ŞƏFQƏT VƏ MƏRHƏMƏT İŞIĞINDA

Həyatımızın mühüm sahələrini əks etdirən, milli-mənəvi dəyərlərə, insani keyfiyyətlərə, tərbiyəvi məsələlərə əhəmiyyətli təsir göstərən mövzularda əsərlər yazmaq və yaratmaq azərbaycançılıq ideyalarının təbliğində böyük gücə malikdir. Ədəbiyyat, mədəniyyət və incəsənətdə belə mövzular qədərincədir. Bu günlərdə özünün məzmun və ideyası ilə qəlblərə istilik gətirən, insanı duyğulandıran, həm də heyrətləndirən bir kitabla tanış oldum. Fiziki cəhətdən məhdudiyyəti olanların öz inadlı çalışmaları ilə insanların zövqünü oxşayan yaradıcılıqları, əl işlərindən bəhs edən bu kitabın adı da olduqca təsirli və düşündürücüdür: “Əlillik qüsur deyil”.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi nəşri olan bu kitab humanizm, mərhəmət, xeyirxahlıq, ən başlıcası da diqqət və qayğının nümunəsi olaraq özünəməxsusluğu, özəlliyi ilə fərqlənir. Böyük bir mətləbin sadə və qətiyyətli ifadəsi – əlillik qüsur deyil, fikrinin səslənişi və nümunəsini kitabın hər səhifəsində söz dəstəyi, əməli icrası, eləcə də foto əyaniliyində aydın görmək mümkündür. Bu inamlı, qətiyyətli fikir insana hər cür çətinliyə dözmək, fiziki məhrumiyyətlərə qalib gəlmək əzmi aşılayır. Belə bir kitabın ərsəyə gətirilməsi, təsir gücü, əslində bu qəbildən olan insanların yolunun üstünə nur çiləməyə, mənəvi rahatlıq və sevinc bəxş etməyə, həmçinin insanda yaşamaq eşqini yüksəltmək, ümidlərini göyərtmək, arzularını gerçəkləşdirməyə qadirdi. Başqa bir tərəfdən, fiziki cəhətdən məhdudiyyəti olan vətən övladlarının işinə, zəhmətinə dəyər vermək, onları ruhlandırmaq, hər birinə şəfqətlə, mərhəmətlə, həssaslıqla, humanistcəsinə yanaşmaq, diqqət göstərmək, cəmiyyətin əhatəsində rahat yaşamalarından ötrü qayğılarını çəkmək bizim insanlıq borcumuzdur.
Burda xatırladaq ki, əlilliyi olan insanların fiziki cəhətdən sağlam olan insanlarla eyni hüquqa malik olmalarının ilk təsbiti 1975-ci ildə BMT-nin Baş Məclisində qəbul edimiş beynəlxalq sənədin açıqlanması, nəzərə çatdırılması dünya cəmiyyətində bu məsələyə eyni münasibətin, düşüncənin təzahürü kimi səslənir. Bu, həqiqi yanaşmanın nəticəsidir ki, BMT-nin Baş Məclisinin 1992-ci il tarixi sənədində “… hər il dekabrın 3-nün “Əlilliyi olan insanların Beynəlxalq Günü” kimi qeyd olunması haqqında” Bəyannamə qəbul edilmişdir. Amma biz bunu da qeyd etməliyik ki, mənəvi keyfiyyətlərə, mentalitetimizə xas olan nəciblik, əlilliyi olan insanlara humanistcəsinə, xeyirxahlıqla, yanaşmaq, həssaslıq göstərmək hissi bizdə hər zaman güclü olub. Vaxtilə ulu öndər Heydər Əliyev belə insanlara böyük qayğı ilə yanaşırdı. Əlilliyi olan şəxslərin qabiliyyətlərini, bacarıqlarını xüsusi qiymətləndirir, əl işlərindən ibarət vaxtaşırı təşkil olunmuş “Ümumrespublika yaradıcılıq sərgi”lərində iştirak edir, onlara maddi-mənəvi qayğısı ilə dəstək olurdu. Hətta bu sərgilərdə müəlliflərin əl işlərinə o qədər həssaslıqla, diqqətlə nəzər yetirib, onları ruhlandıran fikirlər söyləyirdi ki, əlilliyi olan adamlar da bu diqqətin qarşısında özlərini güvəncli hiss edir, heç şübhəsiz, cəmiyyətə, xalqa gərək olduqlarını düşündüklərindən özlərinin gələcək həyatlarına inamları yaranırdı. Heydər Əliyevin belə tədbirlərdə onlarla birgə xoş anlar yaşadığını və yaşatdığını kitabda yer almış fotolardan da aydın görmək olur. Əlillərin arasında onların tədbirlərində iştirakının əksi olan fotolara baxınca, ulu öndərin bu insanlara nə qədər isti, doğma yanaşdığını, onları ruhlandırdığını nurlu çöhrəsindən, təbəssümündən duymaq olur. Bəzən foto sözün də qüdrəti çatmadığı fikri, hissi, duyğunu elə bir möhtəşəmliklə ifadə edir ki, bundan heyrətlənməmək olmur. ümummilli liderin fərqli, özünəxas düşüncəyə malik olan belə insanlarla görüşü, hər birinə qayğı ilə yanaşması, bütün sahələrdə olduğu kimi, burada da milli-mənəvi dəyərlərin bu istiqamətdə ənənə xarakteri yeni və əlahiddə bir məzmun kəsb edir.
Bəs əlilliyi yaradan ən çox səbəblər hansılardır? Kitabda bununla bağlı yer almış fikirlərə diqqət edək: “Azərbaycanda əlilliyi olan şəxslərin çoxu XX əsrin ən dəhşətli fəlakəti sayılan II Dünya müharibəsi, Qarabağ müharibəsi, erməni soyqırımı və terroru nəticəsində sağlamlıqlarını itiriblər. Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub…”.
Bu fikrin ardınca əlilliyi olan insanlara dövlət tərəfindən göstərilən hər cür qayğının məhz dövlət siyasətinin əsasını təşkil etməsi də nəzərə çatdırılır. Yəni ulu öndər iqtisadi inkişafla yanaşı, sosial faktoru da ən vacib sahə hesab edərək demişdir: “Dövlətimizin siyasəti – iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir”. Bu fikrin bariz nümunəsini biz müdrik siyasətçinin Azərbaycana rəhbərliyi dövründə əlilliyi olan şəxslərin maddi və mənəvi təminatını gücləndirməsi, məişət şəraitlərinin yaxşılaşdırılması, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində dövlət siyasətinin əsaslarını yaratmışdı. Məhz onun tövsiyəsi ilə ölkədə əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı hazırlanmışdır. Təbii ki, bu proqrama əsasən də əlilliyi olan insanların təminatından ötrü hər cür şərait yaradılmış və onların problemlərinə həssaslıqla yanaşılmışdır.
Kitabın belə bir məqsəd və ideya baxımından işlənməsi, sözügedən insanların ictimaiyyətə təqdim olunması, xatırlanması, heç şübhəsiz, yeni nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar yüksək səviyyədə, geniş və mündəricəli şəkildə nəfis tərtibatlı topluda əhatə olunmuş, işıqlandırılmışdır. Kitabda giriş sözü statusunda olan əhatəli təqdimatda hüquqi, elmi, ictimai və sosial sahələrdə qüvvədə olan mükəmməl sənədlərin işıqlandırılması, bu istiqamətdə dövlətin birbaşa siyasəti ilə bağlı olduğundan cəmiyyətdə fiziki cəhətdən məhdudluğu olan insanlara humanizm, insanpərvərlik, qayğıkeşlik kimi ali keyfiyyətlərin yaranmasına yol açır. Burda çox böyük məsuliyyət və əminliklə ifadə olunur ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 13 may tarixli Qanunu qəbul olunmuşdur. Bu qanunda ifadə olunan mətləblər, bütün məsələlər aydın şəkildə diqqətə çatdırılmışdır. Prezident İlham Əliyevin böyük inam və fərəhlə qeyd etdiyi fikir də öz mündəricəsi ilə böyük əhəmiyyət kəsb edir: “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlilliyi olan şəxslər cəmiyyətin həyatında da fəal rol oynasınlar”. Bu, ölkədə əlilliyi olan insanlarla bağlı görülən işlərin təzahürü kimi təsdiqini tapır.
Kitabda əlilliyi olan insanlara yaradılmış şərait, göstərilən diqqət, onlara verilən imkanlardan istifadə etmək şansı yollarına, talelərinə düşən Günəş işığı timsalında görünür. Bu günəşin parlaq, hərarətli, aydın şəfəqlərini onların həyat və fəaliyyətlərinin yolunda bir mayak kimi də qəbul etmək doğru olar. Eləcə də yalnız dövlətin deyil, mərhəmətli, şəfqətli xalqımızın onlara göstərdikləri mənəvi dəstəyini, dayağını da görməmək, duymamaq mümkün deyil. Yəni, bu qayğının, diqqətin, maddi-mənəvi dəstəyin əhatə dairəsininin genişliyini müəyyənləşdirməli olsaq, zənnimizcə, bütün bunları təsəvvürə belə sığışdırmaq asan olmaz. Bu, o deməkdir ki, dövlət nəzarətində saxladığı, siyasətinin bir qolu olan bu sahədə də özünün prinsipiallığını, humanizmini əməli ilə ifadə edir.
Bu yerdə belə bir faktı da fərəhlə qeyd etməyi vacib sanırıq ki, əlillərin cəmiyyətə inteqrasiya olunması, onlara hərtərəfli qayğı göstərilməsində qazanılmış təcrübə, kitabda qeyd edildiyi kimi, digər ölkələrdə də öyrənilir.
Artıq uzun illərdir ki, Birinci vitse-prezidentin humanizmi, mərhəməti, şəfqəti sayəsində ölkəmizdə gedən ictimai-sosial problemlərin həlli istiqamətində böyük işlər görülür. Əlilliyi olan insanların cəmiyyətə adaptasiyası, onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, sağlamlıq baxımından imkanları məhdud olan insanların “zəruri reabilitasiya”ya cəlb edilməsi, dövlət hesabına həyati tələblərinin ödənilməsi, bir sözlə, doğmalıq münasibəti, qayğısı ilə əhatə olunması, belə insanların cəmiyyətdə özlərini rahat hiss etməsinin, fəaliyyət göstərməsinin başlıca amilləridir. Birinci vitse-prezidentin xeyirxahlıq missiyası – hesaba gəlməyən layihələri, dövlət siyasətinin başlıca xətti olmuşdur. Bütün bunlar hər zaman özünü Onun işıqlı əməllərində göstərir. Nəticədə fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan insanlar heç bir dövlətdə görünməyən belə qayğıkeşliyin, maddi-mənəvi yaşatmanın bariz nümunəsini öz həyatlarında gördüklərindən vətənə, xalqa məhəbbət ruhunda tərbiyə olunurlar. Milli əxlaqımızdan, ailə tərbiyəsindən gələn xüsusiyyətlərdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da əlilliyi olan şəxslərin, xüsusən də uşaqların sağlamlığının qayğısına qalır, onlarla mütəmadi olaraq görüşür, hər birinə sosial problemlərinin həllində özünün maddi-mənəvi dəstəyini göstərir.
Səhifələri çevirdikcə, göz gördüklərindən heyrətlənməyə, təsirlənməyə bilmir. Kitab boyu diqqət yetirdiyimiz əl işlərindən ibarət bütün yaradıcı nümunələr gözəldir, cəlbedicidir. Bədii axtarışları, yaradıcı zəhmətləri, qəlblərindən süzülən işığı, sevgini də hər birinin əl işlərindən duymaq olur.
Bu əl işlərinə baxdıqca insan ehtizaza gəlir. Vücuda qaynarlıq axır. Əlilliyi olan istedadlı Vətən övladları həyata bəslədikləri böyük sevgilərini, Tanrının lütfü olan bacarıq, qabiliyyətlərini coşqun bir həvəslə, eşqlə, sənət əsərlərinin dili ilə təsvir edir, yaradır, yaşadırlar. Bu ilahi eşq, qabiliyyət onları həyata daha möhkəm tellərlə bağlayır. Görəndə ki cəmiyyətdə onların yaradıcılığına maraq, məhəbbət var, o zaman həyat onları qoynuna alır, insanların rəğbəti, sevgisi əhatəsində özlərinə inamları artır, daha zövqlə, sənətkarlıq yanğısı ilə, duyğusallıqla yaratmağa həvəslənirlər. Ümummilli lider Heydər Əliyev də məhz onlarda olan belə inadkarlığı, məharət və qabiliyyəti nəzərə alaraq deyirdi: “İnsan çox şeyə qadirdir və o, nə qədər çətinliklərlə rastlaşsa da, öz istedadını, biliyini, bacarığını cəmiyyətə təqdim etməli və ölkəsinə həsr etməlidir”.
Bu istedadları təqdim etməyin özü ilk növbədə onların özlərini cəmiyyət içində rahat hiss etmələrinə bir stimul verir. Zənnimizcə, onların həyat-sənət taleyinə işıq salan bu kitabda fotolar, haqlarında yığcam məlumatlar, əl işlərinə diqqət göstərib onlardan ümumilikdə, yığcam şəkildə bəhs etmək, sənət sevdalılarını ruhlandırmaq da bizim üzərimizə düşür. Yazımızın əvvəlindən bu yolu tutduq və bu ovqatla da sözümüzə davam edirik…
Həyatımız boyu belə bir hallarla da qarşılaşırıq ki, sağlam, gümrah olanların arasında tüfeyli həyatı keçirən, başqasının zəhmətinə dolananların həyata baxışları korşaldığından hər şeyə laqeyd yanaşır, məsuliyyət hissini unudur, xalqa, vətənə vətəndaşlıq borclarını verə bilmirlər. Belələri gündəlik qayğılar, işləmək, fəaliyyət göstərmək, ailəsinə, xalqına fayda vermək haqqında düşünmürlər. Amma iki əlindən, qolundan, gözündən, ayağından… əlil olan bir insan dişinin, ayaqlarının arasında əziyyətlə saxladığı fırça-qələmi ilə təxəyyülündən süzülüb gələn fikir-təsvirləri ilə sənət əsərləri yaradır. Cəmiyyət də sağlam düşüncəli, iradəli, qürurlu, başqasına əziyyət verməyi xoşlamayan, öz zəhməti sayəsində, gözəl qabiliyyəti ilə uğur qazanan əlil insanları çox isti, doğma qarşılayır. Bu münasibətdən ruhlandıqları üçündür ki, onlar özlərini xalqın əhatəsində çox rahat hiss edirlər. Təbii ki, bu fədakarlara yaşamaq, yaratmaq stimulu verən təkcə doğmaları deyil, bütövlükdə cəmiyyətin özüdür…
Kitabda yer almış əl işlərinə həyəcanla, varlığımı sarmış kövrəkliklə baxdıqca düşünürdüm ki, Tanrı əlilliyi olan insanlara hissiyyatı, duyumu sanki qədərindən də artıq verir. Onlar fiziki sağlamlığının gücü ilə işləyən sənət adamlarından özlərinin yaradıcı təxəyyülü, fəhmi və qavrama qabiliyyətlərinin ən zərif, incə ştrixlərini təsvir edə bilmək istedadı, zəhmətilə bəlkə də bir başqa özəlliklə fərqlənirlər. Bu da onların sənətə olan sevgisinə, işləmək ruhuna, vərdişinə görə olduqca möhtəşəm görünür.
Əlillik bu qəbildən olan insanların taleyində bir sınıqlıq olsa da, Tanrı onlardan lütfünü nəinki əsirgəməmiş, bu seçilmişlərə bənzərsiz, möcüzəli, vəhy kimi bir hissiyyat, duyğu vermişdir. Odur ki, həyata, insanlara olan sevgiləri, yaratmaq eşqi, cazibəsi ömür yollarında əbədi məşəl kimi alovlanır. Bütün bunları belə insanların həyata baxışlarında, bir qığılcım təki qəlblərində doğan arzularının sənətdə təsvirində daha aydın görmək mümkündür. Yazı boyu ifadə etdiyimiz fikirlər “Əlillik qüsur deyil” kitabında bir çox istiqamətlərdən sevgilə, həssaslıqla təqdim olunub.
Belə möhtəşəm, gərəkli bir kitabı ərsəyə gətirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümüz sonsuzdur.

Şəfəq NASİR,
“Respublika”.
Mənbə: http://respublica-news.az