https://b.radikal.ru/b28/1909/2f/aee41c4ad439.jpg

şair-yazıçı, Əməkdar jurnalist

Dağlıq ərazidə doğulub boya-başa çatmış insanlar bir sıra keyfiyyətləri ilə seçilirlər. Bu da səbəbsiz deyildir. Bu insanlar dağdan dağ vüqarı, dağ əzəməti öyrənir, buludlardan göylərə qalxıb rəvan-rəvan uçmaq arzusunda olurlar. Dağda doğulan insanlar dərələrdən qı¬jov axan çayların səsini, qaynayıb qayadan süzülən bulaqların zümzüməsini özünün mənəvi dünyasının rəmzi hesab edirlər. Qışdan qış sərtliyi, yaydan yaylaq təravəti götürür, hər şeydə bir saflıq, təmizlik, qeyri-adi təbiilik görürlər. İlahinin qüdrətindən doğulmuş minbir çiçəkdən toxunan çəmən xalıları, dərələri xoş ətrinə qərq edən baldırğan, yarpız ətri bu insanların ilham mənbəyi, qürur dünyasıdı. Qartalların zirvə eşqini, qıyya çəkən uçuşunu seyr edə-edə özləri də bu cəsurluq simvollarına bənzəməyə çalışırlar. Ona görə də qeyri-ixtiyari olaraq poetik hissləri güclü, səmimi və ilhamlı olurlar.
Belə gözəl məkanlarımızdan biri də bu gün düşmən əlində girov olan Kəlbəcərdir. Bəzən deyirlər ki, Kəlbəcərdə doğulan insanların hamısı şairdir. Əslində, bu fikirdə bir həqiqət var: coşqun ilham mənbəyi olan Kəlbəcər təbiəti bir çox istedadlı şairlər yetirmişdir. Əhsən bu tor¬pağın gücünə, qüdrətinə, insanlarının qətiyyətinə…
Bu torpağın yetirmələrindən olan, Kəlbəcər dərdini sinəsində gəzdirən qələm sahiblərindən biri də Məhəmməd Nərimanoğludur. Mən əvvəllər publisist, jurnalist kimi tanıdığım və qələminə hörmətlə yanaşdığım Məhəmməd Nərimanoğlu bu gün sənət meydanına, söz dünyasına şeirləri ilə də çıxmışdır. Mən onu 25-26 il bundan əvvəl tanımışam. O, “Şişqaya faciələri” kitabını yazırdı. Yazdığı əsər daha mükəmməl olsun deyə ətraflı məlumat toplamağa çalışırdı. Həmin vaxtlar mənimlə də görüşür, bəzi məsələləri xəbər alırdı. Məhəmmədin yazdığı bu əsər geniş oxucu kütləsinin rəğbətini qazandı. Deyim ki, erməni faşist əxlaqının Xocalıdan əvvəl soyqırımına məruz qoyduğu yüzlərlə yaşayış məntəqəsindən biri də Basarkeçər rayonunun Şişqaya kəndi olmuşdur. Məhəmməd Nərimanoğlu Şişqayada törədilən faciəni öz dəyərli qələmi ilə kitab şəklində oxuculara təqdim edən ilk qələm sahibidir,- desəm yanılmaram. İllər ötdükcə Məhəmməd Nərimanoğlunun daha bir neçə publisistik əsəri ilə tanış oldum. Onun milli ruhda, vətənsevərlik zəminində yazdığı əsərlərin nə qədər gərəkli, dəyərli olduğunu gördüm.
Bu gün Məhəmmədin növbəti dəfə çapa hazırladığı “Qala dərdim” kitabının bilgisayar variantı masamın üstündədir. Məhəmməd şeirlərini üç bölmə altında kitaba daxil etmişdir: qoşmalar, gəraylılar, sərbəst şeirlər. Öncə qoşmalarla tanışlığa qoşuluram. Milli poetik ənənəmizi özündə əks etdirən, bir-birindən gözəl qoşmalar diqqətimi çəkir. Göyçə və Kəlbəcər ədəbi mühitinə yaxından bələd olan Məhəmməd Nərimanoğlu klassik el ədəbiyyatından və aşıq yaradıcılığından bacarıqla bəhrələnərək, çağdaş milli poeziyanın yeni nümunələrini yarada bilmişdir.
Məhəmməd yüz minlərlə soydaşımızdan biri kimi, yurd-yuvasını məcburi tərk etmiş yurd həsrətli didərginlərimizdən biridir. Mənə elə gəlir ki, publisist-jurnalist Məhəmməd öz dərdini, ürəyinin acısını poeziyanın dili ilə söyləməyə, aləmə car çəkməyə çalışmışdır. Məhəmmədin başlıca mövzusu vətən həsrəti, yurd yanğısı, millət sevgisi ilə bağlıdır. O, düşmən tapdağına düşmüş Kəlbəcərinin işğalına heç cür dözə, tab gətirə bilmir: alışıb yanır, necə deyərlər, tüstüsü başından çıxır. Gecə-gündüzü olmayan şair ana yurdun təbiətini təsvir edərək Murova, Qoşqara gedə bilmədiyini hayqıraraq aləmə bəyan edir. Nəyə görə, nədən o, öz vətəninin gülünə, çiçəyinə, qayasına, dərəsinə, təpəsinə həsrət qalmalıdı? Hanı ədalətdən, demokratiyadan dəm vuran böyük güclər? Onlar deyilmi haqdan danışıb, haqqı tapdalayanlar? Müəllif “Kəlbəcərə gedən yollar” şeirində yazır:

Ot basıbdı, yoxdu izim,
Qırılıb taqətim, dizim.
Qurban olum sizə özüm,
Kəlbəcərə gedən yollar.

Məhəmməd Nərimanoğluna görə, Kəlbəcərə gedən yollar Göyçədən, Qarabağdan keçir. Bu yollara çıxmaq üçün erməni faşist ünsürləri bu yollardan təmizlənməli, çəkilməlidir. İşğalçının təmizlənməsi üçün milli birlik, milli iradə, döyüşkən güclü ordu gərəkdir. Düşmən heç vaxt çıx deməklə zəbt etdiyi torpaqdan çıxmaz. Necə deyərlər, gərək burnunun qanını tökəsən ki, quduz quduzluğundan çəkinə. Məhəmməd öz poeziyasında bütün bu çağırışlara əməl etməkdədir:

…Yuxun gələrmi sənin,
Torpağı basılan kişi?…

Şair çox dəyərli, lazımlı bir sual verir, deyir ki, vətənin gedibsə yuxun gələrmi? Gələr, Məhəmməd Nərimanoğlu, əgər milli təəssüb, namus, qeyrət yoxdursa, yuxusu da gələr, əşi… deyib ötüşə də bilər. Elə düşünmək lazım deyil ki, papaq qoyan hər kəs papaqlı olmaq üçün papaq qoyur. Qoyur ki, ona kişi desinlər…
Amma saxtakarlıq tez üzə çıxır. Qəhrəmanlar savaş meydanında tanınır. Əgər torpaq basılıbsa, sən çəkilib evində mışıl-mışıl yatırsansa, bir gün düşmən sənin də başını tapdalayıb keçəcək, buna əmin olmalısan. Hər bir vətəndaş vətəninə, millətinə layiq övlad olmalıdır. Məhəmməd Nərimanoğluna görə hər kəs öz vicdanı qar-şısında vətənə hesabat verməlidi. Yeri gəldi-gəlmədi “vətən” deməklə vətən övladı olmaq çətindir. Vətən üçün ürəyin göynəyib sızlamırsa, didərginlərin ağır taleyi səni yan¬dırıb-yaxmırsa, “millət oğluyam”, deməyin də boğazdan yuxarı deyilən, “xala, xətrin qalmasın” kimi bir ifadədir. Şair belələrini ittiham edir. Özünü sınağa çəkir: mən Kəlbəcərdən ötrü kiməm deyir:

…Övlad ola bilmədimsə,
Yoxam Kəlbəcərdən ötrü…

Ağıllı deyim, müdrik bir kəlam! Sözün bədii təsvir gücündən istifadə etməyə çalışan şair dəyərli şeir nümunələri yaratmağa nail olmuşdur. Ənənəvi folklor qaynaqlarından məharətlə bəhrələnən Məhəmməd Nərimanoğlu xalq danışıq dilinin zərifliyini, şirinliyini, mükəmməlliyini qoşma və gəraylılarında ustalıqla təcəssüm etdirir. Qaçqınlıq-köçkünlük taleyi yaşayan şair bu həsrəti demək olar ki, bir çox şeirlərində xatırlayır, oxucuları gözüaçıq olmağa səsləyir, dost-düşməni tanımağı məsləhət görür. Bu xalqın bəxtinə, taleyinə acıyır, itirdiyi torpaqlar, yaşayış məskənlərinin ağrı-acısı onu bir saat da rahat buraxmır. Bəzən insanların zülmünü, haqsızlığını, zalımlığını top atəşinə tutan Məhəmməd, bəzən də zamanı qınayır, tənqid edir. “Bilmirəm” başlıqlı şeirində yazır:

…Elə dərd daşıyam doğulan gündən,
Olmuşam imandan, olmuşam dindən.
Zaman dəyirmandı, ömür-günüm dən,
Üyünə bilmirəm niyə, bilmirəm…

Məhəmmədin fikir-xəyalı vətənin səfalı təbiətindən, lacivard səmasından, ata-babasının at çapdığı yaşıl yaylaqlarından ayrılmır. Belə gözəl mənzərəli yurd da düşmənə təslim edilərmi? Biz ölüm-dirim mübarizəsinə qoşulub torpaqlarımızı erməni təcavüzündən qurtarmalıyıq. Məhəmməd bilir ki, ermənini bizim üstümüzə qışqırdan, onun arxasında dayanan super güclər var. Ona görə də erməni bu qədər qudurğanlıq edir. Qarabağ dərdi, Kəlbəcər həsrəti, Göyçə niskili M. Nərimanoğlunu rahat buraxmır. Şair gecə-gündüz yatmır, dincəlmir, necə deyərlər, sübhü dirigözlü açır. Öz dərd-sərini, çəkdiyi ağrı-acını “Gecələr” şeiri ilə aləmə car çəkir:

…Köç sürürük karvanqıran batana,
Daş atırıq bizə güllə atana.
Qənim olar Tanrım sübhə yatana,
Dərdləşirik, dərddaşımdı gecələr.

Kəlbəcərlə həmişə qucaq-qucağa olan, xeyri-şəri bərabər keçən, şirin dostluq, şirin qohumluq münasibətində bulunan Göyçə mahalının fəlakəti də M. Nərimanoğlunu Kəlbəcər qədər ağrıdır, göynədir. Dədə Qorqud yadigarı Göyçənin füsunkar təbiəti, qonaqsevər camaatı, sazlı-sözlü dünyası şairin könül dünyasını titrədir, ilham pərisini oyadır. Göyçəni həsrətlə yad edərək ürəyindən keçənləri kağıza köçürür:

Qış da orda, yaz da orda gözəldi,
Ömrümüzün hər fəsliydi Göyçəmiz.
Ulu kökü əzəldən də əzəldi,
Qorqud yurdu, türksoyluydu Göyçəmiz…

Sonra göyçəli günlərin bəxtəvərliyini dərin bir iztirab, təəssüf və gizilti ilə içindən keçirir:
…Ay Məhəmməd, nə bəxtəvər çağ idi,
Dar ayaqda təsəlliydi Göyçəmiz.

Yurd həsrəti ilə yanaşı, Məhəmməd Nərimanoğlu Güney Azərbaycandakı qardaşlarımızı da unutmur, Təbriz məlalı, Şəhriyar dünyası onun dilinin əzbəri, başlıca mövzusudur. Məhəmmədin mövzu dairəsi geniş və əhatəlidir. O, ailəcanlı bir türk oğludur. Oğlu Sənan Vətənin zabit əsgəridir, onun mərdliyi, qoçaqlığı, vətənə sevgisi şairi sevindirir, məmnun edir. Hər bir Azərbaycan əsgəri yurdun keşiyində ayıq-sayıq olmalı, dost-düşməni tanımalı, yeri gəlsə, canını verməkdən belə çəkinməməlidir…
M. Nərimanoğluna görə, tapdaqda qalan, inləyən torpaqlarımız Sənan kimi əsgər oğulların cəsarəti, mərdliyi sayəsində geri qaytarılacaqdır. Kitab boyu ata-anasını anan, həsrətlə yad edən şair “Anamın” başlıqlı şeirində yazır:
Həsrətindən, hicranından toxunub,
Xalçası-kilimi sözdü anamın.
“Kərəmi” üstündə ağı oxuyub,
Kəlməsi alovdu, közdü anamın…

El-obası qaçqın-köçkün olan ananın göz yaşları, həsrəti, dərdi, qəmi toxuduğu xalçaların, kilimlərin naxışına, ilməsinə və misralarına hopmuşdur. Bu mənada şair sözün bədii təsir gücündən ustalıqla istifadə edərək xalqımızın çəkdiyi məşəqqətləri ana obrazında məharətlə canlandırmışdır. Azərbaycan qadınları, türk anaları namərd düşmənin başımıza yüz illər boyunca gətirdiyi müsibətləri çox görüb, çox şahidi olublar. Şairin gözü önündə baş verən bütün hadisələr onun ilham süzgəcindən keçərək poetik bir görüntü yaradır. Obrazlı deyimlər şirin xalq danışıq dilində daha səlist və yapışıqlı olur. Məhəmməd şeirini anasından öyrəndiyi dildə araya gətirməyi bacarır. Əllaməçilik, şeir yazmaq xatirinə əlinə qələm almaq kimi süniliyi qəbul etməyən şair saxta şöhrətdən uzaqdır. Dediyi hər kəlmə, hər bənd, hər şeir Kəlbəcər bulaqlarından su içir, o bulaqların suyu kimi şəffaf, saf və tər-təmizdir. Şeirin şeiriyyəti də onun təbiiliyində, anlaşıqlı olmasında və ideya bədii dəyərinin yüksək çalarlar üstündə qurulmasındadı. Bunlar da M. Nərimanoğlu yaradıcılığına güzgü tutan başlıca məziyyətlərdir. M. Nərimanoğlu həyatda cərəyan edən hadisələrə biganə qala bilmir. O, əliəyriləri, xalq malını yeyib quduranları, rüşvətxorları, yolsuzluğa tutulan haramxorları satirik bir dillə ifşa edir. Hər kəsi halal qazanc dalınca getməyə səsləyir. Məhəmmədin bu səpkidə qələmə aldığı şeirlər içərisində nazir oğluna yazdığı “Qadası” şeiri olduqca dəyərli və diqqəti çəkəndir:
Aldıq məktubunu, ay nazir oğlu,
Sən köhnə havanı çalma, qadası.
Nəyinə lazımdı acın balası,
Kasıbı yadına salma qadası.

Pul da sizinkidi, var da sizinki,
Bağlar da sizindi, bar da sizinki.
Kafe, restoranda, barda sizinki,
Kef elə, kefindən qalma, qadası…
Cəmiyyətdəki eybəcərliklər, simasızlıqlar bu şeirdə sanki bir kino lenti kimi gözümüzün önündən keçir. Haram yolla pul qazananlar, dağ da, düz də, göl də, çay da, var-dövlət də hamısı sizindir. Siz yeyin-için… kasıb necə olur-olsun! Acları yadınıza salmayın, çünki sizin əldə etdiyiniz bu imkanlar kasıbların ağzından çıxardığınız tikələr hesabınadı…
Kitabı bütünlüklə təhlil etmək məqsədim olmadığı üçün ön sözə olan qeydlərimi başa çatdırmaq istəyirəm. Məhəmməd bu kitabına heç də təsadüfi “Qala dərdim” verməyib. Elə bu sərlövhəli gəraylısı da var:

Qalaq-qalaq qaldırmışam,
Qalaqlanıb qala dərdim.
Böyüyübdü, qocalıbdı,
Mənim kimi bala dərdim.

Məzmununa görə forma seçmək qabiliyyəti yüksək olan Məhəmməd Nərimanoğlu xalqın bədii təfəkkürünü var gücü ilə poeziyasında nümayiş etdirmişdir. Əlbəttə, kiçik bir məqalədə “Qala dərdim” kitabında toplanmış şeirlərin hamısının təhlilini vermək, bu gözəl şeir nümunələri ilə bağlı mükəmməl fikir söyləmək heç də asan iş deyil. Bu yolda Məhəmmədə uğurlar arzulayır və deyirəm: qardaşım, publisistlik də, jurnalistlik də bədii yaradıcılığın aparıcı janrlarıdı. Sən heç də publisistlikdən və jurnalistlikdən poeziyaya özxoşuna keçməmisən. Səni bu sahəyə gətirən içində at səyirdən poetik duyğuların, güclü təbii ilhamındır. Eşq olsun bu duyğuları, bu coşqun ilhamı özündə yaşadan Məhəmməd Nərimanoğlu ürəyinə!