Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

QOYMA QOCALMAĞA

Soruş aşiqinin hər gün halını,
Qoru gözün kimi şanda balını,
Kəs payız yolunu, kəs qış yolunu,
Qoyma qocalmağa sən məni, gülüm.

Şirin təbəssümlə, xoş nəvazişlə,
Ömrümə nur çilə şirin gülüşlə,
Odlu məhəbbətlə, odlu atəşlə,
Qoyma qocalmağa sən məni, gülüm.

Hər vaxt bəxtimizin taxtı, tacı ol.
Dərdimin, qəmimin bir əlacı ol,
Mənim tər çiçəyim, bar ağacım ol,
Qoyma qocalmağa sən məni, gülüm.

Adın ki, düşməyir heç vaxt dilimdən,
Nəğmə oxuyuram hər gün gülümdən,
Hər yerdə, hər zaman tut sən əlimdən,
Qoyma qocalmağa sən məni, gülüm.

Gecə yuxumda ol , gündüz yanımda,
Ruhunla bəzənir vallah canım da,
Mənə təsəli ver hər bir anımda,
Qoyma qocalmağa sən məni, gülüm.

Bezmərəm nə qədər eyləsən də naz,
Hərdən könlümü al nə olar, bir az,
Denən qarşıdadı hələ bahar, yaz,
Qoyma qocalmağa sən məni, gülüm.

HƏR ZAMAN

Düzlük, etibar görərsən hər bir zaman düz əldən.
Vəfa etibar gözləmə hər gördüyün gözəldən,
Bu dünyada sevinc də var, göz yaşı da, kədər də,
Belə olub, onu bil ki, fani dünya əzəldən.

Təbiətin hər qarışı tamaşadı, tamaşa,
Ayı, Günü nur çiləyir hər çiçəyə, hər daşa,
Gözəlliyi bəxş eləyir gündə neçə göz, qaşa,
Hər şeyi gözəl yaradır yeri, göyü düzəldən.

Gecəsi aylı, ulduzludu, günəşlidi səhəri,
Hər şeyin öz zamanı var, hər bir şeyin öz yeri,
Hələ aça bilməmişik çox qıfılı, çox sirri,
Yaranan torpağa dönür, gül göyərir xəzəldən.

Hər sənəti biləndə də gərək kamil biləsən,
El-obanın məclisinə alnı açıq gələsən,
Əziz Musa ağır otur, çox da qalxma zilə sən,
Şeir, sənət meydanında bir qala qur qəzəldən.