması və Abdulla Ећaiqin librettosu əsasında, yarımçıq qalıb
“Üç aşiq və ya Məlikməmməd” – yarımçıq qalıb
Vokal əsərlər
Nəğmələr: “Kəndçi qızı”, “Çoban qızı”, “Əsgər nəğməsi” və s.
“Azərbaycan” kantatası
Digər əsərlər
“Kölə qadınların rəqsi” simfonik əsəri (1932) ona böyük şöhrət gətirir
Xalq Çalğı Alətləri Orkestri üçün “Cəngi” – Fikrət Əmirovla birgə
Filmoqrafiya
Almaz (film, 1936) (tammetrajlı bədii film) – Niyazi ilə birgə bu filmə musiqi yazmışdır
Üzeyir ömrü (film, 1981)
Maestro Niyazi (film, 2007)