Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZI

GüllərMƏMMƏDQIZI
(Sadıqova)

1928-ci ildə doğulduğu Kəlbəcərin Otaqlı kəndini itirdikdən sonra bədii yaradıcılığı ədəbi ictimaiyyətə daha çox məlum olan Güllər Məmmədqızının ürəyini kəlbəcərsizlik paralamışdı. Həkimlərinə, ona müvəqqəti sağlamlıq verənlərə şirin-şirin kəlmələr deyər, özünü onlara sevdirərdi. Dərdini punhan çəkməyi sevərdi. Çox gec bilmişdilər onun yaradıcılığı barədə. Əslində, qələmə aldığı nəğmə deyil, haray idi, fəryad idi. Nəvəsi Sənana gizlicə demişdi: «Bu yazıları məndən sonra bildirərsən atana». Amma onun «sirri» pünhan qalmayıb. Bu yazılarından hiss olunurdu ki, o, şeirin müxtəlif formalarına yaxından bələddir. Axı, o, uzun müddət, gənclik illərində rayonda kitabxanaçı vəzifəsində işləmişdi. Ona görə də klassik Azərbaycan ədəbiyyatına dərindən bələd idi. Kəlbəcərdən didərgin düşdükdn sonra Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşmışdı. Onu yazmağa vadar edən amillər təkcə həyatının amansız dönəmlərinin çox olması deyildi. O, gənclik illərindən şeirə-sənətə vurğunluğunu ailə sadətinə qurban vermişdir. Amma, bu, ötəri bir gənclik həvəsi və hissi olmadığından, yetmiş beş illik bir ömür yolunda ona dostluq və sirdaşlıq etmişdir.
Güllər Məmmədqızı Kəlbəcərdə şeir yazan ilk qadın deyildi. Hələ ötən əsrin ortalarında Kəlbəcərin Ayrım bölgəsində, Lev kəndində anadan olmuş nakam taleli Aşıq Bəstidən bu yana neçə-neçə ağzıyaşmaqlı nənələr öz dövrünün mənzərəsini poetik dildə, xalq yaradıcılığı və klassik aşıq şeiri üslubunda yazıb-yaradıblar. Lakin o yerlərdə tərbiyə, əxlaq dərsləri imkan verməyib ki, hamısı da üzə çıxsın.
Güllər Məmmmədqızının yaradıcılıq nümunələrinin əksəriyyəti Kəlbəcərdə qalıb. Toplanıb nəşr edilən şeirləri şairə xanımın son illər qələmə aldığı və şifahi söylədiklərindəndir.
2001-ci ildə «Qəriblər ağısın oxuyan durna» adlı ilk şeirlər kitabı «Təfəkkür» nəşriyyatında nəşr edilib.
Kəlbəcərli yüz şairin şeir nümunələrindən ibarət «Kəlbəcər dünyası: yüz şairin bir kitabı» antologiyasında onun da yaradıcılıq nümunələri verilmişdir. 2005-ci il may aının 03-də ürək çatışmazlığından vəfat etmiş Güllər Məmmədqızının ikinci kitabı («Orda açıb, burda solan bir güləm») 2006-cı ildə «Adiloğlu» nəşriyyatı tərəfindən çapdan buraxılmışdır.

OĞUL

Ömrün çoxu-azı olmaz,
İnsan kimi yaşa, oğul.
Hər doğulan yurdda qalmaz,
Dön yurdunda daşa, oğul.

Dolansan sən yurdda, eldə,
Nəğməyə dönərsən dildə.
Kişi kimi beş-on ildə
Ucalarsan başa, oğul.

Bir cüt gözüm, həm qolumsuz,
Həm sağımsız, həm solumsuz.
Qardaşım, həm cüt oğlumsuz,
Daim olun qoşa, oğul.

MƏNİM

Gözlərimin qalmayıbdı qarası,
Kəlbəcər əlimdən gedəndən mənim.
Sızıldayır, qan ağlayır yarası,
Kəlbəcər əlimdən gedəndən mənim.

Duman-çiskin dağlarımı bürüyür,
Dərd üstümə dəstə-dəstə yeriyir.
Günü-gündən can-cəsədim əriyir,
Kəlbəcər əlimdən gedəndən mənim.

Güllərəm mən, dərd bəsləyir, əkirəm,
Belə yükü görün necə çəkirəm?!
Yaş nədir k, gözümədən qan tökürəm,
Kəlbəcər əlimdən gedəndən mənim.

MƏNİ DƏ YAZ

Köçürüb gözünə Vətən yanğısın,
Yaz, ay oğul, o kitaba məni də yaz.
Dinlə bayatısın, bir də ağısın,
Yaz, ay oğul, o kitaba məni də yaz.

Yandırdılar imanımı, dinimi,
Qaldırdılar asimana ünümü.
Özün gördün Murovdakı zülmümü,
Yaz, ay oğul, o kitaba məni də yaz.

Kəlbəcərin tarixini soraqla,
Taleyini səhifələ, varaqla,-
Öyrənmisən, ya şam ilə, çıraqla,
Yaz, ay oğul, o kitaba məni də yaz.

Kim deyir ki, yurdu qoyub qaçmışam,
Murovdağı sürünərək aşmışam.
Tərtər olub, qışda da mən coşmuşam,
Yaz, ay oğul, o kitaba məni də yaz.

Gəlini olmuşam ulu ocağın,
Xeyir-bərəkətli, dolu bucağın.
Yamanca bağlanan yolu qucağın,
Yaz, ay oğul, o kitaba məni də yaz.

Yeddi ildir, qan tökürəm gözümdən,
Tabım gedib, taqət düşüb dizimdən.
Kəlbəcərin dərdi keçir üzümdən,
Yaz, ay oğul, o kitaba məni də yaz.

Güllərin dərdini qoşa yaz orda,
Kəlbəcərdən öncə, başa yaz orda.
Qayıtsan, adımı daşa yaz orda,
Yaz, ay oğul, o kitaba məni də yaz.

DURNA

Dərdimi nəğmənlə çatdır dağlara,
Qəriblər ağısın oxuyan durna.
Çatarmı harayım ötən çağlara,
Həsrətdən bir yuva oxuyan durna,
Qəriblər ağısın oxuyan durna?!

Söylə, qəriblərdən küsmüsənmi sən?!
Onunçün aranı kəsmisənmi sən?!
Kəlbəcərin üstündə əsmisənmi sən,
Bu hicran nəğməsin oxu, yan, durna,
Qəriblər ağısın oxuyan durna.

Çəmənim, çiçəyim, gülüm-gülzarım,
Güllərəm, çətin ki, düşə güzarım.
Yetir Kəlbəcərə bu ahu-zarım,
Daha düşüb o da məndən yan, durna,
Qəriblər ağısın oxuyan durna.

GÖR NEÇƏ İLDİ?!

Oğlum Məhəmməd Nərimanoğluya

Elə tamarzıyam dağ havasına,
Uduram zəhəri gör neçə ildi?!
Hamı çəkiləndə öz yuvasına,
Açmıram səhəri gör neçə ildi?!

Kəlbəcərsiz dözümə bax, yaşa bax,
Min bir dərdə tab eləyən başa bax.
Ömrə gələn çox vədəsiz qışa bax,
Dolandıq sərsəri gör neçə ildi?!

Yetimxana, yardım payı, təsaddıq,
Tanımazdıq, tanıtdılar, biz «daddıq».
Qəriblikdə ömrü yaman uzatdıq,
Görmürük Tərtəri gör neçə ildi?!

Oğul-uşaq bir-birindən aralı,
Hamısı da sinəsindən yaralı.
Gül rəngimiz xəzan kimi saralı,
İtirdik təpəri gör neçə ildi?!

Güllər kimi xəstəhallar az deyil,
Kəlbəcərsiz ömrə gələn yaz deyil.
Sızıldayan kaman deyil, saz deyil,
Köklənmir telləri gör neçə ildi?!

Hacıkənd, 2003.