Öləndə…

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın,
Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə,
Xalq birləşəndə,
Mən də öz qəbrimdən boylanacağam.

Daha

Dədi dərd olmuşdur elin də mənə,
Ağladım, bir naşı güləndə mənə,
Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt, heç zaman ölmərəm daha!

Azad qardaşım var, onunla xoşam,
mən gərək sahili sahilə qoşam,
iki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm daha!

Dənizlər, dəryalar mənə dayazdır,
Ən dərin bir çay var, o da Arazdır.
Mənə görüş verin, azadlıq azdır,
Görüşsəm ayrılmaq bilmərəm daha.

Ömrümdən qürbətlər, yadlar qovulsun,
Keçmişim yiyəsiz qaldı, qoy olsun!…
Ancaq gələcəyim mənimki olsun,
Mən onu ömrümdən silmərəm daha!

Mənim səadətim hardasa itdi,
O asan gəlmişdi, asan da getdi,
Mənə nə etdisə səadət etdi,
Bədbaxt səadətə gülmərəm daha!

Qorxaqlar önümdə çöküb əyilsin,
Vətənsiz vüqarım göyə dikəlsin;
Deyin azadlığa ardımca gəlsin,
Mən onun ardınca gəlmərəm daha.

Tərif

Tərifin qəribə hörməti vardır,
Tərifin neçə cür sifəti vardır.
Vardır başqasını pisləyən tərif,
Bir söyüş tərif var, bir ögey tərif,
Borc tərif, bəy tərif, həm giley tərif.

Bir az tərifinin vaxtı keçəndə
Köhnə rezin kimi boşalır adam,
Durub tərif üçün qapılar gəzir,
Tərif naqqalını tapıb dincəlir,
Köhnə rezin kimi boşalır adam.
Acı xəmir kimi turşalır adam.

Hansı iclasdasa dəliqanlını
Dilucu təriflə cilovlayırlar,
Neçə qarınqulu indi hardasa
Nəsə tərifləyib pilovlayırlar.

Olanı deyəndə ləzzəti olmur,
Olanı deyəndə bu tərif olmur,
İstəyir ver ona olan dünyanı,
Ləzzət vermək üçün gərək deyəsən
Onun qalmayanla, olmayanını.

Bəzən özləri də utanıb qalır
Başsızı başlıca tərifləyənlər.
Bir yaxşı adamı pisləmək üçün
Bir pisi yaxşıca tərifləyənlər.

Tərifin nə yaman hörməti vardır,
Tərifin neçə cür sifəti vardır,
Ancaq tərif yoxdur,
Var düz, var yalan,
Tərifdir-yalandır nə varsa qalan.

Ürək

Demişdi bir daha sevməyəcəyəm,
Bəs niyə bir daha səhv etdi erək.
Bu səhvin qızaran gün batımında
Məni quzu kimi mələtdi ürək.

Necə də ağırdır bu sevgi-sovqat,
haraya çapırsan, ey yəhərsiz at,
Məni kitab kimi büküb ikiqat
Səhifə-səhifəseyrəltdi ürək.

Tap onu, tap onu mehriban falçı,
Nədir dağ sinəmi yaxan bu sacı,
O bir nağıl oldu, mən bir nağılçı,
Danışıb hamını kövrəltdi ürək.

Ona öyüd verdim, sözümü kəsdi,
Bu mənə birinci, sonuncu dərsdir,
Dedim ki, dünyadan yapışaq, bəsdir,
Başıma dünyanı hərlətdi ürək.

Yandı özü yanmış dünya halıma,
Düşdü sınıq səslər ömür valıma,
Bulud gözlərini sıxdı yoluma,
Mənə ağlamağı öyrətdi ürək.

Ucalıq yolunu sevgidə gördü,
Axdı gözlərimə Füzuli dərdi,
Hər şeyi sevgiyə sədəqə verdi,
gözünü dünyaya bərəltdi ürək.

Anamın əlləri

Anamın əlləri yadıma düşüb,
Öpüb gözüm üstə qoymaq istərəm.
Əlinin kötəyi necə şirindir,
Şirin kötəyindən doymaq istərəm.

Alın qırışının dərinliyində,
Bu gün fikir-fikir olub itmişəm.
Ana kötəyinin şirinliyində
Məst olub,
Məst olub, huşa gedmişəm.

Hirslənib o məni hərdən döyəndə,
Yaşlı gözlərini qırpıb yumardı.
Xırda əllərinin titrəyişindən
Nəsihət tökülər,
Öyüd damardı.

Bir az “qudurmuşam”,
Dəcəlləşmişəm,
Anam cızığıma salaydı məni.
Özünü kötəyin altına atıb
Atamın əlindən alaydı məni!

Niyə öpməmişəm ana əlindən,
Ovcunda naz gülü əkməmişəm heç?!
Hamının nazını çəksəm də bəzən
Anamın nazını çəkməmişəm heç.